Qaçaq Kərəm. Fərman Eyvazlı
Чтение книги онлайн.

Читать онлайн книгу Qaçaq Kərəm - Fərman Eyvazlı страница 6

Название: Qaçaq Kərəm

Автор: Fərman Eyvazlı

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8260-5-0

isbn:

СКАЧАТЬ haqlarını vaxtlı-vaxtında verir, imkan düşəndə də əl-altdan kasıblara kömək eləyirdi. Lakin onun bəzi məsələlərə müdaxilə eləməsi, kəndliləri ayıq salması Kəsəmən ağalarının xoşuna gəlmirdi, Onların mənliyinə, mənafeyinə, toxunurdu. Odur ki, hərdən ondan Oruc ağaya qandırırdılar. «Sən ona inanma, saman altdan su yeridəndir»

      Başqa birisi deyirdi: «O, rəiyyətlə əlbirdir, onlara dil verir».

      Get-gedə bu deyilənlərdən şübhələnən kişi sərkarına göz qoymağa başladı. Camaatın acınacaqlı vəziyyətinə acıyan İsgəndər isə öz işində idi…

      Əlqərəz… Onlar üç gün toy evində qonaq qaldılar, Yedilər, içdilər, aşıqlara qulaq asdılar, qara zurnanın havasına oynadılar.

      Geri qayıdanda mahalın üst tərəfindəki gədikdə bu yerlərə təzə gəlmiş əsgərlərin düşərgə saldığını gördülər. Onların bir hissəsi kazarma tikir, bir hissəsi də xeyli aralıda hərbi təlim keçirdi.

      Oruc ağa onları görəndə öz cavanlığı, könüllü əsgər gedib rus ordusunda xidmət elədiyi günləri xatırladı. Qaragül Buxara papağını yenə yan qoydu. Ağarmış bığlarını eşdi. Qamətini düzəldib yəhərin üstündə şax oturdu. Xəyalı ilişib o illərdə qaldı. Xatirələr birər-birər yadına düşdü.

      O, 1828-1829-cu il rus-türk savaşının iştirakçısı idi. Müharibədə böyük şücaətlər göstərdiyinə görə orden-medallarla təltif olunmuş və çin almışdı. Hərdən bu haqda söhbət düşəndə özü öyünə-öyünə danışırdı:

      «…Qarsın yaxınlığında qızğın dava gedirdi. Gah ruslar basılırdı, gah türklər. Amma bizimkilər hər dəfə xeyli irəliləyirdi. Bir kərə bizim dəstə türk əsgərlərini Soğanlıq dərəsi deyilən yerdə haqlayıb onların bir neçə top-tüfəngini və bayrağını ələ keçirdi. Bax, bu medalı mənə onda veriblər…

      Bir dəfə də yenə. meşəlik bir yerdə qanlı vuruşma gedirdi. Türklərin qorxu-ürkü bilməz iyid bir ordu başçısı vardı. Od-alov idi eləcə. Gözümüzü açmağa bizə imkan vermirdi. Qoşunun qabağında əlində qılınc nərə çəkərək üstümüzə gələndə dəstəmiz pərən-pərən olur və xeyli tələfat verirdi. Bizim atlı dəstə komandanlıqdan əmr aldı ki, necə olursa-olsun onların tutduğu mövqeyi yarıb keçmək, üstəlik həmin o türk paşasının ya ölüsünü, ya dirisini gətirmək lazımdır. Kim bu əməliyyatda fərqlənsə böyük çin alacaq. Dəstəmiz hücuma keçdi. Düşmənlər bu basqından sarsılıb atışa-atışa geri çəkilməyə başladılar. Paşanın qoşununu darmadağın eləyib cəbhəni yardıq. Əsgərlər çöldə pələsəng olub hərəsi bir yana qaçırdı. Mənim gözüm dəstədən ayrı düşmüş türk paşasını almışdı. «Ya mədəd!» – deyib onun dalınca döşəndim. O qaçır, mən qovurdum! Xeyli də atışdıq. Axır gedib bataqlıq bir yerə çıxdıq. Burada onu haqladım. Atı daha bayaqkı kimi qaça bilmirdi. Birdən paşanın yəhərdən yerə yıxıldığını gördüm. Gözlərimə inanmadım. Sən demə mənim gülləm onu ağır yaralayıbmış. Atın cilovunu çəkib bataqlığın qırağında dayandım. Bir az nəfəsimi dərmək istəyirdim. Bir də nə görsəm yaxşıdı? Gördüm bataqlıq paşanı özünə çəkir. Fikirləşdim ki, ey dili qafil, o batsa kim inanacaq ki, onu mən öldürmüşəm? Tez atdan düşüb yaxınlaşdım. Gördüm özündə-sözündə deyil. Qolundan tutub dartdım. Çıxarda bilmədim. Meyit artıq yarıya qədər bataqlığa batmışdı. Bəs mən neyləyim, çəkdiyim zəhmət hədərmi getsin? Ağlıma bir fikir gəldi. Xəncəri çıxardıb başını üzdüm. Çini də, bax bu ordeni də onda veriblər…»

      …Onlar gədiyi aşdılar. Kiçik təpənin ətəyində on iki at otlayırdı. Hamısı da xamda yeyib səmrimiş seçmə Qarabağ atlarına oxşayırdı. Oruc ağa onları görəndə xəyaldan ayıldı. Ətrafına göz gəzdirdi. Hər yan kimsəsiz idi. Artıq düşərgə də, təlim keçən əsgərlər də görünmürdü, təpələrin arxasında qalmışdılar. Ağa düşündü: «Bir dəli şeytan deyir…» Qeyri-ixtiyari olaraq cilovu azca geri dartdı. At sahibinin qəsdini başa düşmüş kimi qulaqlarını şəkləyərək kiçik ilxıya baxıb kişnədi. Ağanın qəlbində gənclik coşqunluğu baş qaldırmışdı. O, qoca vaxtında özünü bir də imtahana çəkmək fikrinə düşmüşdü. Üzünü yanınca atını yorğa sürən İsgəndərə tutdu:

      – O atları görürsənmi?

      İsgəndər onun səsinin titrədiyini duydu. Fikrindən nələr keçdiyini bilib məqsədini başa düşdü, Ağaya heyrətlə baxdı. Ondan gözləmirdi. İsgəndər onu bu qəsdindən döndərmək, yayındırmaq istədi.

      – Ağa, bəlkə göz olan var!..

      Kişi təkrarən ətrafa boylandı. Qəti qərara gəlmiş kimi hökmlə israr etdi:

      – Ayə, o yana hayla. Yiyəsinə xəbər çatana kimi biz Sac dağını aşacayıq.

      Ağa yaşına uyuşmayan bir çevikliklə atını sürüb məqsədini irəlidə gedən cavanlara da bildirdi. At çapmaq, silah işlətmək, qoçaqlıq göstərmək həvəsində olan uşaqlar himə bənd imiş. Heç nəyin fərqinə varmadan atları qabaqlarına qatıb qovmağa başladılar.

      İsgəndərlə Oruc ağa da onların arxasınca götürüldü. Tez-tez də qanrılıb geri baxırdılar.

      Atlar mənzil döydükcə ayaqlarının zərbindən Ceyrançölün bağrı yarılırdı. Sanki cıdıra çıxmışdılar. Biri o birindən geri qalmaq istəmirdi. Qarşıdakı yalı yenicə aşmışdılar ki, bu zaman arxa tərəfdən hay-haray və at ayaqlarınIn tappıltısı eşidildi. Oruc ağa da, İsgəndər də eyni bir vaxtda qanrılıb geri baxdılar. Arxada əmələ gələn toz dumanı içərisində dallarınca gələn bir dəstə atlı göründü: Kişilər atları daha bərk səyirtdilər. Oruc ağa onlardan irəlidə çapan cavanlara qışqırdı.

      – Dalımızca kazaklar gəlir. Atları qamçılayın! Tez olun! Tez, tez!

      Atların surəti bir az artdı. Lakin anlar bir-birinə calandıqca, dəqiqələr ötdükcə kazaklarla onların arasındakı məsafə daralırdı. Ağ yala çatar-çatmaz atışma başladı. İsrafillə Kərəm yenə qabaqda ilxını qovur, İsgəndərlə Oruc ağa onları qoruyur, atlarını çapa-çapa qanrılıb çiyinləri üstündən gülləni-gülləyə calayırdılar…

      Bu ara arxadan atılan güllələrdən biri Oruc ağamın papağını yaladı. Kişini dəhşət götürdü. Xəta qıl yazmışdı. «Ya allah, bizi bu dardan qurtar. Özüm heç, İsrafilə bir xəta toxunmasın!»

      Kazaklar onları haqlamaqda idi. Birdən qarşıda dərin bir qolpun qaraldı. İrəlidə dördnala çapan atlar ehtiyatlandı. Qulaqlarını şəklədilər. Təntiyib kişnədilər. Və birdən qolpunun qırağına dirənib bir-birinə qısılaraq, burulğan kimi bir yerdə dövrə vurdular. Lakin irəlidə gedən İsrafil dayana bilməzdi. Dayanmaq ölüm demək idi. İrəli də getmək təhlükəli idi, əjdaha kimi ağzını açmış dərin uçurum onları uda bilərdi. İsrafil hiss elədi ki, Sarı atın gözü qolpunu almışdı. Buna baxmayaraq, at eni təxminən dörd-beş arşın olan dərənin üstündən СКАЧАТЬ