Название: Zamanın əsirləri
Автор: Reyhan Yusifqızı
Издательство: Altun Kitab
Серия: Müasir Azərbaycan ədəbiyyatı
isbn: 9789952242072
isbn:
Ayı yırğalanaraq bir neçə addım irəli gəldi. Bu zaman… qəflətən Kənanın titrəyən əlində sıxıb tutduğu telefondan gurultulu bir musiqi səsi ucaldı. Zərb alətlərinin qulağı deşən guppultusundan hamı diksindi: Kənan da, Rüstəm də, ayı da.
İndiyə kimi dəfələrlə insanlarla rastlaşmış, amma ömründə belə şey eşitməmiş ayı çaşıb-qaldı. Kənan özündən asılı olmayaraq birdən var gücü ilə telefonu ayıya tərəf tullayıb qışqırdı: “Rüstəm, qaç!” Uşaqlar var qüvvələri ilə yerlərindən götürüldülər.
Telefon zərblə ayının kəlləsinə dəyib yerə düşdü. O hələ də oxuyurdu. Bu zərbədən ayıya bir xətər gəlmədi, amma o gözləmədiyi bu hərəkətdən incidi. Onun gücü, mənliyi təhqir olundu və indi artıq o, uşaqlar üçün güclü bir düşmənə çevrilmişdi.
Ayı telefonun səsi kəsilənə qədər onun ətrafında fırlandı, sonra yaxınlaşıb onu qoxuladı. O, arada başını qaldırıb cığırla qaçan uşaqların ardınca baxır, sanki onların hara getdiyini yadında saxlamağa çalışırdı. Nəhayət, ayı öz tərəddüdlərinə son qoydu və pəncəsi ilə telefona möhkəm zərbə vurub onu uzağa tulladı, sonra isə yırğalana-yırğalana hərəkət edərək uşaqların ardınca yollandı.
Uşaqlar talanı keçib meşənin içərilərinə tərəf buruldular. Rüstəm yorulub geri qalmağa başladı. Kənan qarşıya keçib onu gözləyir, tələsdirirdi. O tövşüyə-tövşüyə soruşdu:
– Səncə, o, arxamızca gələcək?
Rüstəmin nəfəsi qaralmışdı, danışa bilmirdi. Əli ilə artıq qaranlığa bürünmüş meşəni göstərib işarə etdi ki, ağaca çıxmaq lazımdır, başqa yol yoxdur.
Onlar yollarına davam etmək istəyirdilər ki, birdən əcaib bir məxluq kolların arasından sıçrayıb onların qarşısına çıxdı. Uşaqlar qışqırıb dayandılar.
Bu, dərisi mis rənginə çalan, pırpız saçları çiyninə tökülmüş arıq bir oğlan idi. Onun əlində ağır daş balta vardı, amma baltasını aşağı sallamışdı. Kəl gönündən olan libası möhkəm bədəninin bir hissəsini örtürdü. Belinə irili-xırdalı bir neçə bıçaq və nazik ağac qabığından hörülmüş torba bərkidilmişdi. Onun ensiz alnı, iri çənəsi üzünə sərt ifadə versə də, qonur gözləri hərarət saçırdı. Ala-toranın çiskinində uzun ayaqlarını aralı qoyub vüqarla dayanmış bu oğlanın silueti uşaqlara böyük və qeyri-adi gəlirdi. Maraq və heyrətdən onlar hər şeyi, hətta ayını da unutmuşdular.
Dostlar ibtidai insana rast gəlmişdilər!
Hər iki tərəf maraqla bir-birini nəzərdən keçirirdi. Bu, çox mühüm, həlledici anlar idi. Bundan sonra nələr olacağı bircə sözdən, hərəkətdən asılı ola bilərdi. İbtidai oğlanın nə düşündüyünü, özünü necə aparacağını bilməyən uşaqlar ona yaxınlaşmağa cürət etmir, səssizcə durub gözləyirdilər. Birdən oğlan başını çevirib harasa diqqətlə baxdı, sonra bir neçə əl hərəkəti edərək qısa sözlər söylədi. Bu gözlənilməz görüşdən özlərini itirmiş uşaqlar heç nə anlamadılar. Oğlan baxdığı istiqaməti göstərdi və əllərini qaldırıb dizlərini azca bükərək ayı kimi böyürdü. Uşaqlar ayıldılar: ayı onların arxasınca gəlir – oğlan bunu demək istəyirdi. Onlar göstərilən səmtə baxıb heç nə görməsələr də, meşəyə tərəf cumdular. Amma ibtidai insan övladı onların qarşısını kəsib gölə tərəf olan yolu göstərdi. O dayanmadan nəsə deyir, əl işarələri ilə nəyisə başa salmağa çalışırdı. Aydın idi ki, o, kömək etmək istəyir, ayıdan qurtulmaq üçün başqa yol göstərirdi. Çarəsiz uşaqlar onun ardınca getməyə qərar verdilər. Beləliklə də, bu qəribə oğlanla əməlli-başlı tanış olmağa macal tapmamış onun arxasınca yola düzəldilər.
Oğlan tez-tez gedirdi. O hər kola, hər cığıra bələd olan ovçu kimi inamla addımlayırdı. Ayağındakı ağac qabığından toxunmuş səndəllər təkcə pəncəsini tuturdu, dabanı və enli barmaqları açıq qalmışdı. Uşaqlar ona çatmaq üçün, demək olar ki, qaçırdılar. Talanı keçib dikdirə qalxdılar. Gölü haşiyələyən qayalığa çatanda ayının kəsə yolla yorğa addımlarla onlara tərəf gəldiyini gördülər. Rüstəm təlaşlandı: “O bizi hara aparır?! Qurtula bilməyəcəyik…” – dedi. “O buraları beş barmağı kimi tanıyır”, – Kənan səsinin əsdiyini özü də hiss elədi. Ayının böyürtüsü onları lap qorxutdu.
Oğlan qayaların üstündən keçi kimi bir göz qırpımında keçdi. Kənanla Rüstəm bir qədər ləngidilər. Rüstəm sürüşüb dərin yarğana yıxılanda Kənan ona kömək etmək üçün geri qayıtdı. Bu zaman onların bələdçisi ayını ləngitmək məqsədi ilə dikdirə qalxıb əlini ağzına tutaraq uzun bir qıy çəkdi. Onun hayqırtısı ayını bir qədər təşvişə saldı. Uşaqlar qayaların çıxıntısından yapışaraq irəlilədilər, bir neçə aşırım da keçib iri bir qaya parçasının altında dayandılar. Daha getməyə yer yox idi, qarşıda sıldırım yamac və göl vardı. Onun suları aşağıda yamacın ətəklərini yuyurdu.
Qaranlıq düşürdü. Gölün arxasında, üfüqdə közərərək sönən aydın çevrəli alovlu al günəşə gözünü qıymadan rahat baxmaq olurdu. Gölün sonsuz, sakit suları vahiməli görünürdü. Oğlan arxaya çevrilib qayaların arasında adam boyu hündürlüyündə olan qara dəliyi göstərdi. Sonra pişik kimi dırmaşıb dəlikdən içəri keçdi, qaranlıqda əriyib yox oldu.
Lap yaxında ayının böyürtüsü eşidildi. İçəri girməyə tələsmək lazım idi. Kənan bir dizini yerə qoyub Rüstəmə baxdı: onlar bir-birini başa düşdülər.
…Neçə vaxt idi ki, məktəbdə idman yarışları keçirilirdi. Oğlanlar arasında ikinəfərlik komandaların yarışması məktəblilər tərəfindən, nədənsə, daha böyük maraqla qarşılanırdı. Rüstəmin fiziki hazırlığı zəif olduğundan heç kim onunla tərəf-müqabil olmaq istəmirdi. Dostunun tək qaldığını görən Kənan öz qərarını verdi: “Yarışa Rüstəmlə bir yerdə çıxacağıq!” Rüstəm onu fikrindən döndərmək üçün çox çalışdı, “Sən idmançısan, özünə güclü bir tərəfdaş seç. Mən səni ləngidəcəm”, – deyə israr etsə də, Kənan fikrindən dönmədi. Dostunu pis vəziyyətdə qoymamaq üçün Rüstəm ciddi şəkildə hazırlaşıb əlindən gələni elədi. Hər səhər tezdən idman zalına gəlir, məşq eləyir, yarışa hazırlaşırdı. Kəndirə dırmaşmağı, paralel qollarda gəzməyi, turnikdən sallanaraq o üzə tullanmağı öyrəndi. Təkcə hündür maneədən aşmağı bacara bilmədi. Boyu balaca olduğundan tullanıb hündürə dırmaşa bilmirdi ki, bilmirdi. Bunu Kənana deyəndə o, Rüstəmi sakitləşdirdi. “Maneənin qarşısına çatan kimi mən bir dizimi yerə qoyacam, sənsə ayağını o biri dizimin üstünə qoyub cəld yuxarı qalxarsan, vəssalam”. Elə də elədilər. Üstəlik, yarışmanın qalibi oldular. Həmin gün Kənan dostunu boynuna mindirərək bütün stadion boyu qaçdı, sonra bayrağa bürünüb qucaqlaşdılar. Necə xoşbəxt СКАЧАТЬ