Название: Təyyarə kölgəsi
Автор: Алибала Гаджизаде
Издательство: JekaPrint
isbn: 978-9952-8032-2-8
isbn:
– Nadirə sənin bacındı?
Sədəf başıyla “hə” dedi.
– Belə de…
Sədəf izah etməyə başladı:
– Alimdi. Yazığın başını qaşımağa da vaxtı olmur. Işi-peşəsi elə kitab oxumaqdı, yazmaqdı. Mən də boş-bekar adamam…
– Belə de. Deməli ər də alimdi, arvad da!.. Yaxşı, ayda neçə min alırlar?
Sədəf narazı halda dedi:
– Mənciyəz bilmərəm, bacı, nəyimə lazımdı?
– Çox alarlar. Çox alarlar… Məvacibləri az olsaydı, maşın ala bilməzdilər.
Bu ara yaxşı ki içəridə telefon səsləndi, Sədəf tələsik evə girdi; bağdan qayıdan Nadirə ilə telefonda danışandan sonra daha qapıya çıxmadı: “Zəhləm getmişin üzünü görməsəm yaxşıdı”.
DÖRDÜNCÜ FƏSİL
Sədəf Musabəyov qəsəbəsində, hündür, yaraşıqlı evlərlə qabaq-qənşərdə, tramvay yolunun o tərəfındə ağ daşdan tikilmiş təkotaqlı Mənzildə yaşayırdı, oğlu Rəhimlə birgə… İki pəncərəli bu otağın qabağında balaca həyətyanı sahə vardı. Ləklərdə göy-göyərti əkilmişdi. Qapıya yaxın yerdə, kərpic hasarın dibində basdırılmış söyüd ağacı böyüyüb qol-budaq atmış, yayın tüğyanında bu kiçik ailənin yeganə kölgəliyi olmuşdu.
Sədəf həyət-bacaya göz gəzdirdi. Üst-üstə yığılmış köhnə çarpayı başını, əyri təkəri və başqa bir iki para gərəksiz şeyləri görəndə təəccüb elədi:
– Bu nə həngamədi, ay başına dönüm? – Sədəf öz-özündən xəbər aldı.
O, fikirli-fikirli qapını itələyib açdı. Gün dal pəncərədən içəri düşür, döşəmə üzərində ensiz zolaq kimı’ uzanırdı. Rəhim sağ tərəfdəki taxta çarpayıda şirin-şirin yatmışdı. Qalın dodaqları azca aralı idi. Əlinin birini başının altına qoymuşdu.
– Gədə elə pallı-paltarlı yatıb. Bilmirəm belə canına necə sinir? – deyə Sədəf söylənəndə Rəhim gözlərini açıb anasına baxdı, yuxulu-yuxulu gülümsündü:
– Gəlmisən?
– Bəs paltarlı niyə yatmısan, ay bala?
– Yorulmuşam, – deyə Rəhim dikəlib oturdu. – Uzanmışam, huş aparıb.
– O dəmirçixana nədi, açmısan orda? Yoxsa dəmirçilik etmək istəyirsən?
– Yox, ay ana. Müəllimlər tapşırıblar, köhnə dəmir-dümür yığıb məktəbə təhvil verəcəyik.
– Neynir axı məktəb köhnə dəmir-dümürü?
– Verirlər zavoda. Tramvay, trolleybus qayırırlar. O gün birini gətirmişdilər. Elə yaraşıqlı idi ki! Üstündə də yazmışdılar ki, məktəb şagirdlərinin yığdıqları metal qırıntılarından qayrılıb.
Rəhim boynunu uzadıb pəncərədən yığdığı dəmirlərə baxdı, sevinə-sevinə dedi:
– Görək bizim uşaqlardan kim çox yığacaq?
– Çox yığana nə verəcəklər?
– Əlbəttə, mükafat!..
Rəhim geri dönəndə ana qorxulu bir şey görürmüş kimi, içini çəkib irəli yeridi, oğlunun pencəyinin qolundan tutub diqqətlə fikir verdi:
– Pencəyinin burasına nə olub, ədə?
Rəhim günahkar adam kimi başını aşağı saldı, yumşaq səslə dedi:
– Bu? Dəmirə ilişib cırılıb, heç xəbərim olmayıb.
Sədəf Nadirəgildən qanıqara gəlmişdi. Bayaqdan oğlu ilə danışırdısa da, Nadirəgilin qonşusundan eşitdiyi “Qulluqçusan” sözü fıkrindən çıxmır, onun ürəyini məngənə kimi sıxırdı. Indi də pencəyin cırılması… Bu, Rəhimin yeganə abırlı pencəyi idi. Altı ay bundan irəli babasının Gəncədən göndərdiyi pula almışdı. Elə bil, Rəhimin pencəyi cırılmamışdı, ananın ürəyi parçalanmışdı.
– Bu da sənin dəmirinin xeyri. Ehtiyatlı ola bilmirdin? Indi mən neyləyəcəyəm? – Müəllimlərin qarasıycan alıb-verməyə başladı: – Təzə çıxıb, məktəb uşağı hara, dəmir-dümür yığmaq hara? – Üzünü oğluna tutdu. – Indi onların sənə verdiyi mükafata pencək ala biləcəksən? Ay aldın ha!.. Dəftərdən-zaddan verəcəklər başınızı qatacaqlar.
Rəhim nə ağ dindi, nə qara. Oğlunun cavab vermədiyini görən ana səsini qaldırdığına, uşağı danladığına o dəqiqə peşman oldu: “İşdi düşüb olub…”
Rəhim daha uşaq deyildi, bu il doqquzuncunu bitirirdi. Böyüdükcə, ətə-qana dolduqca atasına daha çox oxşayırdı. O, qapını açıb evə girəndə Sədəf bəzən diksinirdi, elə bil, rəhmətlik Cahangir gəlirdi. Cahangir evdar, ailəcanlı adam idi. Külfətini yaxşı dolandırmaq üçün gecə-gündüz namusla, vicdanla çalışar, öhdəsinə düşən işi layiqincə yerinə yetirərdi. İdarəyə gəlib, müəyyən səbəblər üzündən ürəyincə işləyə bilməsəydi, maaş alanda elə bilərdi ki, halal zəhməthaqqına haram qatılıb. Elə bilərdi ki, kimsə deyir: “Axı, Cahangir, sən o qədər işləməmisən, o pulu niyə alırsan?..”
Cahangir sağ olsaydı bu ailənin nə dərdi vardı! Cahangir sağ olsaydı, pencəyin dəmirə ilişib cırılmasından sarı Sədəf əziz oğlunu heç belə danlayardımı?!
Cahangir dörd il bundan qabaq vəfat eləmişdi. Ölümündən azca qabaq baş vermiş, ölümündən azca sonra məlum olmuş kiçik bir əhvalat Cahangiri təkcə Sədəfin deyil, bütün qohum-əqrəbanın, qonum-qonşunun, dost-tanışın nəzərində daha da ucaltmışdı: kimi buna heyrət eləmiş, kimi də mərhumun qəribə adam olduğunu deyib əlini yellətmişdi. Halbuki o, həyatında qəribə adam olmamışdı.
Cahangir balaca bir qulluq sahibi idi. Əlyazmaları fondunun geniş, işıqlı zalının küncündə çəpəki qoyulmuş stolun arxasında oturmuş arıq uzun bir kişinin illərin, əsirlərin saraltdığı, güclə oxunan qədim əlyazmalarını nəzərdən keçirdiyini çoxları görmüşdü. Fonda nə vaxt gəlsəydin, onu orada öz yerində tapardın, elə bil kişi stula yapışmışdı.
Mizin üstündə kitablardan, lüğətlərdən əlavə, həmişə zərif bir zərrəbin və bir armudu stəkan da olardı. Günorta işçilər yeməyə, СКАЧАТЬ