Название: Seçilmiş əsərləri
Автор: Cəlil Məmmədquluzadə
Издательство: ЖекаПринт
isbn: 978-9952-8252-1-3
isbn:
Bu sözləri deyəndən sonra Xudayar bəy çubuğu uzatdı Kərbəlayı Cəfərə. O da çubuğu alıb, məşğul oldu çəkməyə. Bunların söhbəti çox uzun çəkdi. O, belə dedi, bu belə dedi. Axırı bu cür şərt bağladılar: Kərbəlayı Cəfər Xudayar bəyə yeddi manat versin və eşşək qalsın onun ixtiyarında. Hər nə eləyir eləsin: ya satsın, ya gizlətsin, ya nə eləyir eləsin. Xudayar bəy də kəndə qayıdıb xəbər versin ki, eşşək karvansaradan oğurlanıb. Hərgah Məhəmmədhəsən əmi çox atılıb düşsə və şıltaq eləsə, Xudayar and-aman içsin ki, mirovoy suda ərizə verib, karvansaraçıdan eşşəyi istəyər. Əgər Məhəmmədhəsən əmi şəhərə gəlib, Kərbəlayı Cəfərdən əhvalatı soruşsa, Kərbəlayı Cəfər and içsin, aman eləsin ki, həqiqətdə eşşək oğurlanıb; yəni Xudayar bəyin bu işdə heç günahı yoxdu.
Bu cür tədbiri tökən kimi Kərbəlayı Cəfər çıxdı eşiyə və bir qədər yubanıb gəldi oturdu və cibindən bir beşlik və iki təklik çıxardıb, qoydu Xudayar bəyin qabağına. Xudayar pulu götürüb qoydu cibinə, bir qədər dikəldi. Sağ əlini Kərbəlayı Cəfərin qabağına uzadıb dedi:
– Ver əlini mənə.
Kərbəlayı Cəfər həmçinin sağ əlini verdi Xudayar bəyin əlinə.
– Kərbəlayı Cəfər əmi, Allah sənin oğlunu saxlasın və səni səlamət eləsin. Allah öz birliyi xatirinə sənə bu sövdədə xeyir versin.
IV
Xudayar bəy yeyib qarnı tox və yeddi manatı cibinə qoyub, arxayın və rahat uzanıb yatdı. Yəqin ki, çoxdandı onun yuxusu bu gecəki kimi şirin olmamışdı.
Amma dünyada bəzi vaxt, bəlkə də çox vaxt çox təəccüblü işlər ittifaq düşür. Məsəla, indi bu saat burada Xudayar katda ləzzətnən yıxılıb yatdı. Amma elə bu saat Danabaş kəndində üç yerdə matəm qurulubdu. Üçünə də Xudayar bəy özü bais olubdur. Doğrudan çox gülməli əhvalatdı və çox qəşəng əhvalatdı. Ondan ötrü qəşəng əhvalatdı ki, adam gülür, ürəyi açılır. Yoxsa nəyə lazımdır qəm və qüssə gətirən hekayət?!
Bəli, bu saat, elə bu dəqiqə, bu gecə səhərə kimi Danabaş kəndində üç evdə matəm qurulubdur. Biri Məhəmmədhəsən əminin evində, – necə ki, məlumdu, – biri Xudayar bəyin öz evində və biri də Xudayar bəy istəyən övrətin, yəni Zeynəbin evində. Hələ Xudayar bəy şəhərdə qalmalı olsun, keçək Danabaş kəndinə və Zeynəbin matəmindən başlayıb, deyə-deyə gələk çıxaq başa.
Zeynəb qırx-qırx iki yaşında, kök, dolu və qarabuğdayı bir övrətdir. İki il bundan irəli əri Kərbəlayı Heydər ölüb. Qalıbdı bir oğlu Vəliqulu, on yeddi yaşında, iki də qızı: Fizzə yeddi yaşında və Ziba dörd yaşında.
Zeynəb nə Zeynəb!
Hanı irəliki Zeynəb? Onu iki il bundan əqdəm16 görən indi heç tanımaz. Zeynəbi görəydiniz əri Kərbəlayı Heydərin sağlığında. Danabaş kəndində Zeynəbin adı tək idi gözəllikdə.
Zeynəb uşaqlıqda bir yetim qız idi. Amma çox gözəlliyi səbəbə bibisi aparıb öz evində saxladı, bu qəsd ilə ki, alsın öz oğluna. Qərəz, bibisinin oğlu öldü və Zeynəbin adı bir elə şöhrət tapdı ki, elçi-elçi üstdən tökülüb gələrdi. And içirlər ki, bir ilin içində Zeynəbin on dörd müştərisi var idi. Hamısı da ağıllı-başlı yerlərdən. Axırı qismət belə gətirdi ki, Zeynəbi verdilər Heydərə; yəni çox yaxşı elədilər ki, verdilər Heydərə. Ondan ötrü ki, Heydərin atası Kərbəlayı İsmayıl kəndin mötəbər şəxslərindən biri idi və Zeynəbin qeyri müştərilərindən nə dövlətdə əskik idi, nə də hörmətdə.
Zeynəb Heydərə gələndən üç il sonra Kərbəlayı İsmayıl vəfat edib, doqquz ulağ, dörd-beş baş qaramal, iyirmi üç qoyun və yeddi keçi və iki xalvar zəmi qoyub getdi. Söz yox, dövlətin yarısı çatdı Heydərə və yarısı da qardaşı Rzaya.
Bir ildən sonra Rza öldü və Heydər atasının dövlətinə tək oldu malik və işi gəldikcə başladı tərəqqi eləməyə. Amma bununla belə, söz yox, xərci də az deyildi. Əvvəla, atasının və qardaşının ehsan və Kərbəlaya göndərmək xərci və sonra özü də Kərbəlaya gedib qayıdıb, genə dalı düşdü. Necə də dalı düşməsin? Hesab eləyirdi ki, atasının və qardaşının nəşlərini Kərbəlaya göndərməkliyə və öz Kərbəlaya getməkliyinə düz iki yüz manat xərci çıxıb. Amma Allah-taala rəhim Allahdır. Çünki bu pulları Kərbəlayı Heydər mübarək yolda xərcləmişdi, genə axırda Allah-taala öz qüdrət əli ilə Kərbəlayı Heydərin işini düzəltdi. Belə düzəltdi ki, Kərbəlayı Heydər öləndə özünə yetmiş manat xərc çıxdı və bundan əlavə övrəti Zeynəbə iki yüz əlli manat, oğluna yüz qırx və hər qızına yüz manat pul çıxmışdı. Qalan zəmilərini vəsiyyət elədi övrətinə və qızlarına. Amma həyəti də verdi oğlu Vəliquluya.
Kərbəlayı Heydərin ölməyi övrəti Zeynəb üçün yekə müsibət oldu. Artıq qəm və qüssə elədi yazıq övrət ərinin ölməyinə. İndi bu saat hər cümə axşamı ərinin qəbrinin üstə gedib, bir yekə mərəkə qurar. Vaqeən az-az tapılar bu cür istəkli övrət. Amma bununla belə Zeynəb bir tikə naşükürlük eləmir. Qəm və qüssə içində genə həmişə Allaha şükür və səna eləyir ki, Allah-taala ona bir parça çörək verib, özgələrə möhtac eləməyib. Və bir də ki, evlənməli oğlu və iki qızı… Genə Allah bərəkət versin, bunların hamısının şükrünü yerinə yetirmək lazımdır.
Zeynəb oğlundan yerdən-göyə kimi razıdır. Ondan ötrü ki, Vəliqulu o itaəti ki, anasına eləyir, bəlkə atasına eləməzdi. Vəliqulu nəinki anasına nisbət, bəlkə özgələrə görə də artıq üzüyola oğlandı. Yəqin ki, anası desə öl – öləcək, qal – qalacaq. Atası ölən gündən bu günkü günə kimi bir elə vaxt olmayıb ki, Vəliqulu işini-gücünü boşluyub, müsahiblərinə qoşulub gəzməyə və kefə məşğul olsun.
İnsafən Vəliqulu çox məzlum oğlandı. İndiyədək Zeynəb Vəliquludan bir tük qədəri də inciməmişdi. Amma axır vaxtda iş belə gətdi ki, Vəliquluynan anasının arası bərk dəydi.
İş bu cür oldu.
Gərək əhvalatı başdan başlayaq. Mərhum Kərbəlayı Heydər ilə Xudayar katda bərk rəfiqdilər. Əvvəl cavanlıqdan ta Kərbəlayı Heydər ölən günə kimi Xudayar bəy ilə onun arasından qıl keçməzdi. Can deyib can eşidərdilər. Gecə və gündüz gəzməkləri bir, yeməkləri bir, oturmaqları bir, durmaqları bir. Bunların dostluğu ta o yerə çatdı ki, xalq bunlardan lap bədgüman oldu. Belə ki, bunların СКАЧАТЬ
16
Qabaq, əvvəl