Bu ağır məğlubiyyət Kerrinin əhvalını pozdu. Ayaqları onu ixtiyarsız qabağa aparır, lakin atdığı hər addımla o sanki könüllü olaraq geri çəkilirdi. Kvartal kvartalın ardınca geridə qalırdı. O, yol ayrıclarındakı fənərlərin üstündə küçələrin adlarını oxuyurdu: Medison, Monro, La-Sal, Klark, Dirborn, Steyt. Kerri hey irəliləyirdi, onun ayaqları səkinin iri tava daşları üstündə gəzməkdən yorulmağa başlamışdı. Bununla belə küçələrin belə işıqlı və təmiz olması onun xoşuna gəlirdi. Səhər günəşi parlaq işıq saçır və bir az da yandırırdı, lakin küçələrin kölgə tərəfində xoş bir sərinlik vardı. Qız başı üzərindəki mavi səmaya baxdı və onun gözəlliyini nədənsə yeni bir tərzdə, xüsusi olaraq dərindən dərk etdi.
Kerri öz cəsarətsizliyindən ümidsizləşməyə başladı. O geri dönərək yenidən “Storm və Kinq” firmasını tapmaq və oraya girmək qərarına gəldi. Yolda böyük toplu ayaqqabı satışı firmasına rast gəldi. Kerri böyük aynalı pəncərədən müdirin kabinetini gördü: kənar adamların görməməsi üçün kabinetin şüşələri ağ rənglə boyanmışdı. Arakəsmənin o tərəfində, küçə qapısının lap yaxınlığında çalbaş bir centlmen oturmuşdu, onun qabağında açıq, qalın bir kitab var idi. Kerri qətiyyətsizliklə bir neçə dəfə qapının yanından keçdi, nəhayət heç kəsin ona baxmadığını yəqin etdikdən sonra qapıdan içəri sivişdi və utana-utana stolun qabağında durdu.
– Nə buyurursunuz, xanım qız? – deyə qoca centlmen soruşdu və mehribanlıqla qıza baxdı:
– Mən… yəni siz… demək istəyirəm ki, sizdə iş olmazmı? – deyə Kerri dili tutula-tutula soruşdu.
– Bu saat yox, – deyə centlmen təbəssümlə cavab verdi. – Bu saat yox! Gələn həftə gəlin. Bəzən bizə adam lazım olur.
Kerri cavabı sakitcə dinlədi və karıxmış halda dalın-dalın çəkilərək çıxdı. Bu cür nəzakətlə qəbul edilməsi bir qədər onu təəccübləndirdi. O, elə hesab edirdi ki, daha pis olacaq, kobud və soyuq sözlər eşidəcək, – kim bilir daha nələr ola bilərdi? Təhqir edilməməsi, öz rəzil vəziyyətinin hiss etdirilməməsi ona qəribə görünürdü.
Kerri bir qədər ruhlanaraq başqa bir iri binaya girməyə cürət etdi. Burada hazır paltar firması yerləşirdi. Görünür, bu firmada adam daha çox idi. Yaxşı geyinmiş qırx və daha çox yaşı olan kişilər bürünc arakəsmələrin arxasında dayanıb, nə barədə isə söhbət edirdilər.
Kerri içəri girən kimi bir oğlan ona yanaşıb soruşdu:
– Sizə kim lazımdır?
– Mən müdiri görmək istəyirəm, – deyə Kerri cavab verdi.
Oğlan qaçıb Kerrinin sözlərini ondan bir qədər aralıda durub söhbət edən üç centlmenin birinə dedi. Həmin adam qıza tərəf yönəlib:
– Nə istəyirsiniz? – deyə soyuq bir tərzdə soruşdu.
Onun səsinin ahəngi o saat Kerrinin bütün qətiyyətini qırdı.
– Sizə işçi lazım deyil ki? – deyə Kerri mızıldandı.
– Yox! – deyə müdir qəti cavab verdi və dabanları üstə dönüb getdi.
Özünü tamamilə itirmiş Kerri oğlanın onun çıxması üçün nəzakətlə açdığı qapıya tərəf yönəldi. O, tezliklə küçədəki izdihama qarışmaq istəyirdi. Onun bir az əvvəlki yüksək əhval-ruhiyyəsinə ağır zərbə endirilmişdi.
O bir müddət zəngin ticarət kontorlarının yanından gah o tərəfə, gah da bu tərəfə keçərək boş-boşuna veylləndi, lakin təklifini təkrar etməyə cəsarəti çatmadı.
Günorta oldu, Kerri acmışdı. O, ucuz bir restoran tapıb içəri girdi, lakin qorxu hissi ilə anladı ki, qiymətlər onun cibinə görə deyildir. Onun ancaq bir boşqab şorba almağa imkanı var idi. Kerri şorbanı tez yeyib küçəyə çıxdı. Hər halda bu şorba onu bir qədər doyuzdurdu və ona iş axtarmağa davam etdirmək üçün qüvvət verdi.
Hara gedəcəyini bilmədən, bir neçə kvartal getdikdən sonra Kerri yenidən “Storm və Kinq” firmasının qarşısında durdu və bu dəfə özünü içəri girməyə məcbur etdi. Bir neçə centlmen ondan iki-üç addım kənarda durub nə barədə isə danışırdı. Lakin onlardan heç biri Kerriyə fikir vermədi. O, əsəbi halda gözlərini döşəməyə dikərək dayandı. O gəldiyinə tamam peşman olmuşdu ki, arakəsmənin o tərəfindəki saysız-hesabsız stollardan birinin arxasında oturmuş xidmətçi səsləndi:
– Kimi istəyirsiniz?
– Kim olur-olsun, mənim üçün fərqi yoxdur, – deyə Kerri cavab verdi, – mən iş axtarıram.
– Onda siz mister Mak-Manusu görməlisiniz, – deyə xidmətçi cavab verdi, sonra: – Buyurun əyləşin, – deyə əlavə etdi və divarın yanındakı stulu göstərdi.
O yenidən yavaş-yavaş yazmağa başladı. Küçədən qısa boylu, yoğun bir adam içəri girdi.
– Mister Mak-Manus! – deyə xidmətçi onu səslədi. – Bu gənc xanım sizi görmək istəyir.
Qısa boylu centlmen qıza tərəf döndü. Kerri ayağa qalxaraq ona yaxınlaşdı. O açıq hiss olunan maraqla qızı nəzərdən keçirtdi və soruşdu:
– Mənə aid qulluğunuz, miss?
– Sizdə bir iş tapılmazmı?
– Nə cür iş?
– Nə cür olursa-olsun, – deyə Kerri dili dolaşa-dolaşa cavab verdi.
– Toplu parça satmaq işində az-çox təcrübəniz varmı?
– Yox, ser!
– Elə isə bizdə sizin üçün heç bir iş yoxdur… Biz ancaq ixtisaslı adamları işə götürürük.
Kerri qapıya tərəf çəkilməyə başladı, lakin onun üzündəki zavallılıq ifadəsi mister Mak-Manusa təsir etdi. O:
– Siz ümumiyyətlə heç qulluq etmişsinizmi, – deyə soruşdu.
– Yox, ser!
– Onda siz bizimki kimi toplu satış firmalarında çox çətin iş tapa bilərsiniz. Siz universal mağazaya getməmişsiniz ki?
Kerri etiraf etdi ki, bunu etməmişdir.
O, mehribancasına, qıza СКАЧАТЬ