Название: Uzaq planetin sirri
Автор: Reyhan Yusifqızı
Издательство: Altun Kitab
Серия: Müasir Azərbaycan ədəbiyyatı
isbn: 9789952243741
isbn:
Rüstəm əli ilə jalüzləri kənara çəkib bərkidəndən sonra içəri zəif işıq düşdü. O, salonu nəzərdən keçirdi.
Salon geniş və demək olar ki, boş idi. O biri başda mətbəx stoluna oxşayan stol görüb ora cumdu. Yaman ac idi: “İşə bir bax, axırıncı dəfə Daş dövründə yemişəm”. Amma yeməyə bir şey tapmadı. Divara vurulmuş rəflərdəki qəribə əşyaları nəzərdən keçirdi. “Əcəb rəngbərəng daşlardır. Yemək əvəzinə rəfləri nə qədər mənasız şeylərlə doldurublar!” – o deyindi. Sonra burada yaşayanların Lemi və onun yaxınları olduğunu nəzərə alıb susdu. Yan tərəfdə vanna otağı aşkar edib ora girdi. Qaranlıqda diş fırçaları və maye sabun tapdı. Sevindi. Əlini-üzünü sabunlamaq istədi, amma su yox idi.
Nəhayət, Rüstəm yoruldu. Salonun ortasındakı geniş, yumşaq söykənəcəyi olan ağır divanda oturdu. Divanın bədən quruluşuna uyğun və çox rahat olduğuna fikir verdi. Düşünməyə başladı: “Nə qəribə evdir? Sanki hər şey var, amma əslində heç nə yoxdur. İşıq yandırmaq üçün düymə yoxdur, hətta gecə lampaları da yanmır. İstilik boruları buz kimidir. Kranı açırsan, su gəlmir. Jalüz çəkilmir… Bu evin nəyi ağıllı oldu? – O əsəbiləşdi: – Ağıllı yox, dəli evdir bu!” Öz-özünə deyinib bir az sakitləşəndən sonra Rüstəm ev haqqında Leminin dediklərini yadına salmağa başladı: “Ev, doğrudan da, ağıllıdır, intellektual sistemlərlə quraşdırılıb. Qərarlar verir, özünü və sakinlərini qoruyur…” Rüstəm: “Deyəsən, mən bu evin dilini bilmirəm, intellektual sistemləri işə salmaq üçün nəsə olmalıdır”, – qənaətinə gəldi. Amma nə? Yox, Lemi bu barədə heç nə deməmişdi.
Birdən Rüstəmin gözü salonun küncünə sataşdı. Dəhşət onu bürüdü…
Küncdə elə Rüstəmin özü yaşda bir oğlan dayanmışdı. Aralı qoyduğu jalüzün işığında Rüstəm onu aydın görürdü. Səliqəli geyinmişdi. Qəhvəyi saçları, mavi gözləri vardı. Gözləri şüşə kimi parıldayırdı. Azacıq gülümsəyən oğlan tərpənmir, sakitcə dayanıb Rüstəmə baxırdı…
Dəqiqələr keçdi. Oğlan hərəkətsiz idi. Onun üzünün gülümsər ifadəsi Rüstəmi bir qədər sakitləşdirdi. “Sən kimsən?” – o, boğuq səslə soruşdu. Rüstəm sualını bir neçə dəfə təkrar edəndən sonra cəsarətlənib yaxına getdi. “Kaan, bu sənsən?” – birdən onun ağlına gəldi. Əlbəttə, Lemigilin evində onun qardaşı Kaandan başqa daha kim ola bilərdi ki? Amma oğlanın cavab vermək fikri yox idi. Elə sakitcə baxır və gülümsəyirdi.
Hava qaralır, jalüzlərin arasından düşən işıq getdikcə zəifləyirdi.
Rüstəm oğlanla üzbəüz dayanmışdı. Onun mavi gözlərinə baxırdı. Artıq qorxmur, onu diqqətlə nəzərdən keçirirdi. Birdən-birə yadına düşmüşdü ki, bu planetdə insanların gözü mavi deyil, yaşıl olur. Bu oğlanın insana həddən artıq çox bənzəyən bir oyuncaq olduğunu anlamışdı.
Rüstəm ah çəkib ayaqlarını sürüyə-sürüyə divana tərəf getdi. Uzanmağı ilə bərk yuxuya getməyi bir oldu.
Başının altına kiminsə yastıq qoymağından, üstünü örtməyindən Rüstəmin heç xəbəri də olmadı…
Yuxu, yoxsa gerçək?
Rüstəm yumşaq divanda daş kimi yatmışdı. Zaman maşınında fizika laboratoriyasını tərk edəndən bəri ilk dəfə idi ki, belə rahat yerdə yatırdı. Amma narahatlığı şüuraltı təsir edir, o, qarışıq yuxular görürdü. Budur, Daş dövründəki dostları Axo və Nako ilə tonqalın ətrafında oturmuşlar. Dizində, biləklərində bəzək əşyaları asılmış, uzun saçlarına rəngbərəng çöl çiçəkləri düzmüş Meyra rəqs edir. Onun qızılı dərisi günəş şəfəqlərini əks etdirən su kimi işıq saçır. Birdən şimşək çaxır, göy üzü alışıb-yanır. Haradansa qəbilə başçısı peyda olur. Onun əlində daş ucluqlu nizə var. Sonra Qunn gəlir, onlara hücum edir. Yenə dəhşətli uğultu, partlayış səsi, sonra ucsuz-bucaqsız burulğan… Ulduzlar, planetlər, günəşlər burulğanı… Bir-birini əvəz edən qaranlıq, işıq, gecə, gündüz…
Rüstəm hövlnak yuxudan ayıldı. Arxası üstə çevrilib gözlərini açdı.
Əvvəl harada olduğunu başa düşmədi. Sonra bütün başına gələnlər yadına düşəndə gözlərini yumub hər şeyin yuxu olmasını arzuladı. “Kənan, hardasan?” – pıçıldadı. O dikəlib üstündəki örtüyü kənara ataraq oturdu. Ətrafa göz gəzdirdi.
Otaq Rüstəmin gözünə başqa cür göründü. Hər yerdə ağcaqanada oxşar həşəratlar uçuşurdu: pəncərələrdə, yerdə, mebelin üstündə. Otağa daraşmış bu qəribə məxluqlar vızıltıya oxşayan səs də çıxarırdılar. Sonra birdən-birə onlar hamısı yox oldular, sanki sorulub getdilər.
Otaq işıqlı və isti idi. Elektron saat işləyir, işıqları yanıb-sönürdü. Rüstəm tez küncə baxdı: oyuncaq oğlan yerində yox idi.
Rüstəmi tər basdı.
Üstündən kənara atdığı örtüyə, yastığa fikir verəndə isə lap birtəhər oldu.
O, yalın ayaqlarının ucunda oğrun-oğrun gəzib oğlanı axtarmağa başladı. Vanna otağı boş idi. Rüstəm yan tərəfdə yuxarı – ikinci mərtəbəyə aparan pilləkən aşkar etdi. Ehtiyatla üst qata qalxmağa başladı.
Binanın ikinci qatı dairəvi dəhliz və qapıları bu dəhlizə açılan otaqlardan ibarət idi. Qapılardan birinin açıq olduğunu görən Rüstəm iki əli ilə qapının çərçivəsindən tutub ehtiyatla içəri baxdı. Ürəyi bərk-bərk döyünürdü.
O, gözlərinə inanmadı!
Kənan! Geniş çarpayıda üzüqoylu yatmışdı!
Gözlərini bərk-bərk yumub bir də açdı. Yoxsa onu qara basırdı?
Bəlkə, bu da bir oyun, ya da oyuncaqdı?
Səssizcə yaxınlaşdı. Kənan kəsik-kəsik nəfəs alırdı. O, xeyli arıqlamışdı, qabırğalarını saymaq olardı. Əlini uzadıb dostuna toxundu.
– Nə baxırsan? Mənəm! Düz görürsən.
Onun zarafatları üçün çox darıxmışdı. Bərk-bərk qucaqlaşdılar. Bir-birinin çiyninə vurub gülür, sevinirdilər. Həyat onların gözündə yenə də gözəl idi. Gözəl və möcüzələrlə dolu.
Lemi
Qaranlıq olsa da, onlar evə çox rahat gəlib çatmışdılar. Kiborqlar üçün görünməz СКАЧАТЬ