Название: Zamanın əsirləri
Автор: Reyhan Yusifqızı
Издательство: Altun Kitab
Серия: Müasir Azərbaycan ədəbiyyatı
isbn: 9789952242072
isbn:
Hava işıqlaşırdı. Kənan taqqıltıya yuxudan oyandı. Axo mağaranın ağzına bir ağac kötüyü salmışdı. Kötük yerindən tərpənməsin deyə boş yerlərə daş itələyirdi. Kənan başa düşdü ki, ayı bütün gecəni arxa tərəfdə yatıb və indi də oradadır. Rüstəm şirin yuxuda idi, yata-yata gülümsəyirdi. Kənan ona həsədlə baxdı, “Hələ dünyadan xəbərsizdi, – düşündü. – İndi oyanıb başımıza gələnləri görəcək”.
Çox keçmədi ki, ayı yuxudan ayıldı. Yerində xeyli eşələnəndən sonra dustaqlarını xatırlayıb qalxdı. Yuxuda ikən içəridən səs-küy gəldiyini eşitmiş, amma durub baxmağa tənbəllik eləmişdi. İndi dəliyin bağlı olduğunu görəndə xeyli təəccübləndi, bu onun heç xoşuna gəlmədi. Pəncələri və burnu ilə kötüyü qabağa itələməyə başladı, elə həşir qopardı ki, dərin yuxuda olan Rüstəm də oyandı. Axo yuxarı dırmaşıb kötüyü yerinə itələməyə çalışırdı. Kənan pəncələri üstə qalxıb ona kömək elədi. Amma ayının hücumlarının qabağını almaq mümkün olmadı. Kötük şüşə qabdan açılan tıxac kimi sıçrayıb dəlikdən çıxdı və taqqıltı ilə yerə düşdü. Ardınca ayının burnu dəlikdən göründü.
– Biz bunsuz yaşaya bilmirik ki, – qanı qaralmış Rüstəmin yuxusu tamam qaçdı.
Xeyli keçdi. Hirsindən ağlını itirmiş heyvan özünü qayaya çırpır, aramsız böyürürdü. Bu gün o daha əsəbi idi. Uşaqlar nə edəcəklərini bilmirdilər. Nəhayət, ayı sakitləşdi. Bir azdan hənirtisi tamam kəsildi.
Uşaqlar bərk acmışdılar. Axşam yedikləri azacıq yemək onlara heç səhərə kimi bəs eləməmişdi. Aclıq getdikcə özünü daha çox göstərir, qorxu hissi ilə bərabər onlara əziyyət verirdi.
İbtidai insanların duyğu üzvləri daha çox inkişaf eləmişdi. Onlar heyvanlar kimi qoxuları bir-birindən ayırır, yaşamaq üçün hər an iti görmə və eşitmə qabiliyyətlərindən istifadə edirdilər. Ayının qoxusunu duymayan Axo mağaradan çıxdı, ayının yaxınlıqda olmadığını yəqin edəndən sonra uşaqlara işarə verdi. Onlar da bir-birinin ardınca ehtiyatla içəridən çıxdılar. Azadlıq! Təmiz havanı ciyərlərinə çəkən uşaqlar günəşin işığından gözlərini qıyıb ətrafı seyr elədilər.
Sübh çağı idi. Buludlar ağır-ağır tərpənir, külək gölün üzərinə çökmüş isti havanı meşəyə dağıdırdı. Havada uçuşan cürbəcür quşların səsi bir-birinə qarışmışdı. Təbiət çox gözəldi.
Axo başını qaldırıb meşədən o yana sıralanan dağlara baxırdı, külək onun pırpız saçlarını tərpədirdi. Duyduğu gözəllik qəbiləli oğlanın ruhunu tərpətdi. O öz-özünə soruşdu: “Bu gözəlliyi kim yaradıb, bu ənginlikləri kim işıqlandırır? Buludların arxasında nələr var? Dağların arxasında kimlər, hansı canlılar yaşayır?” Bütün hiss etdiklərindən riqqətə gələrək o uzun-uzadı qıy çəkdi.
Amma bu hislər tez keçib-getdi. Təbiətin gözəllikləri aclıq hissini azaltmırdı. Uşaqlar meşəyə tərəf baxıb yalnız bir şey düşünürdülər: orada nə tapıb yemək olar? Qəflətən iri quşlardan biri xırıltılı səslə çığıraraq tappıltı ilə yerə düşdü: Axo onu adi daşla vurmuşdu. Qalanları pırıltı ilə yuxarı qalxıb uzaqlaşdılar. Quş qanadlarını çırparaq yerdə çırpındı. Onun boynunu qanırıb sındırandan sonra Axo elə qanı axa-axa götürüb saymazyana dəlikdən içəri atdı. Rüstəmin ürəyi bulandı, tez üzünü yana çevirdi.
Axo dostlarını mağaranın yaxınlığında saxladı. İzah elədi ki, ayı çox uzaqda deyil, hər an qayıda bilər. Əgər o görünsə, tez qaçıb mağaraya girsinlər, yemək dalınca isə o özü tək gedəcək.
Uşaqlar dayanıb Axonun ardınca baxırdılar. O, sürətlə talanı keçib meşəyə üz tutdu. Qalın ağacların arasına girməzdən əvvəl dönüb geri baxdı. Uşaqlar ona əl elədilər, o da eynilə cavab verdi. Axo meşənin sıxlığında gözdən itən kimi sağ tərəfdə, meşənin kənarında ayı göründü. Onu dikdirə dırmaşmış Rüstəm birinci gördü və dili topuq çala-çala Kənana göstərdi. “Axo! Axo! – deyə uşaqlar qışqıraraq haray saldılar. – Ayı gəlir, qaç!” Onlar yoldaşlarını duyuq salmaq üçün bir-birinə aman vermədən var səsləri ilə bağırırdılar. Axo onları eşitdi. O, ağacların arasından çıxıb ayıya sarı baxdı, daş bıçağı əlində idi. Əvvəl dönüb meşəyə qaçmaq istədi, sonra Kənanla Rüstəmə baxıb fikrini dəyişdi. Onları tək qoymamaq üçün ayının qarşısından keçib uşaqlara tərəf qaçmağa qərar verdi. İti ayaqlarına güvənən Axo böyük sürət götürdü, amma ayı da sürətini artırdı. O, kəsə yolla talanın ortasına gəlib Axo ilə uşaqların arasında dayandı. Beləliklə, mağaraya gedən yol kəsildi.
Uşaqlar aramsız çığırırdılar. Axo ayının ətrafında dövrə vuraraq gölə tərəf qaçdı. Gölün lap kənarında dikəlmiş qayanın üstünə qalxıb ayıya tərəf çevrildi. Heyvanın şaqqıldayan çənəsi, gün işığında parıldayan dişləri və hədəqəsindən çıxmış donuq gözləri onun acıqlı olduğundan xəbər verirdi. Axo zil səslə uzun bir qıy vurdu. Sonra iki əli ilə sinəsini açıb nəsə göstərdi və bir neçə söz dedi. Onun nə üçün belə elədiyini heç kim başa düşmədi. Uşaqlar səslərini kəsmişdilər, sonra nə olacağını gözləyirdilər.
Axo geri çevrilib sıldırım yamacdan gölə tullanaraq sulara qərq oldu. Məsələnin belə qurtaracağını gözləməyən ayı onun ardınca aşağı baxıb bağırdı. Ovunun baş tutmadığına əmin olandan sonra ondan əl çəkib uşaqlara tərəf üz tutdu. Kənanla Rüstəm cəld dəlikdən mağaranın içinə girdilər.
Rüstəm başını aşağı salıb bir küncdə oturmuşdu, hərdən yumruqları ilə eynəyinin altından gözünün yaşını silirdi. Kənan Axonun əşyalarını nəzərdən keçirirdi. O, ağır daş baltanı yerə qoyub dostunun yanına gəldi.
– Gördün, necə tullandı? Ən yaxşı üzgüçülər də elə tullana bilməzdilər.
– Tullandı, – Rüstəm kədərlə təsdiq etdi, – tullandı və yəqin ki, qayalara dəyib parça-parça oldu…
– Mən elə düşünmürəm, – deyə Kənan etiraz etdi, – o üzüb çıxa bilər.
– İstənilən halda biz yenə tək qaldıq.
– Hə, onun yeri görünür.
Kənan bir az aralıda qan gölməçəsinin ortasında qaralan ölü quşa baxdı.
– Yaxşı, biz yemək məsələsini neyləyək?
Rüstəmin üzü əyildi:
– Demə ki, biz o quşu yeyəcəyik.
– Bizim başqa əlacımız yoxdur! – Kənan səsini qaldırdı. – Acından ölmək istəmiriksə, nə oldu yeyəcəyik! Burada kafe-restoranlar yoxdur, burada yemək belədir!
O, СКАЧАТЬ