Название: Dəniz kənarı ilə qaçan alabaş
Автор: Чингиз Айтматов
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952243413
isbn:
Onu təkcə anası yola salırdı. Kirisklə anası qarşıdakı dəniz səfəri barədə heç bir söz demədən və buxtaya çatmadan xudahafizləşdilər. Anası dənizə deyil, meşə-yə tərəf baxaraq oğluna bilə-bilə ucadan və aydın şəkildə: “Get meşəyə! – dedi. – Amma odun quru olsun, özün də meşədə azma ha!” O bunu izi azdırmaq üçün, oğlunu kinrlərdən – cinlərdən qorumaq üçün deyirdi. Ana onun atası barədə də bir söz demədi. Elə bil Əmrayin heç ata deyildi, elə bil Kirisk dənizə atası ilə deyil, başqası ilə gedirdi. Anası bu barədə də qəsdən danışmadı ki, kinrlər Əmrayinlə Kiriskin ata-oğul olduğundan agah olmasınlar. Ata-oğul bir yerdə ova çıxanda kinrlərin onları görməyə gözü olmur. Kinrlər onlardan birini tələf edə bilərlər ki, o birinin gücünü və iradəsini qırsınlar, o birisi də dənizə getməyə, meşəyə ayaq basmağa tövbə eləsin. Bu kinrlər xaindirlər, fürsət gözləyirlər ki, insanları bir bəlaya salsınlar.
Kirisk cinlərdən qorxmur, amma anası qorxur. Elə düşünür ki, lənətə gəlmiş cinlər uşaqlara nə qədər əzab verir, uşaqları cürbəcür xəstəliyə düçar edir, şikəst qoyurlar ki, onlardan ovçu çıxmasın.
Ana bir anlığa səssiz-səmirsiz dayanıb durdu, qorxusunu da, yalvarışını da, ümidini də bu səssizlikdə gizlədərək dəniz tərəfə bir kərə də baxmadan, əri barədə bircə kəlmə də demədən geri qayıtdı. Sanki əri ilə oğlunun haraya getdiyini heç bilmirdi. Halbuki dünəndən onlara yol tədarükü görmüşdü. Üçgünlük dəniz səfəri üçün azuqə hazırlamışdı.
Ana buxtaya çatmadan geri qayıtdı. Oğul isə anasının tapşırdığı kimi, kolların arası ilə dövrə vura-vura, izini azdıra-azdıra, gözə görünməyən kinrlərdən gizlənə-gizlənə qaçaraq xeyli qabaqda gedən kişilərin arxasınca yüyürdü.
Kirisk onlara tez çatdı. Çiyinlərində yük, silah, ov ləvazimatı olan kişilər tələsmədən gedirdilər: qabaqda ağsaqqal Orqan, qədd-qaməti və boy-buxunu ilə seçilən enlikürək, saqqallı Əmrayin və ayaqlarını yan basa-basa yeriyən iriçiyinli, kötük kimi möhkəm və yastı Mılğun. Onlar aşılanmış dəridən və göndən tikilmiş, dəniz üçün əlverişli, isti saxlayan, su keçirməyən nimdaş paltar geyinmişdilər. Kirisk isə onlara nisbətən geyimli-kecimli görünürdü. Anası zəhmətə qatlaşmış, onun dəniz paltarını çoxdan hazırlamışdı. Kiriskin torbasının da, üst geyiminin də kənarına naxış vurulmuşdu. Dəniz səfərində belə geyimin yeri deyildi. Ancaq ana – anadır.
Kirisk onlara çatdıqda Mılğun istehza ilə:
– Paho, biz elə fikirləşdik ki, sən qalası oldun. Elə bildik ki, əlindən tutub evə apardılar! – deyə özünü təəccüblənibmiş kimi göstərdi.
– Evə? Niyə ki? Mən ki… – deyə Kirisk inciklikdən az qaldı boğulsun.
– Di yaxşı, zarafat da başa düşmürsən. Dənizdə bir-birimizdən başqa kiminlə zarafat etməliyik?! Yaxşısı budur, al götür bunu! – deyə Mılğun öz vinçesterini4 ona verdi. Oğlan bu etimaddan məmnun olub Mılğunla yanaşı addımladı.
Əgər işləri yaxşı gətirsə, evə əlidolu dönsə bilsələr, oğlana layiqincə izzət-ehtiram göstəriləcək. Gənc ovçu ilə görüş büsatı qurulacaq, bayram olacaq, cəsur ovçuların şəninə mahnılar oxunacaq. Mahnılarda Balıq-qadın qəbiləsinin ulu nənəsi Balıq-qadın tərif ediləcək. Nağaralar ağcaqayın çubuqlarının zərbələri altında gurlayacaq, şaman5 isə Kirisk barəsində Torpaqla, Suyla danışacaq, dua edəcək ki, Torpaq və Su həmişə onun hamisi olsun. Qoy o, böyük qazanc gətirən olsun, uğur həmişə yol yoldaşı olsun, əldə olan neməti qocalar və körpələr arasında ədalətlə bölmək vəzifəsi qoy həmişə ona nəsib olsun. Müdriklər müdriki şaman ulu Balıq-qadının nəsli artsın deyə Kiriskin çoxlu uşağı olması və hamısının sağ qalması, Balıq-qadın tayfasının uzunömürlü olması üçün dua edəcək:
Ulu Balıq-qadın, harda üzürsən?
Sənin isti bətnin – həyat mənbəyi.
O isti bətnindən törəmişik biz –
Dəniz kənarında göz açmışıq biz.
Dünyada ən yaxşı yer – isti bətnin.
Ulu Balıq-qadın, harda üzürsən?
Nerpa başı kimi bəyaz döşündən
Bizə süd vermisən sahil boyunda.
Ulu Balıq-qadın, harda üzürsən?
Üzəcək yanına ən güclü kişi:
Bətnin zaman-zaman barlansın deyə,
Nəslin zaman-zaman çoxalsın deyə…
Bayramda belə mahnılar oxunduqdan sonra Kirisk üçün başqa bir mühüm tamaşa da olacaq. Şövqlə rəqs edən şaman onun ovçu taleyini göydəki ulduzlardan birinə tapşıracaq. Axı hər ovçunun onu bəd nəzərdən qoruyan öz bəxt ulduzu olur. Amma Kiriskin taleyinin hansı ulduza tapşırıldığını heç vaxt heç kim bilməyəcək. Bu təkcə şamana, bir də o bəxt ulduzunun özünə məlum olacaq. Başqa heç kimə.
Əlbəttə, anası və bacısı hamıdan çox sevinib şadlanacaq, daha ucadan oxuyacaq, daha şövqlə oynayacaqlar. Atası Əmrayin də fərəh və qürur hissi keçirəcək.
İndi isə o, ata sayılmır. Dənizdə ata-oğul olmur, dənizdə hamı bərabərdir və hamı böyüyə tabedir. Böyük nə deyərsə, o da olmalıdır. Qayda belədir.
Bir də, çox güman ki, uşaq vaxtı birlikdə oynadığı Muzluk adlı qız da çox sevinəcək. Amma onlar, yəqin ki, bundan sonra daha birlikdə oynamazlar. Ovçu hara, oyun hara…
Qayıq dalğalara yüngülcə baş vura-vura irəliləyirdi. Alabaş buxtası çoxdan arxada qalmışdı. Ovçular uzun burunu keçib dənizə çıxdıqda gördülər ki, burada dalğa körfəzdəkindən zəifdir. Belə sabit dalğaların üstü ilə yeyin üzüb getmək olardı.
Nəhəng qovaq ağacının gövdəsindən oyulub düzəldilmiş qayıq sükana rahatlıqla tabe olaraq həm öndən, həm də yandan gələn dalğalara qarşı dayanıqlı idi.
Qoca Orqan artıq sönmüş çubuğunu hələ də sümürərək qayığın rahat hərəkət etməsindən ləzzət alır və qəlbində elə hislər keçirirdi ki, elə bil buz kimi dənizdə üzən qayıq elə onun özüdür. Sanki o özü qayığın bəndlərinin rəvan cırıltısına və kürəklərin ahəngdar şappıltısına qoşularaq dənizin qoynunda üzürdü, elə bil qarşıya çıxan dalğaları özü sinəsi ilə yarır, suların zərbə və təkanlarından yüngülcə silkələnib irəliləyirdi. СКАЧАТЬ
4
Vinçester – XIX əsrin ikinci yarısında ABŞ-da istehsal olunan tüfəng növlərinin ümumi adı
5
Şaman – ruhlara, möcüzələrə inanan bəzi xalqlarda falçı, cadugər, sehrbaz