Sufi hekayətləri. Народное творчество
Чтение книги онлайн.

Читать онлайн книгу Sufi hekayətləri - Народное творчество страница 3

Название: Sufi hekayətləri

Автор: Народное творчество

Издательство: Altun Kitab

Жанр:

Серия: Hikmət

isbn: 9789952242805 

isbn:

СКАЧАТЬ Bəs siz, cavan oğlan?

      – Mən işsizəm. İş tapmaq istəyirəm. Amma heç kəs məni işə götürmür, – deyə üçüncü cavab verir.

      – Çox pakizə, – Rəşid Sitarzadə deyir. – Arzularınız həyata keçə bilər. Sabah yanıma gəlin, sizə adamları siqaretdən çəkindirən loğmanın, sirinqada çalmağı öyrədən musiqi məktəbinin və mənim zəmanətimlə iş verəcək şəxsin ünvanını deyim.

      Rəşidin loğmanın harada yaşadığını, musiqi məktəbinin harada yerləşdiyini və kənddə kimin işçiyə ehtiyacı olduğunu öyrənmək fikri yox idi. Təxmin etdiyi kimi, bu gənclərdən heç biri bir daha onun yanına gəlmədi.

      RUMİNİN BƏSİRƏTİ

      İşləri düz gətirməyən təbrizli tacir Rumini görmək üçün Konyaya gəlir. Ustada təqdim etmək üçün özü ilə əlli qızıl sikkə də götürür. Otağa daxil olub Mövlananı görəndə həyəcandan özünü itirir.

      Cəlaləddin deyir:

      – Əlli qızılın qəbul olundu! Amma sən iki yüz itirmisən, gəlişinin səbəbi də budur. Allah səni cəzalandırıb, indisə yol göstərir.

      Ruminin bəsirəti taciri heyran qoyur. Mövlana davam edir:

      – Bir dəfə uzaq Qərbdə, xristian dünyasında, xristian dərvişin yanından ötüb-keçəndə onun üzünə tüpürmüsən, buna görə də işlərin pis getməyə başlayıb. Get onu tap və üzr istə, bizim də salamlarımızı çatdır.

      Açıq kitab kimi oxunduğunu görən tacir lap özünü itirir.

      – Bura bax, – Cəlaləddin deyir, – indi onu sənə göstərərik.

      Ustad bu sözləri deyib divara toxunur və tacirin gözləri qarşısında Avropadakı bazar, bir də yerdə uzanmış dərviş canlanır. Tacir Ruminin yanından sarsılmış halda ayrılır.

      O, dərhal Avropaya yollanır və xristian dərvişi tapır. Tacirin yaxınlaşmağı ilə onun dilə gəlməyi bir olur:

      – Ustad mənimlə əlaqə saxladı.

      Tacir dərvişin göstərdiyi istiqamətə baxır və Cəlaləddini görür. Mövlana deyir:

      – Onun dağında yaquta da, çınqıla da yer var.

      Konyaya qayıdan tacir Rumiyə xristian dərvişin salamını çatdırır və özü də dərviş icmasına qoşulur.

      AXTARDIĞIN DAXİLİNDƏDİR

      Bir dəfə sufi mistiki Rəbiyyə axşam saatlarında balaca evinin qabağında, küçədə nəsə axtarırdı. Günəş batmaqda, qaş qaralmaqda idi. Onun başına bir dəstə adam yığışır. Camaat soruşur:

      – Nə edirsən? Nə itirmisən? Nə axtarırsan?

      – İynə itirmişəm, – qadın deyir.

      – Hava artıq qaralır, iynəni tapmaq çətin olacaq, gəl sənə kömək edək. Hara düşdüyünü xatırlayırsan? Küçə böyükdür, iynəsə balaca. Yerini dəqiq bilsək, tapmaq asan olar.

      – Kaş ki bu sualı verməyəydiz, – Rəbiyyə deyir, – açığı, o, küçədə deyil, evdə düşüb.

      Camaat gülə-gülə deyir:

      – Ağlının azdığını onsuz da bilirdik! İynə evdə düşübsə, onu niyə yolda axtarırsan ki?

      – Sadə və məntiqi səbəbdən, – Rəbiyyə cavab verir. – Evin içi qaranlıqdır, bayırsa hələ bir az işıqlıdır.

      Camaat qəhqəhə çəkib dağılışmağa başlayır. Rəbiyyə onları geri çağırıb deyir:

      – Ayaq saxlayın! Məhz siz belə edirsiniz; mənsə, sadəcə, nümunə götürürəm. Siz xoşbəxtliyi zahirdə axtarırsınız, halbuki əsas sualı verməyi unudursunuz: onu harada itirmisiniz? Mənsə deyirəm: onu daxilinizdə itirmisiniz. Siz səadəti sadə və məntiqi səbəbdən, duyğu orqanlarınız zahirə yönəldiyindən və orada azacıq işıq olduğundan xaricdə axtarırsınız. Mənsə öz təcrübəmdən çıxış edib deyirəm ki, xoşbəxtliyi orada itirməmisiniz. Mən də onu illər boyu zahirdə axtarmışam, amma bir gün daxilimə nəzər salıb heyrətləndim. Axtarmağına dəyməzmiş: axı o, həmişə içimdə olub…

      QAYÇI

      Ürək nevrozundan əziyyət çəkən bir nəfər Ruminin yanına gəlib deyir:

      – Gəzmədiyim loğman qalmayıb, heç kəs dərdimə əlac tapa bilməyib. Sizə pənah gətirmişəm.

      Ustad qonağı diqqətlə seyr edib azacıq fikrə gedir və deyir:

      – Mənə qayçı gətirin.

      Şagirdlər qayçını gətirənədək yerindəcə əsəbi halda qurdalanan qonaq sonda səbrini basa bilməyib soruşur:

      – Olmaya ürəyimi kəsmək istəyirsiniz?

      Rumi qəhqəhə çəkib deyir:

      – Mən cərrah deyiləm, özü də qayçı ilə ürəyi əməliyyat eləmək barədə ilk dəfə səndən eşidirəm.

      Nəhayət, qayçını gətirirlər və Rumi qonağın köynəyindəki düymələrdən birini kəsib tövsiyə edir:

      – Bunun yerinə başqasını tikmə, üstəlik, ora toxunma.

      Rumi həmin adama iki həftədən sonra gəlməyi tapşırır və deyir ki, bu müddət ərzində yaxşılığa doğru dəyişiklik olacağını gözləyir.

      İki həftədən sonra qayıdıb gələn şikayətçinin bu dəfə üz-gözündən sevinc yağır:

      – Həkim məni müayinə elədi, ürəyimi də dinlədi və hər şeyin qaydasında olduğunu dedi. Möhtərəm, olmaya siz düyməmdən zalım ruhları qovdunuz?

      Rumi gülümsəyərək cavab verir:

      – Həmişə köynəyinizin ürəyinizə yaxın olan düyməsini sıxır və oynadırdınız. Ürəyinizi gəmirən “ruh” elə bu düymə idi. Onu kəsməklə və sizə həmin yerə toxunmağı qadağan etməklə ürəyinizi əlinizin əsəbi hərəkətlərindən azad etmiş oldum.

      MÜƏLLİMİN ÖHDƏLİKLƏRİ

      Birisi Bəyazid Bistamidən xahiş edir:

      – İcazə ver sənin ailənin üzvü olum.

      – Bunun üçün bir neçə tələbimi yerinə yetirməlisən, – Bəyazid deyir. – Həqiqətən şagirdlik etmək istəyirsənsə, çoxlu öhdəliyin olmalıdır.

СКАЧАТЬ