Hekayələr. Василий Шукшин
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Василий Шукшин страница 11

Название: Hekayələr

Автор: Василий Шукшин

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952242768 

isbn:

СКАЧАТЬ kürəyini darvaza qapısının dirəyinə söykəyib gülümsədi.

      – Qəribədi? Eybi yoxdur… Olan işdir.

      – Axı sənin cəmi üç ayın qalmışdı!

      – Səndən yaxşı bilirəm. Bir papiros ver.

      Sahə müvəkkili ona papiros verdi, birini də öz damağına qoydu.

      – Gedək.

      – Gedək.

      – Bəlkə, evdə deyəsən?.. Yoxsa axtaracaqlar…

      – Bu gün lazım deyil, qoy şənlənsinlər. Sabah deyərsən.

      – Üç ay dözməyib qaçmaq! – milis yenə heyrətləndi. – Məni bağışla, həyatım boyu çox gic görmüşəm, amma sənin kimisi rastıma çıxmamışdı. Sən niyə belə etmisən?

      Stepan əllərini şalvarının ciblərinə qoyub addımlayırdı. Alatoranlıqda tanış daxmalara, darvazalara, çəpər dirəklərinə baxa-baxa gedirdi… Uşaqlıqdan ona tanış olan ağız qamaşdırıcı bahar soyuğunu içinə çəkir, arabir gülümsəyirdi.

      – A?

      – Nədi?

      – Axı sən niyə belə elədin?

      – Qaçmağımı deyirsən? Bircə dəfə gəlib buraları görmək üçün… Çox darıxmışdım… Yuxuma girirdi…

      – Axı cəmi üç ayın qalmışdı! – sahə müvəkkili az qala qışqırdı. – İndi isə daha iki il belinə yapışdıracaqlar.

      – Eybi yoxdur… Mən artıq bərkimişəm, indi yatmaq olar. Yoxsa yuxular məni bezdirmişdi – hər gecə kənd yuxuma girirdi. Bizim kəndin yazı çox gözəldir, deyilmi?

      – Hə-ə… – sahə müvəkkili fikirli-fikirli dedi.

      Onlar uzun müddət, kənd sovetinə çatana qədər susdular.

      – Qaçmaq da ki sənə müyəssər oldu! Tək qaçmısan?

      – Üç nəfər.

      – Bəs onlar hanı?

      – Bilmirəm, biz dərhal tək-tək ayrıldıq.

      – Kəndə nə qədər vaxta çatdın?

      – İki həftəyə.

      – Tfu… Cəhənnəmə ki, indi get yat.

      Sahə müvəkkili kənd sovetində protokol yazdı. Stepan fikirli halda qaranlıq pəncərəyə baxırdı. Artıq içkidən ayılmışdı.

      – Silahın yoxdur? – sahə müvəkkili başını protokoldan qaldıraraq soruşdu.

      – Həyatım boyu özümlə murdar şeylər gəzdirməmişəm.

      – Yolda nə ilə qidalanırdın?

      – O biri iki nəfər ehtiyat götürmüşdü…

      – Onların neçə ili qalırdı?

      – Çox…

      – Onların qaçmağının, heç olmasa, mənası var idi. Bəs səni hansı şeytan yoldan çıxartdı?

      – Yaxşı, zəhləmi tökmə! – Stepan əsəbiləşdi. – Öz işini gör, mən ki sənə mane olmuram.

      Sahə müvəkkili başını bulayıb yenə kağıza tərəf əyildi:

      – Düzünü deyim ki, mənə zəng vurulanda inanmadım ki, belə şey ola bilər, yer üzündə belə bir axmaq da tapılar. Sən demə, düz imiş…

      Stepan pəncərəyə baxırdı, sakitcə fikrə dalmışdı.

      – Yəqin, səninlə qaçan o iki nəfər də sənin bu hərəkətinə o ki var gülüb? – danışqan milis özünü saxlaya bilməyib yenə soruşdu.

      Stepan onu eşitmirdi.

      Milis onu maraqla, uzun-uzadı süzüb dedi:

      – Amma üzünə baxan deməz ki, sən dəlisən, – və protokolu düzüb-qoşmağa davam etdi.

      Bu zaman lal kənd sovetinə daxil oldu. Qapının kandarında durub həyəcan dolu gözləriylə gah milis işçisinə, gah da qardaşına baxdı…

      – Me-mm?.. – deyə qardaşından nə baş verdiyini soruşdu.

      Stepan özünü itirdi:

      – Sən niyə burdasan?

      – Me-mm?! – qız milisi göstərərək mızıldadı.

      – Olmaya, bacındır? – milis soruşdu.

      – Tutaq ki,…

      Lal masaya yaxınlaşdı, sahə müvəkkilinin çiyninə toxunaraq qardaşını göstərib əliylə sualını başa saldı: “Sən onu nə üçün apardın?”

      Sahə müvəkkili onu anladı.

      – O, – Stepanı göstərib dedi, – həbsxanadan qaçıb! Qaçıb! Bax belə! – Sahə müvəkkili pəncərəni göstərib necə qaçdığını başa saldı. – Normal adamlar qapıdan çıxırlar, qapıdan… O isə pəncərəyə çıxıb və əkilib. İndi o… – Milis barmaqlarını bir-birinin üstünə qəfəs şəklində qoyub Stepanı lal qıza göstərdi. – İndi onu yenə bax bu gözləyir. İki! – O, iki barmağını aralayıb təntənə ilə silkələdi. – Daha iki il!

      Lal başa düşdü. Artıq hər şeyi tam anladıqdan sonra onun ürkmüş mavi gözləri elə qeyri-insani əzabla alışıb-yandı, onlarda elə bir ağrılı ifadə öz əksini tapdı ki, milis dəhşətə gəldi. Qız qardaşına baxırdı. O da, öz növbəsində, həyəcandan ağarıb hərəkətsiz halda bacısına baxırdı.

      – Bax indi ona de ki, o dəlidir, normal adamlar belə hərəkət etmirlər…

      Lal boğaz səsiylə Stepanın üstünə atılıb onun boynundan asıldı…

      – Apar onu buradan! – Stepan xırıltılı səslə milisdən xahiş etdi. – Apar!

      – Mən necə aparım onu?…

      – Apar, yaramaz! – Stepan kobud səslə bağırdı. – Apar, yoxsa sənin başını bu kətillə yaracağam!

      Milis yerindən sıçradı, lalı qardaşından ayırdı… O, qardaşına doğru can atırdı. Movuldayırdı. Başını silkələyirdi.

      – De ki, onu aldatmısan, СКАЧАТЬ