Название: Hekayələr
Автор: Василий Шукшин
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952242768
isbn:
Qırmızı ipək alıb
Tikmə mənə don, ana.
Antip astaca oxuyub başı ilə Marfaya işarə etdi. O da ona dəstək verdi:
Başına dönüm sənin,
Girmə nahaq ziyana.
Çox yaxşı oxumasalar da, hər ikisinin əhvalı yüksəldi. Unudulmuş mənzərələr gəldi göz önünə… gah doğma kəndə uzanan cığır, gah çay kənarı, gah pıçıltılı sıx və bir qədər də vahiməli qovaqlıq yada düşdü… Bunların hər birində şirin həyəcan yaradan nəsə vardı. Payız da, təklik də, pul da, boyunduruqlar da sanki yoxa çıxdı…
Sonra Antip şən hava çaldı. Daxma boyunca oynaya-oynaya, sümükləri çıxmış yançaqlarını burcutdu.
Ah, oh, gup-ha-gup,
Guppultu salın bir az!
Durun, gedin gəzişin,
Əy-lə-nin az-az!
Antip öz şənliyi ilə çox gülməli görünürdü. O hoppanmağa başladı… Marfa güldü, sonra ağladı, dərhal göz yaşlarını silib yenə güldü.
– Ay Allah, sən bir buna bax! Hay-hayı gedib, vay-vayı qalıb, amma ağlında gör nələr var.
Antip işıq saçırdı. Onun xırda, ağıllı gözləri bic-bic parıldayırdı:
Of, Marfuşa, Marfacan,
Söymə məni nahaqdan.
– Antip, məni şəhərə, yarmarkaya aparmağın yadına gəlir?
Antip başı ilə “hə” işarəsi verdi.
Yadımdadır, yadımda,
Ah, Marfuşam mənim!
Çölnoxudu ilə mərci
İstəyir ürəyin sənin!
– Səfehsən, Antip, – Marfa nəvazişlə dedi, – ağzına nə gəldi oxuyursan.
Əziz Marfuşam mənim
Ümumxalq sevincim…
Marfa gülməkdən uğunub getdi.
– Vallah, dəlisən, Antip.
Ah, oh, gup-ha-gup,
Guppultu salın bir az!
– Otur, başqa nəsə oxuyaq, – Marfa gözünün yaşını silə-silə dedi.
Antip bir az təngnəfəs olmuşdu. Gülərək Marfaya baxırdı.
– Hə! Bəs sən deyirsən, sənin Antipin pisdir!
– Pis deyil, sarsaqdır, – Marfa düzəliş verdi.
– Deməli, başa düşmürsən, – bu düzəlişdən zərrə qədər də inciməyən Antip dedi. – Biz səninlə bilirsən necə yaşaya bilərdik?! Can bir qəlbdə. Amma bu lənətə gəlmiş pullar sənə rahatlıq vermədi. Sən incimə, əlbəttə.
– Mənə pullar yox, pulun olmaması rahatlıq vermir.
– Bəsdi, sən Allah, olanımız kifayət edərdi. Yaxşı, ürəyinizdən hansı mahnı keçir, madmazel-frau?
– Qocaq Volodya haqqında mahnı.
– O, ağır mahnıdır, lazım deyil.
– Eybi yoxdur. Mən bir az ağlayıb ürəyimi boşaldaram, heç olmasa.
Dənizdə uçmayın, ağ qağayılar,
Dincəlmək istəsəz, enərsiz hara?
Uçun uzaqlara–Sibir elinə,
Bu qəmli xəbəri verin onlara.
Antip ürəkdən və yanıqlı-yanıqlı oxuyurdu. Elə bil hadisə danışırdı.
Qaranlıq gecədə, saat on ikidə
Kim idi öldürən gənc Volodyanı?
Ertəsi ata öz kiçik oğluyla…
Marfa hıçqırtı ilə ağladı:
– Antip, ay Antip! – O, göz yaşları içində: – Əgər mən hərdən sənin xətrinə dəyirəmsə, məni bağışla, – dedi.
– Boş şeydi, – Antip dilləndi. – Əgər mən günahkaramsa, sən də məni bağışla.
– Sənə çalmağa imkan vermirəm…
– Boş şeydi, – Antip təkrar etdi. – Mənə imkan versən, gecə-gündüz çalaram. Belə də olmaz. Mən başa düşürəm.
– İstəyirsən, sənə araq alaq?
– Olar! – Antip razılığını bildirdi.
Marfa göz yaşlarını silib ayağa qalxdı.
– Hələlik sən mağazaya get, mən də şam yeməyi hazırlayım.
Antip əyninə brezent geyinib daxmanın ortasında dayanmışdı. Gözləyirdi ki, Marfa haçan iri sandığın dərinliyindən, əsgi-üsgünün altından pulu çıxaracaq. O, arxadan Marfanın enli kürəklərinə baxırdı.
– Bir iş də var, – Antip sanki sözgəlişi dedi, – o artıq qocalıb… təzəsi lazımdır. Mağazaya dünən axşam yaxşılarını gətiriblər. Ver birdəfəlik alım.
– Nədən danışırsan? – Marfa hərəkətsiz qaldı.
– Balalaykanı deyirəm də…
Marfa yenə hərəkətə gəldi. Pulları götürüb sandığın üstündə oturdu, asta-asta, çətinliklə saymağa başladı. Qaşqabağını töküb dodaqlarını tərpədirdi.
– O ki hələ çalır, – dedi.
– Orada bir lövhəcik qırılıb… çalanda cingildəyir.
– Sən onu yapışdır. Bişmiş qatranı götür və səliqə ilə yapışdır.
– Məgər aləti qatranla yapışdırmaq olar? Allah köməyin olsun!
Marfa susdu. Yenidən pulları saydı. Onun ciddi və qayğılı görkəmi var idi.
– Al! – o, pulu Antipə uzatdı. Marfa onun gözlərinə baxmırdı.
– Təkcə araqpulu? – Antipin alt dodağı sallandı. – Həə…
– Eybi yox, СКАЧАТЬ