Название: Xiyabani
Автор: Pənahi Makuli
Издательство: Altun Kitab
Серия: Azərbaycan ədəbiyyatı
isbn: 9789952245028
isbn:
Hacı Əbdülhəmidin ailəsi Xiyaban məhəlləsinə, atasının dostugilə düşdülər. Həmin adam Məhəmmədin atası kimi hacı kişi idi. Yeganə oğlu Məhəmmədəli sarışın, arıq bir oğlan idi. Yaşda Məhəmməddən böyük olsa da, boyca Məhəmmədlə bir idi. Onların dostluğu elə ilk gündən tutdu. İkisi də məşhur məktəbdar Ədibinin yanında oxumağa başladı.
Bir həftədən sonra Məhəmmədin atası Xiyaban məhəlləsində bir ev satın alıb oraya köçdü. Uşaqlar dərsdən azad olan kimi birlikdə bazara gələr, hər kəs öz atasının alver elədiyi hücrəyə gedər, vaxtlarını atalarının yanında keçirərdilər. Məhəmmədəlinin atası badam taciri idi. Hacı Əbdülhəmid isə, əvvəl dediyimiz kimi, Rusiya ilə ticarət edirdi. O, İran mallarını Mahaçqalada olan qardaşına göndərir, o da həmin malları satıb müqabilində Təbrizə rus malı yollayırdı…
8
Günlər ötür, hər ötən gün Məhəmmədin həyatında dərin iz buraxırdı. O, on beş-on altı yaşlarına gəlib çatmışdı. Məhəmmədəli ilə dostluğu daha da möhkəmlənmişdi. İndi onlar yalnız görüb eşitdikləri ilə kifayətlənmir, biliklərini artırmaq üçün səylə çalışırdılar. Bir gün Məhəmmədəli (Atası badam taciri olduğuna görə ona «Badamçı»da deyirdilər) gəlib Məhəmmədi hücrədən çağırdı:
– Qəribə bir kitab ələ keçirmişəm, gedək oxuyaq.
– Nə kitabıdır?
– Mirzə Fətəli Axundzadənin təmsilləridir.
– Mən onun əsərləri barədə eşitmişəm, – deyə Məhəmməd fikrə getdi. – Bizim mirzə deyir ki, bu əsərlər nədənsə müctəhid3 ağanın xoşuna gəlməyib. Ona görə də dərslərdə oxumağa icazə vermir. Gərək özümüz oxuyaq.
9
Bir dəfə isə Məhəmməd sevinə-sevinə Badamçının yanına gələrək dedi:
– Ağam məni İstanbula göndərir.
– İstanbula?! Doğrudan? Bəh-bəh, kef çəkəcəksən ha! Ancaq səndən bir xahişim olacaq. Tiflisdən keçəndə o təmsilləri yazan adamın qalan əsərlərini də əldə edib bura gətirərsən.
– Təəssüf olsun ki, Tiflis yolu ilə getməyəcəyik. İnşallah, qayıdanda həmin yoldan qayıdarıq. Biz gedəndə malları müşayiət eləməliyik. Heç bilmirəm bu xəbəri anama necə verəcəyəm.
– Niyə, bu, pis xəbər deyil…
– Doğrudur, ancaq sən bilirsən ki, mənim anam burada qəribdir, heç kəslə get-gəli yoxdur, ürəyi çox sıxılır. Üstəlik, iki aydan çoxdur ki, azarlayıb.
– İndi ki belədir, getmə.
– Getməsəm də olmaz… Bu zəhrimar malları burada kim alar?
10
Nəhayət, səfər günü gəlib çatdı. Yola çıxanların hamısından kiçiyi on yeddi yaşlı Məhəmməd idi. O, bığ yeri təzəcə tərləmiş, arıq, ucaboy bir gənc olmuşdu. Gözünə taxdığı eynək uzunsov sifətini bir az dəyirmi göstərirdi. Ovaxtkı İran tüccarlarına xas qara mahuddan papaq qoymuş, uzun ətəkli əntəri geyinmişdi.
Məhəmmədgil yola düzəldilər. Xoydan keçib Seydava kəndinə gəldilər. Bir saat sonra isə buradan çıxıb Qurdik dərəsinə endilər. Otuz kilometr uzunluqda olan bu dərənin lap ortasındakı çayxana heç vaxt adamsız olmazdı.
Onlar gəlib çayxanada oturdular. Çayçı çay gətirəndə tacirlərdən biri Mir Hadı ağa ondan soruşdu:
– Səkmənabad mahalına çoxmu qalıb?
– Bir saat gedəndən sonra dərə qurtarır. Dərədən çıxan kimi isə Səkmənabad mahalı bir şəkil kimi qarşınızda açılacaq, – deyə çayçı sağ əli ilə böyük bir dairə cızıb izahat verdi.
– Bu gün Qaraeyniyə çata bilərikmi?
– Güman etmirəm. Bu səhər keçən dəvələr sizinki idimi?
– Dəvələr yox, yükləri bizim idi, – bu dəfə Məhəmməd dilləndi.
Çayçı başı ilə onu təsdiqləyib əlavə etdi:
– Düzdür, dəvələr Paşa bəyindir. Onlar bəyin yurduna düşəcəklər, siz də atlarınızı birbaş oraya, Paşa bəyin çadırlarına sürün. Ora sizin üçün karvansaradan daha rahat olar. Süfrəsi açıq adamdır.
Onlar çayçının dediyi yerə çatanda günün batmasına iki saatdan da çox qalmışdı. Paşa bəy evdə yox idi: şikara getmişdi. Arvadı Bahar xanımla qızı Dürdanə irəli çıxaraq müsafirlərə xoşgəldin etdilər. Paşa bəyin qırx yaşlı, ancaq xeyli cavan görünən arvadı ilə gözəlliyinə və mərifətinə görə el içində ad çıxarmış on beş-on altı yaşlı qızı qonaqlara gülərüz göstərdilər. Başlarına ipək kəlağayı bağlasalar da, üzləri açıq idi. Məhəmməd Təbrizdə yaşadığı müddətdə bir-iki dəfə gördüyü xarici qadınlardan başqa üzüaçıq qadın görməmişdi. Üstəlik, Bahar xanımla Dürdanənin utanmadan, çəkinmədən söhbət edirdilər. Odur ki Məhəmməd indi bu qadınlara lap mat qalmışdı. Utandığından başını qaldırıb nə qıza, nə də anasına nəzər yetirə bilmirdi. Arada qeyri-ixtiyari olaraq göz qapaqlarını qaldırıb istər-istəməz qıza baxdı. Qızın da gülümsəyərək ona baxması Məhəmmədi daha çox utandırırdı.
Bahar xanımla Dürdanə qonaqlara təzəcə çay vermək istəyirdilər ki, ev sahibi ilə iki nəfər gəldi. Onlar yekə bir dağ keçisi vurub öküzün üstünə bağlamışdılar. Əyin-başları tökülmüş elat uşaqları öküzü araya almışdılar. Uşaqların bir yandan dağ günəşinin, bir yandan da küləyin və yağışın altında qaralan dəriləri polad kimi bərkimişdi.
Çadırlardan kənar dörd yəhərli atın hörükləndiyini görən Paşa bəy evində qonaq olduğunu hələ çox uzaqdan anlamışdı. Bu adama otuzdan çox yaş vermək olmazdı. Əslində isə, yaşı qırx beşi keçmişdi. O, gülərüz, çevik və xoşqılıq bir adam idi.
Paşa bəy çadırlara çatıb birbaşa qonaqların yanına yollandı. Onlarla mehriban salamlaşıb söhbət eləməyə başladı. Bu zaman Bahar xanımla qızı isə böyük sacı üç iri daşın üstünə qoyub elat arasında ən ləziz xörək sayılan sacqovurması tədarükündə idilər.
Bahar xanımın qonaqlara həvəslə qulluq elədiyini görən elat qızları qonaqxanaya işarə ilə Dürdanəyə pıçıldadılar:
– Elçiyə gələnə oxşayırlar ha!
– Çaşmayın! Adamın evinə qonaq gələr.
СКАЧАТЬ
3