Название: Bizim gözəl dilimiz
Автор: Эльдар Мамедов
Издательство: ЖекаПринт
isbn: 978-9952-4471-0-5
isbn:
Komandalar və komanda sözlərinin bəzilərini dilimizə daha yatımlı etmək ehtiyacı hiss edilir: “İdti v noqu!” – “Ayaqla get! Sayla get!” əvəzinə yalnız “Ayaqlaş!”, “Şire şaq!” – “Gen addım!” əvəzinə “İri addımlarla!”, “Razomknis!” – “Açıl!” əvəzinə isə “Seyrəl!” yazılsaydı, daha münasib və dəqiq olardı.
Müasir terminologiyanın prinsiplərinə riayət edilməklə tam hərbi terminlər lüğətimizi yaratmağın vaxtı çoxdan çatmışdır.
DÜZGÜNMÜ ADLANDIRIRIQ?
Müasir Azərbaycan dilində işlədilən bəzi xarici coğrafi adların hazırda istifadə etdiyimiz şəkildə işlənməsi məntiqi cəhətdən şübhə doğurur. Belə coğrafi adlardan biri “Ərəbistan dənizi” oykonimidir. Orta əsrlərdən 1926-cı ilədək, yə`ni latın qrafikasına keçənədək Azərbaycan yazıçıları, jurnalistləri, səyyahları, tarixçi alimləri öz əsərlərində həmin dənizdən bəhs edərkən “Ərəb dənizi” ifadəsindən istifadə etmişlər. Rus dilində hələ keçən əsrlərdən işlədilən və hazırda da qüvvədə qalan “Araviyskoye more” adı avropalılardan alınmışdır – rus şərqşünaslığının erkən çağlarında həmin ad ingiliscəsinə uyğunlaşdırılıb götürülmüşdür. Halbuki hazırda rus dilində bir çox təşkilat, dövlət adlarındakı “Əl-Ərəbi” sözü “Arabskiy” şəklində tərcümə edirlər: “Liqa Arabskix Qosudarstv”, “Siriyskaya Arabskaya Respublika” və s. Deməli, rus dilində də “Araviyskoye more” deyil, ”Arabskoye more” şəklində işlədilməlidir. Çünki “Əl-Ərəbi” adını iki şəkildə tərcümə etməyə heç bir lüzum yoxdur.
Nəzəpə almaq lazımdır ki, myasir dilimizdəki “-istan”, “-ıstan”, “-ustan” və “-üstan” kimi şəkilçilərindən əsasən hər hansı bir xalqın daha çox məskunlaşdığı ərazini, nadir hallarda isə nəyinsə çox olduğu yeri adlandırmaq üçün istifadə edilir: Türkmənistan, Qırğızıstan, Gülüstan və s. Nəyə görə biz fərqinə varmadan “Ərəb dənizi” əvəzinə “Ərəbistan dənizi” işlətməliyik? Axı həmin dənizdə ərəblər yaşamırlar. Sadəcə olaraq onun suları ərəblərin yaşadığı Ərəbistan yarımadasının sahillərini yuyur. Ərəb dilindəki “Əl-Bəhr Əl-Ərəbi” adının mənası “Ərəblərin çox olduğu dəniz” deyil, “Ərəblərə məxsus dəniz” deməkdir. Nəyə görə hələ orta əsrlərdə rus dilində qəbul edilmiş ”məşhur qələti” dilimizdə saxlamalıyıq?
Coğrafiya dərsliklərində, mətbuatda, siyasi ədəbiyyatda “Ərəbistan dənizi” əvəzinə “Ərəb dənizi” adından istifadə edilməsi daha düzgün olardı. Nil çayı ilə Qırmızı dəniz arasındakı səhra rusca “Araviyskaya pustınya” adlandırılır və coğrafiya dərsliklərimizdə “Ərəbistan səhrası” kimi istifadə edilir ki, bu da dəqiqləşdirilməlidr. Çünki ərəb ölkələrində həmin səhra “Şərqi səhra” adlandırılır. Unutmaq olmaz ki, XIX əsrdə mətbuatımızda, tarix kitablarımızda rast gəldiyimiz “Ərəbistan səhrası” tamamilə başqa yerin adı olmuşdur. İranın hazırda Xuzistan adlandırılan əyaləti keçən əsrlərdə “Ərəbistan” adını daşımışdır. Fars dilində həmin ərazidə köçəri ərəblərin yaşadığına görə belə ad verilmişdir. Lakin sonralar ərazi iddialarına son qoymaq məqsədilə İranda həmin adın çəkilməsi qadağan edilmişdir. Son vaxtlar bir sıra ərəb ölkələrində siyasi məqsədlərdən çıxış edərək həmin ərazi barədə bizim işlətdiyimiz “Ərəbistan” sözündən istifadə etməyə başlamışlar.
Şərqşünas alimlər, tərcüməçilər və bə`zi icmalçılar öz yazılarında hazırda mətbuatımızda işlədilən “İran körfəzi” əvəzinə “Fars körfəzi” ifadəsindən istifadə edirlər. Çoxları buna irad tuturlar. Lakin unutmaq olmaz ki, orta əsrlərdən 1935-ci ilədək buraxılmış tarix kitablarımızda, mətbuatımızda, səyyahlarımızın yol qeydlərində məhz “Fars körfəzi” adından istifadə etmişlər. İranda isə indi də “Xəlice-fars” (Fars körfəzi) adından istifadə edirlər. Bəs biz niyə 1935-ci ildən “İran körfəzi” ifadəsindən istifadə edirik? Məsələ burasındadır ki, cənub qonşuluğumuzdakı dövlət rəsmi olaraq 1935-ci ildən “İran dövləti” adlandırılmışdır. O, ingilis dilində “Persian qolf”, rusca “Persidskiy zaliv” şəklində yazılır və işlədilir. Rus dilində “İranskoye naqorye” coğrafi adından istifadə edilir, amma “İranskiy zaliv” işlədilmir. Deməli, 1935-ci ildə dövlətin adı dəyişdirilmiş, körfəzin adına isə toxunulmamışdır. Ümumiyyətlə, körfəz kimi hidronimlərin adlarının dəyişdirilməsinə təsadüf edilmir. 1930-cu illərdə Siam krallığının adı dəyişdirilib “Tailand krallığı” adlandırılmışdır. Siam körfəzi isə indiyədək həmin adı daşıyır. Son yarım əsr ərzində ərəb ölkələrində körfəzin indiki “Əl-Xəlic Əl-Farisi” adının dəyişdirilib “Əl-Xəlic Əl-Ərəbi” adı verilməsinə səy göstərilir. Ərəb ölkələrində “Ərəb körfəzi” adından istifadə edilməsinə baxmayaraq, qeyri-ərəb ölkələrində tarixilik prinsipi əsas götürülərək əvvəlki kimi “Fars körfəzi” adından istifadə edilir. Türkiyədə isə indiyədək ona “Bəsrə körfəzi” deyirlər ki, bu da məntiqə uyğun gəlmir. Çünki Bəsrə şəhəri körfəzdən 141 kilometr şimal-qərbdə yerləşir. Azərbaycan dilində isə tarixi ənənə bərpa edilib “Fars körfəzi” adlandırılması düzgün olardı. Ərəblərlə farsların mübahisələrinin isə nə ilə nəticələnəcəyinin buna tə`siri olmamalıdır.
Son vaxtlar radioda, televiziyada çıxış edən bə`zi şəxslər “Həbəşistan” sözündən istifadə edirlər, “Efiopiya” sözünü işlədənlərə irad tuturlar. Deyirlər ki, dilimizdə klassik şairlərimizin işlətdikləri “Həbəşistan”, “həbəş”, “həbəş dodaqlı” sözləri olduğu halda “Efiopiya”, “efiop” sözlərindən istifadə etmək düzgün deyildir. Lakin onlar bir məsələni unudurlar ki, hələ 1970-ci illərin əvvəllərində Efiopiyanın hakimiyyət orqanları rəsmən bütün müsəlman ölkələrinin, xüsusilə ərəb ölkələrinin rəhbərlərinə müraciət edib onların ölkələrinin “Həbəşistan”, sakinlərinin isə “həbəşlər” adlandırılmasına qarşı e`tirazını bildirmiş və müvafiq olaraq “Efiopiya” və “efioplar” adlandırmağı xahiş etmişlər. Çünki “Həbəşistan” və “həbəşlər” sözlərini özləri üçün təhqir sayırlar. İş burasındadır ki, həmin vaxtadək həmin sözlərdən yalnız müsəlman ölkələrində, xüsusilə ərəb ölkələrində istifadə edilirdi. Ərəb dilində “Əl-Həbəşə” adı “Qara qullar ölkəsi”, “həbəşi” isə “qara qul” mə`nasını verir. O vaxtdan bəri ərəb ölkələrində müvafiq olaraq “Əl-Əsyubiyyə” (Efiopiya) və “əsyubi” (efiop) sözlərindən istifadə edirlər. Bizdə də СКАЧАТЬ