Название: Uzaq planetin sirri
Автор: Reyhan Yusifqızı
Издательство: Altun Kitab
Серия: Müasir Azərbaycan ədəbiyyatı
isbn: 9789952243741
isbn:
– Bu yolu düz gedib birinci döngədən sola burulsaq, bizim ”ağıllı ev”in üstünə çıxacağıq. Lotos çiçəyini xatırladan ağ evdir, – Lemi dedi.
Rüstəmlə Kənanın nəfəsi təngiyirdi. Amma öz planetində özünü gözəl hiss edən, yorulmaq bilməyən Lemidən geri qalmamağa çalışırdılar.
Qəflətən uğultu eşidildi. Ardınca göydə uçan obyekt peyda oldu.
– Bu nədir?
Leminin qolları yanına düşdü. Artıq qaçmağın mənası yox idi:
– Aerobus! Bu, aerobusdur – uçan nəqliyyat vasitəsi. Bizi axtarırlar.
Rüstəm susmağı işarə etdi: ehtiyatlı olmaq lazım idi. Oğlanlar kolların arasında əyilib gizlənməyə çalışdılar.
Lemi başını buladı:
– Gizlənməyin! Onlar bizim yerimizi bilirlər.
Avtobusu xatırladan obyekt meydanın kənarında ehmalca yerə endi. Qapılar açıldı və… insandan heç fərqlənməyən varlıqlar göydələnin qarşısında meydana tökülüşdülər.
Kənan və Rüstəm gözlərini bu varlıqlardan çəkmirdilər. Kənan pıçıltı ilə soruşdu:
– Demək istəyirsən ki, bunlar kiborqdu?
– Hə.
Həyəcandan Kənanın boğazı qurudu:
– Ay aman! Onlar heç dəmirdən deyillər, bizim kimi dəriləri, saçları var! Yəni onlar biz insanlardan heç fərqlənmirlər?
– Fərqlənirlər. Bizim planetdə insanlar yaşılgözlüdür. Kiborqların isə gözləri mavidir.
– Böyük fərqdir, – Kənan istehza elədi.
– Amma onlar iki nəfər olduğumuzu güman edirlər, – Rüstəm pıçıldadı. Mənim saatım yoxdur axı…
Bu fikir lap göydəndüşmə oldu.
– Doğrudan da! Afərin, Rüstəm! Sən burada gizlən, tərpənmə. Onlar uzaqdadı, ola bilsin ki, səni görməyiblər. Biz çıxıb gedəndən sonra dediyim yolla “ağıllı ev”ə gedərsən. Biz gələnədək ev səni qoruyacaq. Açarı yerə atıram, – Lemi ağ rəngli kartı cibindən sürüşdürüb yerə atdı.
Rüstəm kolların dibinə yatdı. Lemi Kənanla birlikdə ağır-ağır meydana, kiborqlara tərəf yollandı.
Kiborqlar
Süni insanlar onları meydanın kənarında qarşıladı. Təmiz, səliqəli geyinmişdilər. Ağ dəriləri, azacıq parıltılı tünd saçları, mavi gözləri vardı. Üzləri soyuq, ifadəsiz idi. Biləklərində Leminin smartfon-saatına oxşar saat vardı. Hamısı Lemiyə baxırdı. Onlardan biri – qısa saçlı qadın Kənana fikir vermədən Leminin qarşısına keçib gözünü ona zillədi.
Onlar Kənanın başa düşmədiyi tərzdə – telepatik danışmağa başladılar.
Kənan bilirdi ki, telepatiya fikir və düşüncələrin bir-birinə qovuşmasıdır. Səslə deyil, fikirlərlə danışmaqdır. Telepatik əlaqə hava kimi şəffafdır, görünmür. Amma bir çox hadisələr kimi real və təbiidir. Belə əlaqə bircə anda yaranır, burada zaman anlayışı yoxdur. Qarşı tərəfi düşünmək kifayətdir ki, əlaqə kanalı yaransın və fikir axını gözəgörünməz xətlər boyunca ora yönəlsin. Ağlınıza gələn, düşündüyünüz hər bir şey telepatiya anında qarşınızdakı insana agah olur.
Lemigilin planetindəki insanlar telepatik əlaqə qabiliyyətinə mükəmməl yiyələnmişdilər. Təəssüf ki, Yer insanlarında bu əlaqə növünün yalnız təzahürləri var; məsələn, kimsə zəng vurur, hiss edirik ki, bu məhz kimdir. Və ya ürəyimizə damır ki, qarşımızdakı insan indi nə söyləyəcək. Amma biz bu hisslərimizə tam arxayın deyilik, onlara qarşılıq verə bilmirik.
İndi burada, Lemigilin yaşadığı X planetində Kənan gözlərini döyə-döyə səssiz dialoq izləyirdi:
“– Lütfən saatını qolundan aç.
– Yaxşı. Amma əvvəl ailəmin harada olduğunu bilmək istəyirəm.
– Onlar təhlükəsiz yerdədirlər.
– Harada?
– Bizim qalaktikanın Y planetində.
– Bəs mən necə olacam?
– Sən də onların yanına gedəcəksən.
– Bu planet bizimdir. Onu əlimizdən almağa haqqınız yoxdur.
– Planet həm də bizimdir.
– Sizi biz yaratmışıq.
– Doğrudur. Amma siz, təbii insanlar başqa planetə də uyğunlaşıb yaşaya bilərsiniz. Biz isə yalnız burada mövcud ola bilirik.
– İndiyədək yanaşı yaşayırdıq.
– Artıq mümkün deyil”.
Lemi ağır çantasını çiynindən aşırıb yerə qoydu. Çantanı götürdülər.
Sonra saatını açıb qadına verdi.
Kənan da saatını açdı və bu zaman verilən sual Lemini ayıltdı.
– Sənin niyə iki saatın var və biri nə səbəbdən göydə asılı qalıb?
Lemi dönüb Kənana baxdı. Gülümsədi. Onun yaşıl gözləri sevinclə parlayırdı:
– Kənan, o səni görmür! Sən onlar üçün gözəgörünməzsən!
Görünməz adam
Heyrətdən Kənanın ağzı açıq qalmışdı. Görünməz adam? Axı o necə gözəgörünməz ola bilərdi?
Lemi saatı cəld onun əlindən götürüb qadına uzatdı.
Vaxt itirmədən yeni strategiya düşünmək lazım idi. Lemi kiborq qadının Kənanın səmtinə baxdığını görüb ehtiyatlandı, onu aldatmağı qərara aldı. Başqa tərəfə dönüb öz-özünə danışırmış kimi:
– Özünə gəl! Hər şey əladır! – dedi.
Qadın saatları yoldaşlarına ötürdü. Cihazları yoxlayandan sonra aerobusa minməyə başladılar.
СКАЧАТЬ