Название: Mənim Universitetlərim
Автор: Максим Горький
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952244120
isbn:
Universitet fikrini mənim ağlıma gimnazist Nikolay Yevreinov salmışdı. O, çox yaraşıqlı, sevimli, gözlərindən mehribanlıq yağan on doqquz yaşlı bir gənc idi. Mənimlə eyni evin çardağında yaşayırdı. Tez-tez əlimdə kitab gördüyü üçün bu onu maraqlandırmış, mənimlə tanış olmuşdu.
Tezliklə Yevreinov məni inandırmağa başladı ki, bəs səndə elm üçün müstəsna istedad var!
– Təbiət sizi elmə xidmət etmək üçün yaradıb! – deyib o, uzun saçlarını gözəl bir əda ilə silkələdi.
Yevreinov şirin dillə mənə sübut edirdi ki, universitetlər məhz mənim kimi gənclərə möhtacdır. O deyirdi ki, Kazanda mən onun yanında yaşayacağam, payız və qış ərzində bütün gimnaziya kursunu keçəcəyəm, həm də bəzi imtahanları verəcəyəm. Bu «həm də bəzi» də onun sözləri idi. Üstəlik, universitetdə guya mənə dövlət təqaüdü veriləcək və beləliklə, beş ildən sonra alim olacağam. Məsələ çox sadə görünürdü.
Nikolay imtahanlarını verən kimi çıxıb getdi, iki həftədən sonra mən də onun dalınca yola düşdüm.
Nənəm məni yola salarkən öyüd-nəsihət verib deyirdi:
– Bax adamlara acıqlanıb eləmə, sən elə hər şeyə hirslənirsən. Çox dikbaş və əsəbi olmusan! Bu xasiyyət sənə babandan keçib. Amma baban kim idi? Yaşadı, yaşadı, axırda gör necə xəriflədi. Sən isə oxuyub alim olacaqsan. Di yaxşı, salamat get…
Sonra isə qırışmış qarayanız yanaqlarındakı bir-iki damla göz yaşını silərək əlavə etdi:
– Ürəyimə damıb ki, bir daha görüşməyəcəyik. Sən bir yerdə duran deyilsən, baş alıb uzaqlara gedəcəksən. Mən isə öləcəyəm…
Son zamanlar mən bu doğma qadından uzaqlaşmışdım. Hətta onu çox az-az görürdüm. İndi isə birdən ürəkağrısı ilə hiss etdim ki, bir daha həyatımda mənə bu qədər əziz, qəlbimə bu qədər yaxın bir adama rast gəlməyəcəyəm.
Budur, gəminin göyərtəsində dayanıb körpünün yanında durmuş nənəmə baxıram: o, bir əli ilə xaç çəkir, o biri əli ilə köhnə şalının ucundan tutub üzünü və qara gözlərini silirdi.
2
Kazanda, əhalisinin yarısı tatar olan bu şəhərdə mən birmərtəbəli evin darısqal bir mənzilinə yerləşdim. Ev ensiz, görünüşündən yoxsulluq yağan küçənin axırındakı təpənin üzərində təkbaşına yüksəlmişdi. Yan-yörəsində başqa ev yox idi. Evin bir divarı yanğından sonra əmələ gəlmiş açıqlığa çıxırdı. Açıqlığın hər tərəfini alaq otları basmışdı. Yovşan, ayıpəncəsi, quzuqulağı kolları və kəndalaş şaxələri içində kərpic binanın xarabalığı yüksəlirdi. Bu xarabalığın altında geniş zirzəmi vardı: sahibsiz küçə itləri burada yaşayır və ölürdülər.
Mənim ilk universitetlərimdən biri olan həmin zirzəmi yaxşı yadımda qalıb.
Ana ilə iki oğlundan ibarət Yevreinovlar ailəsi çox az məbləğdə dilənçi təqaüdü alaraq yaşayırdı. Mən elə ilk günlərdən balaca cüssəli dul qadının bazardan aldığı şeyləri mətbəxdəki stolun üstünə töküb necə fikrə getdiyinin şahidi olmuşdum: yazıq qadın qəmli halda bu aldıqlarına baxır, onlardan nə bişirəcəyini götür-qoy edirdi. Elə bir yemək hazırlamalı idi ki, evdəki üç sağlam gənc oğlanın qarnını doyurmağa bəs eləsin.
Qadın qaradinməz idi. Gözlərində isə bir atın ümidsiz və mülayim tərsliyi donub-qalmışdı: üzü yoxuşa qalxan belə bir at yükünü çəkib yuxarı çıxara bilməyəcəyinin fərqindədir, ancaq bununla belə, böyük inadkarlıqla yükü yenə çəkib aparır.
Yevreinovlara gəlişimdən üç gün sonra idi. Səhər təzəcə açılmışdı, uşaqlar hələ yatırdılar. Mən mətbəxdə qadına göyərti təmizləməkdə kömək edirdim. Birdən qadın yavaşdan və ehtiyatla soruşdu:
– Siz bura nə üçün gəlmisiniz?
– Hazırlaşıb universitetə girəcəyəm.
Qadının qaşları çatıldı, o, barmağını bıçaq ilə kəsdi. Sonra isə barmağından axan qanı soraraq özünü stulun üstünə yıxdı. Lakin dərhal da ayağa qalxıb dedi:
– Ah, zəhrimar…
O, cib dəsmalı ilə barmağını sarıyıb məni tərifləməyə başladı.
– Siz çox yaxşı kartof təmizləyirsiniz.
Gəl bir bunu da bacarmayaydım! Axı mən vaxtilə gəmilərdən birinin mətbəxində işləmiş, bu işləri yaxşı öyrənmişdim, aşpazlıqdan pis başım çıxmırdı. Qadına bu haqda danışdım, o isə soruşdu:
– Siz elə güman edirsiniz ki, universitetə girmək üçün bu kifayətdir?
O vaxtlar mən yumoru pis başa düşürdüm. Buna görə də qadının sualını ciddi qəbul etdim. Başladım gələcəkdə nələr edəcəyimi bir-bir ona sadalamağa. Sadaladıqlarımın sonunda isə elm məbədinin qapıları üzümə taybatay açılmalı idi.
Qadın köksünü ötürdü.
– Eh, Nikolay, Nikolay…
Elə bu vaxt Nikolay gözləri yuxulu, saçları dağınıq və həmişəki kimi şən halda yuyunmaq üçün mətbəxə gəldi.
– Ana, düşbərə bişirsəydin, yaxşı olardı!
– Elədir, yaxşı olar, – deyə anası onun fikri ilə razılaşdı.
Mən isə aşpazlıq təcrübəmi nümayiş etdirmək üçün dedim ki, düşbərə üçün bu ət həm az, həm də pisdir.
Nikolayın anası – Varvara İvanovna – dərhal üstümə acıqlandı, ünvanıma bir neçə tutarlı söz söylədi. Bu sözlərdən qulaqlarım qıpqırmızı qızararaq yuxarıya doğru uzanmağa başladı.
Bundan sonra qadın əlindəki bir dəstə kökü stolun üstünə ataraq mətbəxdən çıxdı. Nikolay isə mənə göz vuraraq anasının hərəkətini belə izah etdi:
– Kefi yoxdur…
Sonra isə skamyaya əyləşərək mənə qadınların kişilərlə müqayisədə daha əsəbi olduğu barədə uzun-uzadı danışmağa başladı. Aydın məsələ idi ki, bütün bu danışdıqlarının bircə məqsədi var: anasının ünvanıma dediyi acıqlı sözlərə görə könlümü almaq, pərtliyimi aradan götürmək!
3
Mən, demək olar, hər gün Varvara İvanovnanın öz uşaqlarının qarnını aldatmaq, üstəlik, haradansa azıb gəlmiş yöndəmsiz görkəmli bir oğlanı yedirtmək üçün nə qədər fənd işlətdiyini yaxşı görürdüm. Təbii ki, buna görə də payıma düşən hər tikə çörək bir daş olub ürəyimdən asılırdı.
Mən artıq özümə iş axtarmağa başlamışdım. Evdə nahar etməmək üçün səhər tezdən çıxıb gedir, hava pis olanda isə açıqlıqdakı xarabalığın zirzəmisində oturub-qalırdım. Buradakı it və pişik cəsədlərinin üfunətini içimə çəkə-çəkə tezliklə anladım ki, mənim üçün universitet əlçatmaz bir xəyaldır. Fikirləşirdim ki, əgər universitetdə oxumaq fikrinə düşmək yerinə iş dalınca düşsəydim, daha ağıllı hərəkət etmiş olardım.
Müəyyən müddət sonra isə qeyri-adi sərgüzəştlər və СКАЧАТЬ
1