Uzaq sahillərdə. Имран Касумов
Чтение книги онлайн.

Читать онлайн книгу Uzaq sahillərdə - Имран Касумов страница 5

Название: Uzaq sahillərdə

Автор: Имран Касумов

Издательство: Altun Kitab

Жанр:

Серия: Azərbaycan ədəbiyyatı

isbn: 9789952245042

isbn:

СКАЧАТЬ İcazə verin, sizi maşınla aparım…

      Lakin Şults həkimi itələyib piyada yola düzəldi. Gözləri qanla dolmuşdu, sifətindən qəzəb yağırdı. O, gərgin halda fikirləşirdi: «Bu gün mənimlə bir yerdə yemək yeyənlərdən kimsə partizanmış! Bəlkə də, Mixaylo idi? Ola bilər! Gör ha, Şults təcrübəli bir gestapoçu olsa da, onu görə bilməyib! Mixaylo onun burnunun dibində, gözlərinin qabağında təxribat törədib, heç bir cəza çəkmədən də gedib. İndi də, yəqin, heç nə olmamış kimi şəhərdə gəzir».

      Birdən Şultsun gözləri Mixaylo haqqında yazılmış elana sataşdı. «Bu partizan kəşfiyyatçının başına təyin edilmiş məbləği artırmaq lazımdır, – deyə o düşündü. – Ancaq onda vəziyyət düzələcəkmi? Yox, daha ciddi tədbirlər lazımdır».

      Baş vermiş hadisədən bir saat keçməmişdi ki, Triyestdə hər şey sakitləşib öz yoluna düşdü. Çünki adamlar partlayışlara alışmışdılar. Axı yalnız hitlerçilərin yaşadığı binalar partlayırdı. Dinc əhalinin təşvişə düşməsi üçün heç bir əsas yox idi. Əksinə, onlar hər dəfə partlayış səsi eşitdikdə sevinirdilər.

      Şults isə hələ də Triyestin küçələrini gəzirdi. Partlayışdan sonra qulaqlarındakı gurultu hələ çəkilməmişdi, ürəyi də bulanırdı. Öz gəzintisinin mənasızlığını başa düşən Şults, nəhayət, dincəlmək üçün gestapoya tərəf döndü.

* * *

      Hava qaralanda Mixaylo öz dostları və qonağı ilə şəhərdən çıxdı. İki saat yol gedib gecəni Prosek qəsəbəsində keçirdilər.

      Səhər tezdən yola düşdülər. Hər tərəf dumana bürünmüşdü. Dağa dırmaşmaq isə get-gedə çətinləşirdi. Qabaqda gedən Anjelika qarlı cığırda tez-tez sürüşüb büdrəyirdi. Vasya ona kömək edirdi. Hamıdan axırda Mixaylo gəlirdi. Mixaylo yoldaşlarına təklif etdi ki, dayanıb dincəlsinlər.

      Yarımsaatlıq istirahətdən sonra yenə də yollarına davam etdilər. Kəndlərdən keçib dağları aşdılar. Dağlarda yaşayan əhali Mixaylo və onun yoldaşlarını səmimiyyətlə qarşılayır, onları südə, qarğıdalı çörəyinə qonaq edirdi. Triyestdə yaşayanlar italyanca danışırdılar, burada isə hamı sloven dilində danışırdı.

      Yolçulara xəbər verdilər ki, partizanları axtarmağa gələn hitlerçilər Komen kəndinə soxulub bir neçə evi yandırmışlar. Lakin hitlerçilər partizanları lazım olduğu yerdə axtarmırdılar. Həmin vaxt partizan briqadasının bölmələri tamam başqa yerdə əməliyyat aparırdılar.

      Mixaylo Vasya ilə Anjelikaya Plava kəndində qalmağı tapşırdı. Özü yanındakı qonağı ilə qərargaha yetişəndə artıq hava qaralmış, göydə tək-tək ulduz parlamağa başlamışdı.

      Partizan briqadasının qərargahı bir neçə gün idi ki, şəhərin kənarında yiyəsiz qalmış malikanədə yerləşirdi. Triyestin fabrik sahibkarlarından birinə məxsus olan bu malikanə şəhərdən 70 kilometr aralıda, hündür dağın başındakı şam meşəliyində yerləşirdi.

      Malikanənin buxarılarında odun yanır, xüsusi dayaqların üstündə isə çayniklər və qazanlar qaynayırdı. Oyaq olanlar silahlarını təmizləyir, paltarlarını yamayır, çay içir, üzlərini qırxırdılar. Tapşırıqdan qayıtmış yorğun adamlar harada gəldi – çarpayılarda, divanlarda, stolların üstündə, kreslolarda və döşəmənin üstündə yatırdılar.

      Birdən kimsə qapını taybatay açıb qışqırdı:

      – Mixaylo qayıtdı!

      Bütün malikanə hərəkətə gəldi. Bu xəbər salondan salona, otaqdan otağa, pilləkəndən pilləkənə adladı.

      Partizanlar Mixaylonun əlini sıxır, qucaqlayır, tez-tez çiyninə vururdular.

      – Qonağımız da var, – Mixaylo başı ilə qapının yanında tək dayanmış yumşaq şlyapalı adamı göstərdi. – Xahiş edirəm, ona hörmət eləyəsiniz.

      Bunu dedikdən sonra əsl adı Mehdi olan Mixaylo belindən iri mauzer sallanan oğlanın qulağına pıçıldadı:

      – Onu gözdən qoyma, Silvio!

      Mixaylo yüyürə-yüyürə dəhlizi keçdi, qapılardan birini açıb içəri girdi. Üstünə çoxlu kağız və xəritə yığılmış, şamlarla işıqlanan stolun dalından geniş alınlı, xoşsifət bir kişi qalxdı.

      – İcazə varmı, yoldaş polkovnik? – Mixaylo şən bir səslə soruşdu.

      Polkovnik gülümsəyərək Mixayloya yaxınlaşdı, onu öpüb bağrına basdı.

      – Çox sağ ol, Mehdi! Bir həmləyə yüzdən çox zabit və əsgərin öhdəsindən gəlmək zarafat deyil! «Döyçe soldatenhaym»da olanlardan cəmi 3–4 nəfər sağ qalıb. Əyləş.

      Mixaylo əyləşdi.

      – Bu gün Triyestdəki zabitlər mehmanxanasını partladacaqlar, limanda isə tankeri yandıracaqlar. Özü də iş elə qurulacaq ki, faşistlər bunların da Mixaylo tərəfindən edildiyini düşünsünlər… Qoy elə bilsinlər, Triyestdə təkcə sən əməliyyat aparırsan.

      – Axı bu nəyə gərəkdir? Onlar niyə belə düşünməlidirlər?

      – Bilirsən, Mehdi, əfsanəvi Mixaylonu tutmaq, onu ələ keçirmək daha çətindir… Vasya haradadır?

      – Vasya Plava kəndində gizlənib. Yeni tapşırığa gedəndə cümə günü məni qarşılayacaq…

      – Xəbər göndər, gəlsin. Bu hərc-mərclikdən sonra azı bir ay şəhərdə görünməməlisiniz…

      – Niyə, Sergey Nikolayeviç? – Mixaylo etiraz etdi. – Bu dəfə ikimiz də əsgər paltarı geyinəcəyik. Özümüzü də kefli kimi aparacağıq. Söz yox ki, Vasyanın yanağı daha səyriməyəcək. Şəhəri də indi yaxşı tanıyıram.

      – Olmaz, Mehdi! – Sergey Nikolayeviç qəti səslə dilləndi. – Belə qısa müddətdə bu qədər rola girmək olmaz: kəndli balası, hara isə tələsən işgüzar yefreytor, təkəbbürlü, hər yerdə dava salıb söyüş söyən ober-leytenant… İndi də kefli əsgər olmaq istəyirsən… Qorxuram ki, müharibə qurtarıb evə qayıdanda rəssamlığı buraxıb artist olasan…

      Mixaylo papiros yandıra-yandıra dedi:

      – Yox, rəssamlıqdan əl çəkən deyiləm, Sergey Nikolayeviç! Bu gün özümü saxlaya bilməyib San Custoya getdim. İnanırsınız, bütün günü orada durub tamaşa eləyə bilərdim…

      – Qoy bir görək! Sən dedin, mən də inandım!

      – Doğru deyirəm, Sergey Nikolayeviç!

      – Yaxşı, yaxşı, inanıram. Komandiri gördün?

      – Gördüm. СКАЧАТЬ