Seçilmiş əsərləri. Cəlil Məmmədquluzadə
Чтение книги онлайн.

Читать онлайн книгу Seçilmiş əsərləri - Cəlil Məmmədquluzadə страница 13

Название: Seçilmiş əsərləri

Автор: Cəlil Məmmədquluzadə

Издательство: ЖекаПринт

Жанр:

Серия:

isbn: 978-9952-8252-1-3

isbn:

СКАЧАТЬ ürəyini sıxma. Dünya işidi, elə də olar, belə də olar. Mən bilirəm niyə bikefsən. Amma neyləmək, Allah ananın atasına nəhlət eləsin! O bizim hamımızı dilxor eləyibdi. Ax, ax, Vəliqulu! Allah Kərbəlayı Heydərə rəhmət eləsin! Vəliqulu, atanın qədrin hələ bundan sonra bilərsən. Deyirsən ana gəlib ata əvəzi olacaq? Xeyr, heç vədə olmaz. Anan arvaddı, amma atan kişi idi. Arvadın pirinə nəhlət! Arvadın dini, imanı, məzhəbi olmaz. Arvad nə bilir məzhəb nədir? Qardaş oğlu, mənim çalışmağım hamısı bundan ötrüdü ki, sizi və yetim bacılarını ananızın əlindən bir tövr qurtaram. Belə bilirsən, Vəliqulu, mən doğrudan yaxşılıq itirən adam deyiləm, namərd deyiləm. Kərbəlayı Heydərnən mən qardaş idim. Onun mənim boynumda çox haqqı var… Çox, çox. Niyə, sən özün də gərək biləsən ki, bu yalan deyil. İndi pəs necə ola bilər ki, mən bu yaxşılıqları itirim? Allah mənə qəzəb elər. Yox-yox, Allah görsətməsin, Allah eləməsin! Mən bir para namərdlərdən deyiləm, yaxamı çəkim kənara, deyim nə olacaq olsun. Xeyr, belə olmaz. İndi, əzizim, Vəliqulu, qardaş oğlu, sən özün də görürsən ki, sizin məndən savayı bir özgə böyüyünüz, baş çəkəniniz yoxdu. Pəs belə olan surətdə mən necə durum kənarda baxım ki, anan getsin Xalıqverdi bəyə və gözəl atanın, rəhmətlik atanın o iki gözümün işığı atanın…

      Bu sözləri Xudayar bəy bir halda deyirdi ki, deyəsən pəs ürəyi yanırdı. Sol əlilə geyməsinin ətəyini qalxızıb güya ki, gözünün yaşını silir. Amma bir xırdaca huşyar adam olsaydı, əlüstü duyardı ki, Xudayar bəyin gözünə bir tikə yaş gəlməyibdi.

      – O rəhmətliyin mal-dövlətini aparıb lotular ilə yesin, çıxsın başa, bə yetimlər necə olsun? Bə sən necə olasan? Ax, Allah, Allah, sən yet fəryada! Aman günüdü, Allah!

      Vəliqulu əllərini cibinə qoyub, başı aşağı Xudayarın sözlərinə qulaq verirdi. Xudayar bəy sözlərini qurtarıb, çubuğunu doldurmağa məşğul oldu. Vəliqulu bir öskürüb başladı:

      – Vallah, əmi, and olsun bizi yaradan məxluqa, mən gün olmaz ki, anamnan savaşmıyım. Elə indi bu saat bir yekə dava salıb buraya gəlmişəm.

      Xudayar bəy çubuğu alışdırıb və tüstünü püflüyüb dedi:

      – Yox, Vəliqulu, mən dəxi sənin sözünə inanmıram! Mən hələ elə güman eliyirəm ki, anannan dilbirsən. Sən sən olsan, heç vədə ona ana deməzsən. Sən sən olsan, nə onun yanına gedərsən, nə onnan bir evdə qalarsan. Niyə, Allaha şükür, sənin yerin yoxdu? Bax, bura elə sənin öz evindir. Nə qədər qalacaqsan, qal, ye, iç; ölən günə kimi qal mənim evimdə. Yox, bunlar hamısı sözdü. Vəliqulu, mən sözü əlüstü seçərəm. Sən istəsən, anan əlüstü rəyə gələr. Nə sözdü?

      – Axı, əmi, başına dolanım, mən dəxi neyləyim? Elə sən nə deyirsən, mən də eliyim. Dəxi mənim əlimdən nə gələr ki?

      – Yəni indi sən sözümə baxırsan da? Çox yaxşı, qal burada, getmə ananın yanına.

      – Baş üstə. Getmə deyirsən, getmərəm. Mən nə deyirəm ki?

      – Əlbəttə, getmə da! Nə səbəbə gedəsən? O ki, səni oğul yerində qoymur, sən ona ana deyib, qabağında durursan? Getmə, qal burda və xəbər ver ki, mən dəxi o evə üz çöndərmiyəcəyəm. Qurtardı getdi.

      – Baş üstə, əmi. Mənim sözüm nədi ki? Mən elə bu saat acıq eliyib, çıxıb gəlmişəm. Gedəcəyəm əgər, dəxi niyə gəlirdim?

      Xudayar bəy üzünü tutub Muradquluya dedi:

      – Muradqulu, dur bu saat get Məşədi Əhməd dayına deynən dədəm deyir bir tez Qasıməlini göndərsin bura, vacib iş var.

      Muradqulu ayağa durub, getdi qapını açdı çıxsın eşiyə, amma cəld qapını örtüb qayıtdı gəldi öz yerinə və üzünü tutdu dədəsinə:

      – Dədə, vallah, mən gedə bilmərəm. Eşik elə qaranlıqdı ki, göz-gözü görmür.

      Xudayar bəy bu sözləri eşitcək cəld çubuğu atdı və Muradqulunun yanına sıçrayıb, yapışdı onun iki qulağından və öz boyunca qaldırdı. Bu heyndə bir qəribə iş oldu. Xudayar bəyin övrəti onun üstə tullanıb, iki əli ilə başladı onun saqqalını yolmağa. Muradqulu dədəsinin əlindən qurtulub, qaçdı bacısı oturan küncdə soxuldu Gülsümün dalına. Ər və övrət əlbəyaxa oldular. Muradqulu və Heydərqulunun nərələri, analarının çığırtı səsi, Xudayar bəyin anqırtısı evə bir elə vəlvələ saldılar ki, guya bu saat dünya və aləm dağılacaq.

      Gülsüm öz yerində belə möhkəm oturmüşdu ki, deyəsən cansız bir şeydir. Vəliqulu da ancaq bir ayağa durub, heç bilmədi nə eləsin və kimə kömək çıxsın.

      Xudayar bəy övrətinin saçlarını sağ əlinə doluyub, evi o yana sürüyürdü, bu yana sürüyürdü. Həmin dəqiqə Allah öz qüdrətindən Qasıməlini yetirdi. Qasıməli tez qaçıb, övrəti Xudayar bəyin əlindən alıb, başladı onu, yəni övrəti məzəmmət eləməyə.

      – Sənin ki, canın budur, axı düz tərpəş də, bacı. Axı sən niyə ərinin işlərinə qarışırsan ki, başına bu oyun gəlsin? Di get, aldın payını, çağır dayını!..

      Övrət başına çırpa-çırpa evdən qaçıb çıxdı eşiyə. Xudayar bəy övrətinin dalınca yaman deyə-deyə çəkildi oturdu öz yerində və üzünü tutdu Qasıməliyə:

      – Qasıməli, balam, bu dava sənin üstə olub. Mən Muradquluya dedim gəlib səni çağırsın, gəlmədi. Mən də durub onu döyəndə bu mərəkə başladı.

      Qasıməli gəlib durdu Xudayar bəyin lap qabağında. Bir əlində zoğal ağacı, bir əlində çörək dürməyi Xudayar bəyin sözünə bu cür cavab verdi:

      – Niyə, rəhmətliyin oğlu, əvvəla budur ki, sən axı özün bilirdin ki, mən gələcəyəm. Gündüz sənə demədim gecə gələrəm söhbət elərik? Və bir də ki, görək Muradqulunun vəkili sənsən, ya anasıdır? Uşağı ata döyər də, söyər də. Ananın nə borcudur ataynan övladın işinə qarışsın? Xeyr, sənin arvadın pis dolanır. Mən axı bilirəm onun dərdi nədir (bu sözlə Qasıməli bir baxdı Vəliqulunun üzünə). Mən bilirəm onun dərdi nədir.

      Xudayar bəy ancaq indi başa düşdü ki, üzü bir neçə yerdən qanayıb. Arvadının cırnaqları görükür ki, çox iti imiş. Dəstmalnan üzünü silə-silə dedi:

      – Qasıməli, yaxşı yerində gəlmisən. Elə bu saat get Vəliqulugilə, anasına de ki, Vəliqulunu qlava tutub qatdı dama. Desə, niyə, ya xeyr, bəlkə soruşmadı, elə belə deyinən ki, Xudayar bəyin şikayətinə görə qlava Vəliqulunu tutub qatdı dama və deyir ki, Xudayar bəyi razı eləməyincə ötürməyəcəyəm.

      Qasıməli əlüstü üz qoydu qapıya səmt və gedə-gedə dedi:

      – Baş üstə, əlbəttə belədi. Çox yaxşı, bu saat gedim deyim.

СКАЧАТЬ