Cenni Herhardt. Теодор Драйзер
Чтение книги онлайн.

Читать онлайн книгу Cenni Herhardt - Теодор Драйзер страница 4

Название: Cenni Herhardt

Автор: Теодор Драйзер

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8245-4-4

isbn:

СКАЧАТЬ otağındadır.

      Missis Herhardt iyirmi ikinci nömrənin qapısını ehtiyat və ehtiramla döydü. Cenni səsini çıxarmadan onun yanında durmuşdu.

      Bir dəqiqə sonra qapı açıldı, gur işıqlı otağın qapısı ağzında senator göründü. O, zərif smokinq geyinmişdi, ana ilə qızın ilk dəfə gördüklərindən cavan nəzərə çarpırdı.

      Senator dərhal onların hər ikisini tanıyaraq missis Herhardtdan soruşdu:

      – Mənə dair qulluğunuz, xanım?

      Özünü tamamilə itirmiş ana dərhal cavab verə bilmədi.

      – Biz soruşmaq istəyirdik ki… bəlkə siz paltar yudurtmaq istəyirsiniz? O, heyrət oyadan gur səslə:

      – Paltar yudurtmaq? – deyə soruşdu. – Paltar yudurtmaq? Buyurun içəri. Bu saat baxarıq. O, nəzakətlə kənara çəkilib onları içəri buraxdı və qapını bağladı.

      – İndi baxarıq, – deyə qoz ağacından iri şifanerkanın yeşiklərini bir-bir çəkərək təkrar etdi.

      Cenni maraqla otağı nəzərdən keçirirdi. O hələ heç bir zaman burada – buxarının və tualet stolunun üstündə olduğu qədər bəzək-düzək və gözəl şeylər görməmişdi. Yumşaq kreslo, onun yanında yaşıl abajurlu lampa, döşəmədə qalın, yumşaq xalça, ora-bura atılmış bir neçə kiçik xalça – hər şey çox bahalı və zəngin idi!

      Senator qonşu otağa keçərkən mehribanlıqla:

      – Buyurun əyləşin, burada əyləşin – deyə stulları göstərdi.

      Ürkək ehtirama qapılmış ana və qız ədəb xatirinə hələ də ayaq üstündə durmuşdular. Lakin senator axtarışı qurtardıqdan sonra onları bir daha əyləşməyə dəvət etdi. Onlar utana-utana və yöndəmsiz halda oturdular.

      – Bu sizin qızınızdır? – deyə senator Cenniyə baxıb gülümsəyərək missis Herhardtdan soruşdu.

      – Bəli, ser – deyə ana cavab verdi. – Bu mənim böyük qızımdır. Senator dalbadal sual verirdi:

      – Əriniz sağdır? Familiyanız nədir? Harada yaşayırsınız?

      Missis Herhardt bütün suallara itaətlə cavab verir, senator isə sorğu-sualı davam etdirirdi:

      – Neçə uşağınız var?

      – Altı.

      – Söz yox, böyük ailədir. Siz, şübhəsiz, ölkə qarşısında borcunuzu yerinə yetirmişsiniz.

      – Bəli, ser – deyə onun diqqətindən mütəəssir olmuş missis Herhardt cavab verdi.

      – Siz deyirsiniz ki, bu sizin böyük qızınızdır?

      – Bəli, ser!

      – Bəs əriniz nə ilə məşğul olur?

      – O, şüşəüfürəndir. Ancaq indi xəstədir.

      Onlar söhbət edir, Cenni isə dinləyirdi. Onun iri mavi gözləri heyrət və maraqla baxırdı. Hər dəfə senator ona baxdıqda elə sadəlövh, məsum baxışlarla, elə gözəl təbəssümlə qarşılaşırdı ki, gözlərini ondan çəkməyə çətinlik çəkirdi.

      O, rəğbət hissi ilə:

      – Bəli, bunlar hamısı çox ağırdır, – dedi. – Burada mənim bir az palarım yığılıb qalıb, siz onları, lütfən, yuyun. Gələn həftə, yəqin, yenə olacaqdır.

      O, paltarları üstünə naxış vurulmuş kiçik, göy kisənin içinə qoydu.

      – Nə vaxt gətirək? – deyə missis Herhardt soruşdu. O, dalğıncasına cavab verdi:

      – Fərqi yoxdur. Gələn həftənin hansı günündə istəsəniz, gətirə bilərsiniz. Ana təvazökarlıqla təşəkkür etdi və onlar çıxmağa hazırlaşdılar.

      – Gəlin belə edək. Bazar ertəsi gətirin, – deyə senator qabağa keçərək qapını açdı. Missis Herhardt:

      – Baş üstə, ser, – dedi, – sağ olun.

      Onlar getdilər, senator isə yenidən mütaliəyə başladı, lakin nədənsə qəribə bir fikir dalğınlığı ona hakim kəsildi.

      O, kitabı örtərək:

      – Kədərli haldır, – dedi. – Bu adamlarda nə isə çox mütəəssiredici bir şey vardır. Cenninin maraq və heyrət ifadə edən obrazı otaqda dolaşırdı.

      Missis Herhardt isə öz qızı ilə yenə qaranlıq küçələrlə evə qayıdırdı. Gözlənilməz müvəffəqiyyət onları dirçəltmişdi.

      – Onun otağı necə gözəldir! Düz demirəm? – deyə Cenni pıçıltı ilə soruşdu.

      – Bəli, – deyə ana cavab verdi. – O, çox yaxşı adamdır. Qız davam etdi:

      – O senatordur, eləmi?

      – Bəli.

      Qız yavaşcadan:

      – Adlı-sanlı olmaq, yəqin, yaxşı şeydir, – dedi.

      II FƏSİL

      Cenninin mənəvi aləmini necə təsvir edək? Senatorun paltarlarını yumaqda anasına kömək etməyə, onun çirkli paltarlarını gətirməyə və təmizini aparmağa ehtiyac üzündən məcbur olan bu zavallı qız qəribə yumşaq xasiyyətə malik idi. Bu xasiyyətin bütün gözəlliyini sözlə təsvir etmək mümkün deyildir. Elə nadir təbiətli insanlar olur ki, onlar dünyaya nə üçün gəldiklərini bilmir və axıradək heç bir şey anlamadan həyatdan köçüb gedirlər. Həyat onlara həmişə, son dəqiqələrinədək hədsiz gözəl, həqiqi sehrlər aləmi kimi görünür və əgər onlar bu həyatda yalnız bir şeyə valeh ola-ola gəzə bilsəydilər, həyat onlar üçün cənnətdən pis olmazdı. Onlar gözlərini açarkən ətraflarında ürəklərinə yatan kamil dünya: ağaclar, güllər, səslər və rənglər dənizi görünürdü. Bu onların ən qiymətli mirası, ən yaxşı sərvətidir. Əgər onları heç kəs: "Bu mənimdir" sözlərilə dayandırmasaydı, bu adamlar səadətdən qanadlanaraq, bir zaman bütün dünyanı eşidəcəyi mahnı ilə bu torpaq üzərində nəhayətsiz dolaşa bilərdilər. Bu mahnı xeyirxahlıq mahnısıdır.

      Lakin həqiqi aləmin qəfəsinə salınmış belə adamlar, demək olar ki, həmişə bu aləmə yad qalırlar.

      Bu təkəbbürlük və acgözlük dünyası idealistə, xəyalpərvərə çəp baxır. Xəyalpərvər süzüb keçən buludların seyrinə dalsa, onu avaraçılıqda məzəmmət edərlər. O, küləklərin mahnısına qulaq assa, bunlar onun könlünü açar, ətrafdakılar isə bu zaman onun əmlakını СКАЧАТЬ