Название: Mənim Universitetlərim
Автор: Максим Горький
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952244120
isbn:
Müəllimlər İnstitutunun keçmiş tələbəsi və vərəm xəstəsi olan oğrubaşı Başkin mənə bəlağətlə deyirdi:
– Sən niyə belə qız kimi əzilib-büzülürsən? Yoxsa abır-həyanı itirməkdən qorxursan? Unutma: bir qız üçün abır-həya onun bütün var-yoxu deməkdir. Sənin üçün isə bu artıq yükdür, boyunduruqdur. Öküz də abır-həyalı heyvandır, ancaq yediyi quru otdur. Ac qalmaq istəmirsənsə, öz artıq yükündən, boyunduruğundan xilas olmalısan!
Başkin kürən adam idi, üzünü aktyorlar kimi tərtəmiz qırxdırırdı. Balaca cüssəsinin yumşaq və çevik hərəkətləri onu pişiyə bənzədirdi. O mənimlə müəllimim və himayədarım kimi davranırdı. Görürdüm ki, həyatda uğur qazanmağımı və xoşbəxt olmağımı necə ürəkdən arzulayır. Xeyli ağıllı olan bu adam çoxlu kitablar oxumuşdu. «Qraf Monte Kristo»[3] isə həmin kitabların hamısından daha çox xoşuna gəlmişdi.
Mənə xoş münasibət bəsləyən başqa biri də vardı: Trusov. O da xoşsifət, yaxşı geyinib-kecinən, musiqiçi barmaqları kimi incə barmaqları olan bir adam idi. Lakin şəxsiyyəti mənə şübhəli görünürdü. Onun Admiralteyskaya qəsəbəsində üzərinə «Saatsaz» yazılmış dükanı vardı. Lakin əsl peşəsi oğurluq malların başını əkmək, onların izini itirmək idi.
Trusov həyasızlıqla parıldayan hiyləgər gözlərini süzdürüb çal saqqalını şəstlə tumarlayır, mənə soyadımla müraciət edərək deyirdi:
– Peşkov, sən oğurluq kimi dəcəlliklərə adət eləmə! Görürəm, sənin yolun başqadır, bizim kimi deyilsən, kitaba, oxuyub-öyrənməyə həvəsin, marağın böyükdür. Sən mənəviyyat adamısan, sənin yolun elm yoludur, həmin yolla da get!
– «Mənəviyyat adamı» nə deməkdir?
– Yəni belə bir adamda heç bir şeyə paxıllıq yoxdur, onda hər şeyə qarşı yalnız maraq var.
Bu mənim haqqımda düzgün fikir deyildi; çünki mən bir çox şeylərə qibtə edirdim, həm də çox qibtə edirdim; məsələn, Başkinin şeirə bənzər, bəlağətli danışığı məndə həsəd hissi doğururdu. Düzdür, səsi boğuq və batıq idi, ancaq sözləri təmtəraqlı idi! Bu sözlərdə sanki bülbül cəh-cəhini andıran sədalar cingildəyirdi. Üstəlik, danışarkən gözlərini yumub tez-tez yüngül bir hərəkətlə əlini sinəsinə, ürəyinin üstünə qoyur, ahəngdar bir halda yırğalanırdı.
Ya da elə Trusovun özü… Mən ona da həsəd aparırdım. O, Sibir, Xivə, Buxara haqqında çox maraqlı şeylər danışırdı.
Bir sözlə, mənim qibtə etdiyim çox şey vardı həyatda. Elə isə, haradan «mənəviyyat adamı» oldum?
4
Yeni tanış olduğum bu adamlar bəzən bürkülü gecələrdə balaca Kazanka çayının o biri tayına keçir, orada çəmənlikdə, kollar arasında yeyib-içməyə başlayırdılar. Bu zaman öz işləri, yaxud həyatın çətinliyi barədə həvəslə danışır, öz dərdlərini dilə gətirir, ötüb-keçənləri yada salırdılar.
– Budur, mənim başıma belə bir iş gəlmişdi… – aralarından kimsə sözə başlayırdı.
Hekayəni dinlədikdən sonra digərləri onunla razılaşırdılar:
– Bəli, belə şeylər də olur, həyatda hər şey mümkündür…
«Olmuşdu», «olur», «olurdu» – bu sözləri dinlədikcə mənə elə gəlirdi ki, bu gecə həmin adamlar öz həyatlarının sonuna gəlib çatıblar: onların həyatında hər şey baş verib qurtarıb, bundan sonra heç nə olmayacaq.
Bu isə məni Başkindən və Trusovdan uzaqlaşdırırdı. Mən onlarda gələcəyə dair heç bir əlamət sezmirdim, halbuki özümün gələcəklə bağlı nə qədər xəyalım, planım vardı. Lakin onlar yenə də mənim xoşuma gəlirdi. Onlarla aramda başqa oxşarlıqlar tapır, başa düşürdüm ki, bir gün hər şeyi atıb tamamilə onlara qoşulsam, bunda təəccüblü heç nə axtarmamaq lazımdır.
Eyni zamanda mən yeni-yeni tanışlar tapmaqda idim. Yevreinovların mənzili yanındakı açıqlıqda gimnazistlər toplaşıb qorodki oyunu oynayırdılar. Bu gimnazistlərin arasında Quri Pletnyov adlı biri məni özünə valeh etmişdi. O, yapon kimi qarayanız idi, göyümtül saçı vardı. Həmişə olduqca şən görünürdü. Üstəlik, hazırcavab idi. Musiqini hədsiz sevirdi. Böyük məharətlə balalayka və qarmon çalırdı. Yoxsul idi, bunu nimdaş əyin-başından anlamaq o qədər də çətin deyildi. Cırıq köynəyi, yamaqlı şalvarı və dəlik-deşik çəkmələri onun haqqında hər şeyi deyirdi.
Quri uzun və ağır xəstəlikdən sonra təzəcə ayağa qalxmış, ya da elə dünən həbsxanadan çıxmış adama oxşayırdı: həyatda hər şey onun üçün təzə və xoş idi.
O, çətin şəraitdə yaşadığımı öyrənəndə mənə öz yanına köçməyi və kənd müəllimliyinə hazırlaşmağı təklif etdi. Mən razılaşdım.
Budur, indi mən Kazan tələbələrinin bir neçə nəslinə tanış olan və «şən səfillər məskəni» adlandıra biləcəyimiz böyük və yarıuçuq evdə yaşayıram. Onu «Marusovka» adlandırırlar.
Pletnyov koridordan çardağa qalxan pilləkənin altında məskunlaşmışdı. Burada taxt, koridorun axırındakı pəncərənin yanında isə bir stol və cəmi bir stul vardı. Koridora üç qapı açılırdı. Həmin qapılardan ikisinin arxasında səfil qadınlar yaşayırdı. Üçüncü qapının arxasında isə vərəm xəstəliyi olan bir riyaziyyatçı olurdu. O, seminaristlərdən[4] idi.
Riyaziyyatçının uzun boyu vardı. Arıq idi, üz-gözünü cod sarı tüklər basmışdı. Əynindəki çirkli cır-cındırlar bədənini güclə örtürdü. Bir sözlə, görkəmi qorxunc idi. Əynindəki cındırların yırtıqları arasından gözə çarpan göyümtül dərisi və çıxıq qabırğaları adamı xüsusilə vahiməyə salırdı.
O, qan çıxıncaya qədər gəmirdiyi dırnaqları ilə elə bil özünü yedirib-bəsləyir, gecə-gündüz nə isə cızır, hesablayır, ara vermədən boğuq səslə öskürürdü.
Qonşuluqda qalan səfil qadınlar riyaziyyatçını dəli hesab edir və ondan çəkinirdilər. Lakin ona yazıqları gəldiyi üçün qapısı ağzına çörək, çay və qənd qoyurdular. Riyaziyyatçı isə bu düyünçələri döşəmə üstündən götürüb yorğun at kimi fınxıra-fınxıra otağına aparırdı. Əgər qadınlar unudaraq, ya da başqa bir səbəbə görə ona sovqat gətirməsəydilər, riyaziyyatçı qapını açıb üzünü koridora tutur və xırıltılı səslə bağırırdı:
– Çörək!
Arabir onun yanına balaca cüssəli, qozbel, əyriayaqlı, çalsaçlı, üzündə daim hiyləgər СКАЧАТЬ
3
4