Dahi. Теодор Драйзер
Чтение книги онлайн.

Читать онлайн книгу Dahi - Теодор Драйзер страница 14

Название: Dahi

Автор: Теодор Драйзер

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8245-8-1

isbn:

СКАЧАТЬ olduğu ayın axırında Yucin, nəhayət, camaşırxanada arabaçılığa düzəldi. Həftədə on dollar maaşı olan bu iş ona çox yaxşı gəlirdi. O özünü o qədər yorulmuş hiss etmədiyi zamanlar karandaşı götürüb eskizlər çəkir, lakin bu eskizlərin hamısı ona fərsiz görünürdü. Buna görə də o, camaşırxanada işləməyə davam edir və paltar daşıyırdı, halbuki hər hansı bir redaksiyada iş axtarmalı, yaxud rəssamlıq sənətini öyrənməli idi.

      Bu qış Mirtl ona yazdı ki, Stella Eplton atası ilə Kanzasa köçüb getmişdir, ana özünü pis hiss edir və xahiş edir ki, heç olmasa bir həftəliyə evə gəlsin. Bundan bir az qabaq Yucin həmin camaşırxanada işləyən Marqaret Daff adlı şotlandiyalı bir qızla tanış olmuşdu; o bu qızla tez yaxınlaşmış və bu münasibət onun qadınlara münasibətinin başlanğıcını qoymuşdu. Buna qədər o, qadının nə olduğunu bilmirdi və buna görə indi onun təbiətində, sabit olmasa da, hər halda dağıdıcı və pozucu olan yeni cəhətlər əmələ gətirmişdi. İndi o özünü belə hissiyata daha artıq qızğınlıqla həsr edirdi. O qadınları sevirdi, onların bədənlərinin gözəl cizgilərini, xarici füsunkarlığını sevirdi, sonralar isə mənəvi gözəlliklərini də sevəcəkdi (o indi də onu sevirdi, ancaq dumanlı, şüursuz sevirdi). Lakin onun qadın idealı hələ ona aydın deyildi. Marqaret Daff ürəyiyumşaq, bir qədər zərif və yapışıqlı qadın idi, vəssalam. Lakin özünə əlverişli zəmin tapdığından Yucinin ehtirası sürətlə artmağa başladı. Bir neçə həftə içərisində qız tamamilə ona hakim kəsildi. O, qızı görmədən bir gün belə yaşaya bilmirdi. Qız isə onun tələblərinə məmnuniyyətlə cavab verirdi ki, onların əlaqəsi bir o qədər də gözə çarpmasın. Marqaret bir az ata-anasından qorxurdu, lakin onlar işçi adamlardı, erkən yatağa girir və bərk yatırdılar. Görünür, onlar qızlarının gənclərlə görüşməsi əleyhinə deyildilər və Yucin onun birinci tanışı deyildi.

      Üç ay müddətində onların ehtirasının həddi-hüdudu olmadı. Yucin acgözlük, doymazlıq göstərdi, qız isə, ondan soyuq olsa da, öz sevgilisinin xatirinə dəyməmək üçün hər şeyə hazır idi. Onun coşğunluğu, qızın onda alışdırdığı qüvvətli ehtiras ona ləzzət verirdi, lakin qız tezliklə yorğunluq hiss etdi. Sonra təbiətlərin müxtəlifliyi, zövqlərin, görüşlərin, arzuların ziddiyəti özünü göstərməyə başladı. Əslində Yucin üçün Marqaretlə danışmağa bir mövzu yox idi. O bu qızda özünün daha incə olan duyğularına əks-səda tapa bilmirdi. Marqaret özünü məşğul edən şeylər – estradadan eşitdiyi zarafatlara, tanış gənc oğlan və qızların gülməli atmacalarına Yucin bir maraq görmürdü. Marqaret geyinməyi bacarırdı, lakin incəsənətə, ədəbiyyata, ictimai məsələlərə aid olan hər şeydən xəbərsiz idi. Halbuki Yucin, gəncliyinə baxmayaraq, dünyada olub keçən bütün məsələlər haqqında hərarətlə öz rəyini deyirdi. Böyük adamların – Karleylin, Emersonun, Uiltmenin adları və onların böyük şöhrətinin əks-sədası ona yaxın idi. O, qərb dünyasının səmasında ildırım sürətiylə ötüb keçən dahi filosoflar, rəssamlar, bəstəkarlar haqqında oxuyur və düşünürdü. Onu böyük bir iş üçün yaranmış olduğu haqqında qabaqcadan duyulan tutqun bir hiss həyəcanlandırırdı və o öz gənclik entuziazmı ilə inanırdı ki, bu iş tezliklə olacaqdır. O bilirdi ki,onun yaxınlıq etdiyi qız uzun müddət onu bənd edə bilməz. O, Yucini cəzb etmişdi, lakin cəzb olunduğu halda da Yucin ağa, münəqqid və hakim olaraq qalmışdı. Onda dəfələrlə belə bir fikir oyanırdı ki, Marqaret ona lazım deyil, ondan yaxşısını da tapa bilər.

      Təbiidir ki, ehtirasdan doymaq belə fikirləri doğurmalı olduğu kimi, belə fikirlər də ehtirası öldürməli idi. Marqaret tədricən Yucindən soyuyurdu. Onun təkəbbürü, bəzən lovğa ahəngi Marqa reti acıqlandırdı. Onlar boş bir şey üstə savaşırdılar. Bir dəfə axşam Yucin adəti lovğalığı ilə dedi ki, Marqaret filan və filan şeyi etməlidir. Marqaret:

      – Rica edirəm, əmr verməyi burax, – dedi. – Sən həmişə mənimlə elə danışırsan ki, guya mən sənin xüsusi malınam!

      Yucin zarafatyana:

      – Elədir ki, var, – dedi.

      – Sən elə düşünürsən! – deyə qız alışdı. – Başqa həvəskarlar da tapılar.

      – Nə vaxt kefin istəsə, onların yanına gedə bilərsən. Mən razıyam.

      Yucin tərəfindən bu, qızı acıqlandırmaq üçün ancaq mənasız bir arzu olsa da, o, qızı incitmək istəmirdi, amma bu sözlər qızın qəlbinə toxundu.

      – Elə isə mənim kefim bu saat istəyir! İstəmirsənsə, mənim yanıma gəlməyinin mənası yoxdur. Mən sənsiz də keçinə bilərəm.

      O, meydan oxuyurmuş kimi başını dik tutdu.

      Yucin onu necə acıqlandırdığını anlayaraq:

      – Sakitləş, Marqaret, – dedi. – Sən heç də belə düşünmürsən.

      – Düşünürəm! Baxarıq!

      Marqaret ondan kənara çəkildi. Yucin onun arxasınca getdi, lakin qızın qəzəbi onda yenidən əsəbilik oyatdı.

      O qətiyyətsiz halda duraraq:

      – Bir də ki, kefinə bax, – dedi. – Yaxşısı budur, mən gedim.

      Marqaret heç bir cavab vermədi, heç bir təmənnada olmadı, heç bir şey təklif etmədi. Yucin palto və şlyapasını götürmək üçün getdi.

      O qayıdaraq:

      – Vidalaşarkən məni öpmək istəmirsən? – deyə soruşdu.

      – Yox, – deyə qız soyuq cavab verdi.

      O:

      – Gecən xeyrə qalsın, – dedi.

      – Xeyrə qarşı, – deyə qız laqeyd cavab verdi.

      Onların münasibətləri hələ bir müddət davam etdi, lakin yenə də tamamilə barışmadılar.

      BEŞİNCİ FƏSİL

      Bu qızla əlaqəsi Yucində qadınlara qarşı demək olar ki, qarşısıalınmaz bir maraq oyatdı. Əksər kişilər özlərinin sevgi müvəffəqiyyətləriylə gizlincə fəxr edirlər və onların qadını maraqlandırmaq və saxlamaq bacarığını sübut edən hər şey onlarda özlərinə inam və cəsarət doğurur. Bəzi, müvəffəqiyyətlə korlanmamış kişilərdə bu cəsarət olmur.

      Bu, Yucin üçün bu qəbildən olan ilk qələbə idi və ona böyük ləzzət verirdi. O özündə daha çox inam hiss edir və qətiyyən utancaqlıq duymurdu. O düşünürdü ki, Aleksandriyadakı uşaq-muşaq Yucinin burda keçirdiyi həyat haqqında nə bilir? O, Yucin, Çikaqoda yaşayır. Bu tamamilə başqa aləmdir. O artıq kişidir, müstəqil adam olmuşdur, başqaları üçün maraqlı olan fərdiyyətə çevrilmişdir. Marqaret Daff Yucinə onun haqqında çox təriflər deyirdi. Marqaret onun zahiri görünüşündən, ədalarından, zövqündən heyrətə gəlirdi. Yucin qadına malik olmağın nə demək olduğunu СКАЧАТЬ