Cenni Herhardt. Теодор Драйзер
Чтение книги онлайн.

Читать онлайн книгу Cenni Herhardt - Теодор Драйзер страница 7

Название: Cenni Herhardt

Автор: Теодор Драйзер

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8245-4-4

isbn:

СКАЧАТЬ üçün az-az çörək və ət almağa başladı.

      Anasının senatora münasibəti Cenniyə də keçdi. Hədsiz minnətdar olan Cenni onunla daha sadə, daha sərbəst danışmağa başladı. Onların arasında o qədər yaxşı münasibət əmələ gəldi ki, senator tualet stolunun üstündəki balaca şəkil çərçivəsinin Cenninin xoşuna gəldiyini görüb onu qıza bağışladı. Cenni hər dəfə onun yanına gəldikdə, o bir bəhanə ilə qızı saxlayırdı. Çox keçmədən senator başa düşdü ki, duyduğu ehtiyac bu gənc, mehriban qızı qəlbinin dərinliyinə qədər təhqir edir, o öz yoxsulluğundan utanır. Bu həqiqətən onu həyəcanlandırırdı, qızın miskin paltarına və köhnəlmiş ayaqqabılarına baxdıqca öz-özünə belə bir sual verirdi: necə edim ki, qəlbinə toxunmadan ona yardım əli uzadım?

      O dəfələrlə fikirləşmişdi ki, axşam bir bəhanə ilə onun arxasınca getsin və ailələrinin nə cür şəraitdə yaşadığını özü görsün. Ancaq necə olsa, o, Birləşmiş Ştatların senat üzvüdür, bu adamlar isə yəqin ki, şəhərin kənarında, miskin bir yerdə yaşayırlar, o bu fikri rədd etdi. Ehtiyat müvəqqəti olaraq üstün gəldi, düşünülmüş tədbir təxirə salındı.

      Dekabrın əvvəllərində senator Brender üç həftəliyə Vaşinqtona qayıtdı və günlərin birində missis Herhardt və Cenni onun getdiyini bilib təəccübləndilər. O, paltar yudurtmaq üçün həftədə iki dollardan az vermirdi, bəzən beş dollar verirdi. Bəlkə də o öz səfəri ilə ailənin büdcəsinə nə qədər ziyan vurduğunu təsəvvür etmirdi. Lakin çarə yox idi. Onlar birtəhər dolanmalı idilər. İndi Herhardt özünü yaxşı hiss edirdi. İş tapmaq üçün boş-boşuna fabriklərin çoxunu dolaşdıqdan sonra, çatma və mişar tapdı, qapı-qapı gəzərək odun doğramağı təklif etməyə başladı. İş az idi, ancaq, o, hər halda qüvvəsini əsirgəmədən işləyir və həftədə iki, bəzən də üç dollar qazana bilirdi. Bu pullar, arvadının qazancı və Sebastyanın verdiyi pulla bərabər çörəyə çatırdı – yalnız çörəyə.

      Milad bayramının şən vaxtı gəlib çatır və buna görə Herhardtlar üçün ehtiyac daha acı görünürdü. Almanlar Milad bayramını böyük təntənə ilə keçirməyi sevirlər. Bu günlərdə onların valideynlik hissinin bütün qüvvəsi əyani surətdə aşkara çıxır. Onlar uşaqlıq sevincini yüksək qiymətləndirir, balacaların əyləncələrdən və oyuncaqlardan doyunca həzz almalarına can atırlar. Bayramqabağı öz mişarı ilə işlərkən Herhardt bütün bunları az düşünməmişdi. Kaş balaca Veronikanı hədiyyələrlə sevindirə biləydi – axı qız uzun müddət xəstə olmuşdu. Kaş uşaqların hərəsinə bir cüt möhkəm ayaqqabı, oğlanlara isti papaq, qızlara bəzəkli kapor bağışlaya biləydi! Keçən illərin bayram günlərində onlar həmişə oyuncaq və şirniyyat alırdılar. O, qarlı bayram səhərinin gələcəyini və stolun üstündə uşaqların çox istədiyi şeylərin olmayacağını düşündükcə əzab çəkirdi.

      Missis Herhardta gəlincə, onun hisslərini təsəvvür etmək təsvir etməkdən daha asandır. O bütün bunları nə qədər ağrı ilə duyurdu ki, yaxınlaşan mənhus gün haqqında əri ilə danışmağa qadir deyildi. O, bir ton kömür almaq və bədbəxt Corcun canını hər gün kömür anbarlarına ziyarətdən qurtarmaq ümidilə üç dollar qənaət edib yığa bilmişdi – indi bu pulu bayram hədiyyələrinə xərcləməyi qət etdi. Herhardt ata da yavaş-yavaş iki dollar yığmışdı ki, bayram günü ən ağır dəqiqədə onları araya çıxartsın, arvadını heç olmasa bir az sakitləşdirsin və şadlandırsın.

      Lakin bayram ərəfəsi bu cüzi beş dollar çox zəif təsəlli oldu. Şəhərdə izdihamlı bayram şənliyi vardı. Ərzaq mağazaları yaşıl yarpaqlarla bəzənmişdi. Oyuncaq və qənnadı mağazaları öz gözəllikləri ilə adamın gözlərini qamaşdırırdı. Burada özünə hörmət edən Santa-Klausa nə lazım ola bilərsə, hamısı var idi. Valideynlər də, uşaqlar da vitrinlərə baxırdılar. Valideynlər öz acı ehtiyaclarını kədərlə dərk edir, uşaqlar isə bu şeylərə sahib olmaq arzularını çox çətinliklə boğaraq hədsiz heyrətlə baxırdılar.

      Herhardt dəfələrlə uşaqların yanında demişdi:

      – Şaxta baba bu il çox kasıbdır. O çoxlu hədiyyə gətirə bilməyəcəkdir.

      Lakin uşağı, hətta ən kasıbını belə, buna inandırmaq çətindir. Ata hər dəfə görürdü ki, onun əvvəlcədən xəbərdarlıq etməsinə baxmayaraq, uşaqların gözləri eyni şən intizarla, sevincli ümidlərlə yanır.

      Milad bayramı tək gününə düşürdü, bayram ərəfəsi, bazar ertəsi məktəblərdə məşğələ olmadı. Missis Herhardt otelə gedərkən Corca məsləhət gördü ki, mümkün qədər çox kömür yığsın ki, sabaha da çatsın. Corc iki kiçik bacısını da götürüb dərhal depoya getdi. Lakin kömür az idi, onlar səbətlərini tezliklə doldura bilmədilər, axşamçağı isə cüzi ehtiyat topladıqları məlum oldu.

      Bu axşam missis Herhardt oteldən qayıdarkən onun ilk sualı bu oldu:

      – Sən kömür üçün getmişdinmi?

      – Getmişdim, – deyə Corc cavab verdi.

      – Sabaha çatarmı?

      – Məncə, çatar.

      – Gedək baxım.

      Lampanı götürüb kömür yığılmış saraya getdilər.

      – Oh, ilahi! – deyə missis Herhardt qışqırdı. – Bu ki lap azdır! Bu saat get yenə gətir. Corc dodaqlarını büzərək sözləri uzada-uzada dedi:

      – İşə düşdük də! Mən getmişəm, qoy indi də Bass getsin.

      Bass işdən yeddiyə düz on beş dəqiqə işləmiş gəlmişdi, indi şəhərə getmək üçün yuyunub geyinirdi. Missis Herhardt:

      – Yox, – dedi, – Bass bütün günü işləyibdir. Sən özün getməlisən.

      – Mən getmək istəmirəm, – deyə Corc donquldandı.

      – Lap yaxşı, – deyə missis Herhardt dilləndi. – Sabah yandırmağa bir şey olmasa, nə qayıracağıq?

      Onlar evə qayıtdılar, lakin Corcun heysiyyətinə çox bərk toxunulmuşdu, o hələ məsələni bitmiş hesab etmirdi. O hələ kandardan böyük qardaşına qışqırdı:

      – Bass, sən də get!

      – Hara belə?

      – Kömür gətirməyə.

      – Elə bu qalmışdı, – deyə Bass cavab verdi. – Sən məni nə hesab edirsən? Corc başını inadla silkələyərək:

      – Onda mən də getməyəcəyəm, – dedi. Qardaşı sərt bir ifadə ilə soruşdu:

      – Sən niyə bu gün kömür yığmayıbsan? Bütün günü bekar idin. Corc:

      – Yığmışam, – dedi. – Kömür çox СКАЧАТЬ