Əlvida silah. Эрнест Миллер Хемингуэй
Чтение книги онлайн.

Читать онлайн книгу Əlvida silah - Эрнест Миллер Хемингуэй страница 4

Название: Əlvida silah

Автор: Эрнест Миллер Хемингуэй

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8252-0-6

isbn:

СКАЧАТЬ signor tenente7. Onun qabağını təpə saxlayır.

      – İşləriniz necədir?

      – Pis deyil. Bu maşın heç bir şeyə yaramır, qalanları isə saz-dır, – O, işini saxlayıb gülümsündü. – Siz məzuniyyətdə idiniz?

      – Bəli.

      O, əlini sviterinə sürtüb dodaqaltı güldü.

      – Vaxtınız yaxşı keçdi?

      Onun yoldaşları da gülümsəyirdilər,

      – Pis olmadı, – dedim. – Bu maşına nə olub?

      – Heç bir şeyə yaramır. Gah orası xarab olur, gah burası.

      – İndi nə olub?

      – Porşen halqalarını dəyişmək lazımdır.

      Motor açıldığından və hissələr ayaqyerinə yığıldığından maşın soyulmuş və korlanmış kimi görünürdü, mən onları maşının yanında qoydum, talvarın altına keçib bütün maşınları bir-bir nəzərdən keçirdim. Maşınlar nisbətən təmiz idi, bəziləri lap təzəcə yuyulmuşdu, o biriləri isə azca tozlu idi. Mən şinləri diqqətlə nəzərdən keçirib daşa dəyərək kəsilən və cızılan yerləri axtardım. Elə bil ki, hər şey öz qaydasında idi. Mənim burada olub-olmadığımdan və hər şeyə özümün nəzarət edib-etməməyimdən, görünür, heç bir şey dəyişməmişdi. Mən elə təsəvvür edirdim ki, maşınların vəziyyəti, bu və ya digər hissələrin gətirilməsi imkanı, xəstə və yaralıların dağlardakı sarğı məntəqələrindən fasiləsiz daşınması, onların bölgü məntəqələrinə gətirilməsi, sonra da sənədlərdə göstərildiyi kimi, hospitallarda yerləşdirilməsi xeyli dərəcədə məndən asılıdır. Amma görünür, mənim burada olub-olmamağımın əhəmiyyəti yox imiş.

      – Hissələr tapmaqda bir çətinliyiniz olub? – Mən baş mexanikdən soruşdum.

      – Xeyr.

      – Yanacaq anbarı indi hardadır?

      – Elə həmin yerdə.

      – Çox gözəl, – dedim, evə qayıdıb zabitlərin yeməkxanasında bir fincan da qəhvə içdim. Qəhvə açıq-boz rəngdə idi, qatılaşmış süd töküldüyündən şirindi. Gözəl bir yaz səhəri idi. Adamın burnunda quruluq hiss olunurdu, bu da günün isti keçəcəyini bildirirdi. Həmin gün mən dağlardakı postları gəzdim və şəhərə axşama yaxın qayıtdım.

      – Görünür, mənim burada olmadığım müddətdə işlər düzəlmişdi. Eşitdim ki, tezliklə hücumun başlanacağı gözlənilir. Bizim xidmət göstərdiyimiz diviziya çayın yuxarılarında hücuma keçməli idi və mayor mənə dedi ki, hücum zamanı postlara diqqət yetirim. Hücum edən hissələr dərədən yuxarıda çayı keçməli və dağın yamacı boyu səpələnməli idilər. Maşınlar üçün postları mümkün olduqca çaya yaxın yerdə seçmək və onları daldala saxlamaq lazım idi. Maşınlar üçün yeri, əlbəttə, piyada qoşun təyin etməliydi, amma elə bilirdilər ki, planı biz işləyib hazırlayırıq. Bu, sizdə hərbi fəaliyyət illüziyası yaradan amillərdən biri idi.

      Mən bütün toz və çirk içində idim və yuyunmaq üçün öz otağıma keçdim. Rinaldi əlində Hüqonun ingilis qrammatikası kitabını tutaraq çarpayıda oturmuşdu. O, tam formada idi, ayaqlarına qara başmaq geymişdi, saçları parıldayırdı.

      O məni görərkən:

      – Çox gözəl, – dedi. – Mənimlə miss Barkliyə qonaq gedə-cəyik.

      – Yox.

      – Hə. Siz gedəcəksiz, çünki mən sizdən xahiş edirəm, özü də elə edin ki, onun xoşuna gələsiz.

      – Hə, yaxşı. Amma qoyun özümü bir qaydaya salım.

      – Yuyunun və elə bu cür də gedin.

      Mən yuyundum, saçlarımı daradım, biz getməyə hazırlaşdıq.

      Rinaldi:

      – Dayanın, – dedi, – içsək, pis olmaz. – O öz sandıqçasını açıb butulkanı çıxartdı.

      – Ancaq streqa olmasın, – dedim.

      – Yox. Qrappadır.

      – Yaxşı.

      O, iki stəkan tökdü, biz şəhadət barmağımızı ayıraraq, stəkanlarımızı bir-birinə vurduq. Qrappa çox tünd idi.

      – Adama birini də?

      – Yaxşı, – dedim. Biz qrappadan ikinci stəkanı da içdik. Rinaldi butulkanı götürdü və biz aşağı düşdük. Şəhərdə gedərkən isti idi, ancaq gün əyildiyindən hava adama xoş gəlirdi. İngilis hospitalı hansı bir almanınsa müharibədən əvvəl tikdirdiyi böyük villada yerləşirdi. Miss Barkli bağda idi. Onunla başqa bir şəfqət bacısı da var idi. Biz ağacların arxasından onların ağ formalarını gördük və birbaş onların yanına getdik. Rinaldi hərbi qaydada salam verdi. Mən də salam verdim, ancaq bir az təmkinlə.

      – Salam, – Barkli dedi. – Siz, gərək ki, italyan deyilsiz?

      – Xeyr.

      Rinaldi o biri şəfqət bacısı ilə danışırdı. Onlar gülüşürdülər.

      – İtaliya ordusunda qulluq etmək – çox qəribədir.

      – Əslində, axı, bu, ordu deyil. Bu, ancaq sanitar dəstəsidir.

      – Hər halda qəribədir. Niyə belə eləmisiz?

      – Bilmirəm, – dedim. – Elə şeylər var ki, bunları izah etmək olmur.

      – Doğrudan? Amma məni həmişə başa salırdılar ki, belə şeylər yoxdur.

      – Bu çox xoşdur.

      – Biz mütləq bu cür danışmalıyıq?

      – Xeyr, – dedim.

      – Şükür allaha.

      – Sizdəki bu əl ağacı nədir? – soruşdum.

      Miss Barklinin boyu xeyli hündür idi. O ağ paltar geyinmişdi, mən bu paltarı şəfqət bacısının forması kimi başa düşmüşdüm, o, sarışın idi, dərisi qızılı rəngə çalırdı, qonur gözləri var idi. O, mənə çox gözəl göründü. Əlində liana çubuğundan nazik əl ağacı var idi, oyuncaq qamçıya oxşayırdı.

      – Bu bir zabitindir, onu keçən il öldürdülər.

      – Bağışlayın…

СКАЧАТЬ



<p>7</p>

Cənab leytenant (italyanca).