Название: Hekayələr
Автор: Василий Шукшин
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952242768
isbn:
Bağışla məni, an-aaa,
Üzünə ağ olduğumçün
Yerimdi həbsxan-aaa.
Bir anlığa hamı susdu. Stepanı insanlara etdiyi xeyirxahlıq və sevgi hissi bürüdü. O, hissolunacaq dərəcədə keflənmişdi:
Məhbəs zarafat deyil,–
Sınamaqdı dözüm-üüü.
Zarafat bilə-bilə
Məhv elədim özüm-üüü.
Qadının dilindən oxunan bu mahnı oturanların xoşuna gəlmədi. Günaha batmış qadının peşmançılıq hissini qiymətləndirmədilər.
– Oğru mahnısıdı! – həbsxanada hər tərəfin oğru-quldurlarla dolu olduğunu düşünən həmin sadəlövh oğlan coşqunluqla dedi. – Sakit olun!
– Oğlum, həbsxanada çox qadın yatır? – anası masanın o başından sual verdi.
– Bəs eləyir.
Sonra məhbəs həyatının qadınlar üçün, yəqin, daha ağır olduğu barədə söhbət getdi.
– Yəqin, uşaqlar da başsız böyüyür?
– Uşaqları yetimxanaya verirlər…
– Mən qadınları həbs etməzdim! – kifayət qədər içkili kişilərdən hansısa sərtliklə dedi. – Paltarlarının ətəyini başlarına çevirib kəmərlə çırpardım!
– Belə şeylər kömək eləməz, – deyə Yermolay mübahisəyə başladı. – Sən onu belə cəzalandırsan, o daha qəzəbli və kinli olar. Bax mən özümünkünü cavanlıqda bir-iki dəfə cilovladım. O da mənim acığıma lal qız doğdu.
Kimsə öz sevimli mahnısını oxudu:
Atam əkinçi idi,
Hər gün yer şumlayırdı.
Məni işdə özünə
Arxa, dayaq sayırdı.
Mahnını ağız-ağıza verib oxudular, səslərini zilə qaldırdılar, sonra yavaş-yavaş bəmə endirdilər.
Üç gün üç gecə idi
Mücadilə edirdim.
Bacımı əsirlikdən
Qurtarmağa gedirdim.
Hər kəs mahnıya aludə olmuşdu – başlarını bikef halda aşağı salıb oxuyurdular:
Heyif, amansız cani
Tuşlayıb tüfəngini
Yerə sərdi bacımı, –
O gözəl turacımı.
Qalxdım uca bir dağa,
Doğma kəndə baxmağa.
Gördüm yanır kəndimiz, –
Alışır vətənimiz.
Stepan əsəbi halda yumruğunu mizin üstünə vurdu.
– Sən məni sevmirsən, mənə yazığın gəlmir! – deyə ucadan qışqırdı. – Amma mən sizin hamınızı sevirəm, ay lənətə gəlmişlər. Mən sizin üçün çox darıxmışam.
Kandarda, siqaret dumanının içindən qarmon səsi eşidildi. Kimsə tədbirli tərpənib qarmonçalan gətirmişdi. Hamı bağırmağa başladı. Mahnı canını tapşırdı. Bir-bir stolun arxasından çıxıb mahnının ahənginə düşməyə çalışdılar. Ayaqlarını döşəməyə daha bərk vurmağa çalışırdılar.
Qadınlar əl-ələ tutub nəqərat oxuya-oxuya dövrə vurmağa başladılar. Lal qız da dəsmalını başının üzərində yellədərək dövrə vururdu. Onu barmaqla göstərib gülürdülər… O da gülürdü, o, xoşbəxt idi.
– Verka! Ve-erk! – çox içmiş bir kişi qışqırdı. – Sən ora-bura gəzməkdənsə, oxu, oxu! – Onu eşidən yox idi, öz zarafatına özü gülüb qəşş etdi.
Stepanın anası yaşlı bir qadınla danışırdı:
– Vay nənə, o özünü üstümə necə atdısa, az qala döşlərim partlayacaqdı. Mən güc-bəla ilə onun başını qaldırıb soruşdum: “Şərdimi, xeyirdimi?” O mənim düz qulağımın içinə üfürdü: “Xeyirdi!”
Yaşlı qadın başını silkələdi:
– Xeyirdi?
– Xeyirdi, xeyirdi. Bax belə, lap aydınca “Xeyirdi!” – dedi.
– Qabaqladı.
– Qabaqladı, qabaqladı. Mən də axşam öz-özümə düşünürdüm ki, görəsən, qonşunun mənə qabaqcadan “xeyirliyə” verdiyi xəbər nə ola bilər? Elə bunu düşünürdüm ki, bir də baxıram qapı açılır, budur, oğlan qapının ağzındadır.
– Allah, Allah! – yaşlı qadın pıçıldadı və dəsmalının ucu ilə yaşarmış gözlərini sildi. – Əcəb işdi!
Qadınlar Yermolayı dövrəyə aldılar. Yermolay çox düşünmədən bir ayağı üstə süzməyə başladı, o biri ayağının isə ancaq dabanını yerə vurur, “op-pa”, “at-ta”, “op-pa”, “at-ta” deyirdi. Dabanını yerə necə vururdusa, dolabın rəflərindəki qab-qacaq atılıb-düşürdü.
– Hə, Yermil, bu gün sənin şad günündür, hərəkət elə, – kənardan qışqırışırdılar.
– At-ta, op-pa, – Yermolay oynadıqca deyirdi. İşlədiyi qırx il müddətində dəzgah arxasında donqarlaşan beli isə heç açılmırdı. O da eləcə bükülmüş vəziyyətdə, ağır, düyünlü əllərini yanına salıb oynayırdı. O, bütün dərdlərini unudub oğlunun bu gəlişinə sevinirdi. Axı oğlunun yolunu o az gözləməmişdi: beş ildən bir az kəm.
Styopa dövrəyə, atasının yanına girdi, titrək səslə ağır-ağır dedi:
– Hə, ata…
– Hə, oynayın, ata-bala, hərəkət edin!
– Deyəsən, Styopa orada çox işləyib, özünü əldən salmayıb, gör necə şıllaq atır?
– Özü deyir axı, orada yaxşı olub vəziyyəti, yeməklə də yaxşı doyuzdurublar…
– Hə, gözlə… yedizdirirlər. Yedizdirə-yedizdirə qalıblar.
– At-ta, op-pa! – deyə-deyə Yermolay oğluyla ayaqlaşmağa çalışırdı.
Heç biri oynaya bilmirdi, amma cəhd göstərirdilər. Bu, oradakı adamların xoşuna gəlirdi. Onlara məmnuniyyətlə tamaşa edirdilər.
Beləcə şənlənirdilər.
СКАЧАТЬ