Название: Uzaq sahillərdə
Автор: Имран Касумов
Издательство: Altun Kitab
Серия: Azərbaycan ədəbiyyatı
isbn: 9789952245042
isbn:
Zabit bu qədim sənət əsərindən böyük zövq alırdı. Gah yerində donub-qalır, gah bir neçə addım geri çəkilir, gah da heykələ yaxınlaşaraq onu diqqətlə gözdən keçirirdi. Hətta yaxınlaşıb heykəlin ətrafını bəzəyən qədim naxışları barmağı ilə sığalladı.
Zabitin sifətindəki soyuq təkəbbür ifadəsi yox olmuşdu. O, heykəlin qarşısında həddən artıq dayandığını hiss edib özünü ələ aldı və cəld ətrafına göz gəzdirdi.
Kilsə, demək olar, boş idi. Əlində çətir tutmuş şişman bir qocadan və iki cavan qızdan başqa bir kimsə yox idi. Bir keşiş də onun kimi heykələ tamaşa eləyirdi.
Zabit qoca keşişə yaxınlaşıb papağını çıxardı və ona xeyir-dua verməsini istədi. Keşiş əlini qaldırıb xaç çəkdi.
– Müqəddəs ata, deyəsən, siz də mənim kimi sənət əsərlərinin vurğunusunuz…
– Bəli, amma sizin kimi zabit öz vaxtını Via Qeqqa küçəsindəki soldatenhaymda keçirsə, daha yaxşı olar…
– Müqəddəs ata, günün hansı saatlarında ora getmək daha münasibdir?
– Gündüz saat 2-də. Sizin zabitlər orada bu vaxt yemək yeyirlər.
– Təşəkkür edirəm.
Bir neçə dəqiqədən sonra ober-leytenant Via Qeqqanın tinindəki balaca bir dəllək dükanının qabağında durmuşdu: deyəsən, kimi isə gözləyirdi.
Küçə ilə hitlerçi feldjandarmlar keçirdilər. Onlar iyirmi nəfərə qədər olardılar. Başlarında parlaq və hündür kaska, döşlərində isə xüsusi jandarm nişanı vardı. Jandarmlar küçədən keçən bütün hərbi qulluqçuları saxlayır və sənədlərini yoxlayırdılar.
Lakin ober-leytenant yaxınlaşan jandarmlara o qədər də əhəmiyyət vermədi. Gözlərini qarşıdakı səki ilə gedən əli çantalı bir alman əsgərinə zilləmişdi. Əsgər sol əli ilə qaragözlü, qara, qıvrımsaçlı gözəl bir italyan qızını qucaqlamışdı.
Çil-çil sifətli, göygöz, ağımtıl qaşlı əsgər çox cavan idi. Ona 19–20 yaş ancaq vermək olardı. Qız isə oğlana nisbətən bir qədər böyük görünürdü. Əsgərin kefi kök idi: qəhqəhə çəkib gülür, qızı qucaqlayıb qulağına nə isə pıçıldayırdı. Qız onun sözlərini dinləyərək diksinir, çiynindəki şala daha bərk bürünürdü.
Ober-leytenant kinayə ilə gülümsündü.
Əsgər yanındakı qızla birbaş jandarmlara tərəf yeriyirdi. Onlar jandarmlara çathaçatda ober-leytenant əsgərin qabağını kəsdi.
Əsgər təqsirkar bir ifadə ilə gözlərini döyərək qeyri-ixtiyari əllərini yanına saldı. Lakin artıq gec idi. Zabit onu danlamağa, söyməyə başladı. Hətta jandarmlar təəccüblə bir-birinə baxıb ayaq saxladılar. Zabit get-gedə qızışır, özündən çıxır, deyirdi ki, iki saatdır onu axtarır, o isə vəzifəsini unudub Triyestin restoranlarında veyillənir, əxlaqsız qızlarla gəzir. Lap axırda isə əlavə elədi ki, onu ancaq kötəklə işləməyə məcbur etmək olar.
Əsgərin yanındakı qız qorxusundan divara tərəf sıçradı və yaxındakı tini burulub gözdən itdi.
Əsgərin yanağı səyriyirdi. O kəkələyərək nə isə deməyə çalışırdı, lakin zabitin yağdırdığı yeni söyüşlər onu bu mənasız cəhddən əl çəkməyə məcbur etdi.
– Bəsdir yanağını dartdın, axmaq! – zabit qışqırdı. – Əminəm ki, səni döyüş meydanında yox, meyxanada pivə parçı ilə vurub şikəst ediblər. Hələ utanmaz-utanmaz döşündə xaç nişanı gəzdirir. Atasının əziz xatirəsinə görə onu, sadəcə, «Körpə» adlandırıram. Heç təsəvvür eləyə bilmirəm ki, eses zabitinin belə axmaq bir oğlu ola bilər. Marş, dalımca!..
Körpə çantasını çiyninə atıb onun dalınca getdi. Feldjandarmların rəisi çeçələ barmağı ilə qaşının arasını qaşıdı: «Lənət şeytana, bu zabiti belə hirsli vaxtında saxlasan, sənə də ağzından çıxanı deyər».
Rəis əllərində çamadan vağzala tərəf gedən iki əsgəri dayandırıb onların sənədlərini yoxlamağa başladı.
Ober-leytenant ilə Körpə beşmərtəbəli qədim bir evə yaxınlaşdılar. Keçmişdə yerli əhalinin fəxr etdiyi bu gözəl bina indi «Döyçe soldatenhaym» adlanırdı.
Ober-leytenant və onun əsgəri «Döyçe soldatenhaym»a girəndə qarşı səkidəki slovenli bir qarı onlara tərəf baxaraq tüpürdü: «Ah, kaş bu ev başınıza uçaydı. Siz olmasaydınız, mənim Mitrim sağ qalardı. Sizi görüm lənətə gələsiniz, cəlladlar!»
O qədər də böyük olmayan vestibüldən3 yuxarı zərli məhəccərli geniş pillələr qalxırdı. Pillələrin hər iki tərəfindəki mərmər sütunlar, tavandan asılmış büllur çilçıraqlar par-par parıldayırdı.
Yuxarıdan musiqi səsləri eşidilir, xörək ətri gəlirdi. Balacaboylu bir zabit tapança qayışını açıb paltarasana ilişdirməyə çalışırdı. Xörəkpaylayan qadınlar onun yanından ötərək o tərəf-bu tərəfə vurnuxurdular. Nişastalanmış ağ önlüklər və krujeva onlara təntənəli bir görkəm verirdi. Hamısı alman idi. Bu evə ancaq almanlar girə bilərdilər.
Ober-leytenant və Körpə birinci salonun açıq qapısı qarşısında dayandılar. Bura əsgərlərin və kiçik zabitlərin yeməkxanası idi. Hiss olunurdu ki, onlar hələ təzə-təzə yığışmağa başlayıblar. Bir neçə əsgər patefonun yanında dayanıb mahnıya qulaq asır, zarafatlaşıb gülüşürdülər.
Birdən əsgərlər gözlərini onlara zilləmiş ober-leytenantı gördülər. Hamısı farağat durdu.
Zabitin sifəti daş kimi ifadəsiz idi. Əsgərlər xeyli müddət yerlərində donub-qaldılar, səslərini çıxarmadılar. Nəhayət, ober-leytenant onlardan gözünü çəkib üçüncü mərtəbəyə qalxan pillələrə tərəf yönəldi. Körpə əsgərlərə göz vurub öz zabitinin dalınca getdi.
Üçüncü mərtəbədə sakitlik idi, salonun qapısından tünd-qəhvəyi rəngli ağır pərdələr asılmışdı. Zabit etinasız bir hərəkətlə pərdəni aralayıb içəri baxdı. Sonra salona girdi.
O, stolların arasında gəzir, sanki yüksəkrütbəli zabitlərin xörək yeyəcəkləri stolların səliqə-sahmanını yoxlamaq istəyirdi.
– Körpə! – zabit əsəbi səslə əsgəri çağırdı. – Bu dəsmallar xoşuma gəlmir, çox kobuddur!
Körpə zabitin nəyə işarə etdiyini dərhal başa düşüb çiynindəki çantanı yerə qoydu, oradan bir dəstə dəsmal çıxartdı.
Onlar tez-tələsik stollardakı dəsmalları dəyişdirib salonu tərk etdilər.
СКАЧАТЬ
3