Название: Uzaq planetin sirri
Автор: Reyhan Yusifqızı
Издательство: Altun Kitab
Серия: Müasir Azərbaycan ədəbiyyatı
isbn: 9789952243741
isbn:
Qızcığaz üzərinə düşən böyük məsuliyyəti yaxşı anlayırdı. O, əvvəl bütün kosmik fəzaya həyəcan siqnalı göndərdi və kömək istədi. Sonra səhərə qədər atasının son məktublarını oxuyaraq özü üçün bəzi şeyləri aydınlaşdırdı.
Son yazışmaların əsas mövzusu robotlar idi. Atası robototexnikanın qanunlarının mükəmməl olmadığını iddia edir, bunu həmkarlarına sübut eləməyə çalışırdı. O, robotların yaxın vaxtlarda üsyan edəcəyindən ehtiyatlanır, onların nəzarətdən çıxacağından qorxurdu. Bunun qarşısını almaq üçün atası bütün planetdə süni intellekt sistemini söndürməyi təklif edirdi.
Sonuncu mesaj yarımçıq qalmışdı. Atası məlumat verirdi ki, robotlar öz aralarında indiyə qədər mövcud olmayan yeni bir dildə danışmağa başlayıb: “Robotların bizim anlamadığımız bir dildə ünsiyyət qurmaları onları tamamən müstəqil edir və mütəxəssislərin nəzarətindən çıxmalarına səbəb olur. Bu da planetimizdə həyatın başqa bir formata keçməsinin ilk siqnallarıdır. Məncə…”
Lemi başını tutdu: “Ata, səncə, nə? Kaş ki sənin fikirlərini biləydim. Nə qədər haqlısanmış! Kaş səni eşidəydilər, məsələnin ciddiliyini başa düşəydilər! İndi biz nə edək?” Qız dolmuş gözlərini pəncərədən o yana – səmaya dikdi: “Haradasan, ata?”
Atasının ailə üzvlərinə mesajları Lemini lap kövrəltdi: “Evə qayıdın! Təcili evə qayıdın! Bura gəlin! Lemi, ümid edirəm ki, sən hələ planetə dönməmisən!”
Leminin ürəyi bərk-bərk döyündü. Atası son anda onları düşünmüşdü! Hücum vaxtı o, evdə imiş! Bəs sonra nə olub?!
Ümidsizliyə qapılmaq olmazdı! Bu, məğlubiyyət demək idi. Lemi məğlub ola bilməzdi. O öz planetini və buraya aid olan insanları xilas etməli, ailəsinə qovuşmalı idi. O verdiyi sözü tutub Rüstəm və Kənanı öz planetinə qaytarmalı idi. Hökmən düşünüb bir yol tapacaqdı, çünki o tək deyildi. Dostları ilə birlikdə idi.
Lemi hələlik göndərdiyi sorğulara cavab gözləməyi qərara aldı. Cavab olacaqdı – o bunu hiss edirdi.
Yeni gün
Hava işıqlaşır, yeni gün başlayırdı.
Bu çox vacib və həlledici bir gün olmalıydı. İnsanlar və kiborqlar qarşı-qarşıya idilər.
Taleyin istehzasına bax! İnsanlar və onların özlərinin yaratdığı robotlar!
Bu gün planetin taleyi həll olunacaqdı.
Lemi kompüterin arxasından qalxanda artıq səhər idi. Qonşu otaqdan səs gəldi. Kənanla Rüstəm gülürdülər. Bir-birini tapdıqları üçün sevinirdilər.
Lemi qapının çərçivəsinə söykənib onlara baxırdı. Bu kiçik qələbə onu ruhlandırmışdı. O, qoltuğuna vurduğu kağız torbadan iki şüşə südəbənzər meyvəli içəcək çıxarıb uşaqlara verdi. Ləzzətlə içdilər.
− Onların əlindən necə qaçdınız? Burada nə olub? Adamlar haradadır? Sənin ata-anan, qardaşın?.. − Rüstəm sualları yağdırdı.
− Kiborqlar insanları başqa planetə köçürüblər. Hamını. Bunu necə ediblər – hələ bilmirəm…
− Demək, ona görə küçələr belə boş, adamsızdır…
– Zaman maşınımız da onların əlindədir… – Kənan Rüstəmin nəzərinə çatdırdı.
Qəflətən Lemi öz-özünə danışırmış kimi uşaqların başa düşmədiyi anlaşılmaz sual verdi:
− Otaqların vəziyyəti necədir?
Haradansa, sanki divarlardan cavab eşidildi:
− Normal. Toz yığışdırılıb. Hava təmizdir. Temperatur 27 dərəcə, rütubət 65%.
− Çox yaxşı. Hər iki otağın hamamını hazırlayıb idarəni mənə ver.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.