Название: Hekayələr
Автор: Антон Чехов
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952241716
isbn:
Ayağa qalxdıqda Varenka onu tanıdı və gülünc üzünə, əzilmiş paltosuna, qaloşlarına baxaraq işin nə yerdə olduğunu anlamadan, onun ehtiyatsızlıqdan yıxıldığını güman edərək özünü saxlaya bilməyib qəhqəhə çəkdi.
– Ha-ha-ha!
Bu şaqqıltılı “ha-ha-ha” ilə hər şey – adaxlı olmaq da, Belikovun bu dünyadakı həyatı da bitdi. Artıq o, Varenkanın nə danışdığını eşitmir və heç bir şey görmürdü. Evə qayıtdıqda hər şeydən əvvəl Varenkanın şəklini stolun üstündən götürdü, sonra yatağına uzandı və oradan bir daha qalxmadı.
Üç gündən sonra Afanasi yanıma gəlib dedi ki, ağanın, deyəsən, əhvalı xarabdır, həkim üçün adam göndərsək, yaxşı olmazmı?
Mən Belikovun yanına getdim. O, yorğana bürünmüş halda dinməz-söyləməz miçətkən altında uzanmışdı; bir söz soruşanda hə-yoxdan başqa bir kəlmə cavab vermirdi. Afanasi də ovqatı təlx və qaşqabaqlı halda onun yanında dolaşır və dərindən ah çəkirdi; ağzından isə meyxanadakı kimi araq iyi gəlirdi.
Bir aydan sonra Belikov öldü. Biz hamımız, yəni hər iki gimnaziya və darülmüəlliminin pedaqoqları onu dəfn etdik. İndi tabutda uzanmış Belikovun üzündə həlim, xoş, hətta şən bir ifadə vardı. Sanki artıq heç vaxt çıxmayacağı bir qılafa qoyulduğuna şad idi. Bəli, o öz idealına nail olmuşdu. Sanki qəsdən, onun şərəfinə dəfn günü hava tutqun və yağışlı idi, ona görə hamımız qaloş geymiş və başımıza da çətir tutmuşduq. Varenka da dəfn mərasimində idi, tabutu qəbrə endirdikdə ağlamsındı da. Mən müşahidə etmişəm ki, ukraynalı qızlar yalnız ağlayır və ya qəhqəhə ilə gülürlər, onların əhvalında orta dərəcə olmur.
Etiraf edirəm ki, Belikov kimi adamları dəfn etmək böyük həzz verir. Qəbiristanlıqdan qayıdanda bizim sakit və təvazökar görkəmimiz vardı, heç kəs bu həzzi aşkara çıxarmaq istəmirdi. Bu duyğu çox əvvəllər, hələ uşaq çağlarımızda hiss etdiyimiz həzzi andırırdı; ailənin yaşlı adamları evdən çıxıb gedirdi və biz bir-iki saat tam azadlıqdan zövq alaraq, bağda o yana-bu yana qaçışır, azad nəfəs alırdıq, ah, azadlıq, azadlıq! Hətta azadlığa dair kiçik bir işarə, zəif bir ümid adama qol-qanad verir, elə deyilmi?
Qəbiristanlıqdan kefikök qayıtdıq. Lakin bir həftə keçməmiş həyat qabaqkı kimi sərt, yorucu və mənasız bir tərzdə keçməyə başladı, belə bir həyat sərəncam ilə qadağan edilməsə də, buna aydın şəkildə icazə də verilməmişdi. Artıq bu həyatda yaxşılığa doğru heç bir dəyişiklik olmadı. Doğrudur, Belikovu dəfn etdik, ancaq bu cür qılaflı adamlar nə qədər desən vardır və olacaqdır da.
İvan İvanıç:
– Hə, bax, məsələ də burasındadır, – dedi və çubuğunu çəkməyə başladı.
– Hələ belələri nə qədər olacaqdır! – Burkin sözlərini təkrar etdi.
Gimnaziya müəllimi mərəkdən çıxdı. Bu, alçaqboylu, yoğun, başı tamamilə daz, qara saqqalı az qala, qurşağına qədər sallanmış bir adamdı; onunla bərabər bayıra iki it də çıxdı. O, göyə baxaraq dedi:
– Yaxşı ay işığıdır.
Artıq gecəyarısı idi. Sağ tərəfdən bütün kənd görünürdü, küçə beş verstə qədər uzanıb gedirdi. Hər şey sakit, dərin bir yuxuya dalmışdı; nə bir hərəkət vardı, nə də bir səs. Hətta təbiətdə bu cür sakitlik ola biləcəyinə adam heç inana bilmirdi. Aydın bir gecədə daxmalara, ot tayalarına, yuxulu söyüd ağaclarına, geniş kənd küçəsinə baxdıqca adamın qəlbi sakitləşirdi. Bu kölgələrlə dolu, sakit, yuxuya dalmış, zəhmət, qayğı və dərddən gizlənmiş tənha küçə, olduqca həlim, məhzun və gözəl görünürdü; sanki ulduzlar da ona nəvaziş və riqqətlə baxırdılar. Adama elə gəlirdi ki, artıq heç bir pis iş yoxdur və hər şey öz qaydası ilə gedir. Solda kəndin kənarından tarla başlayır, üfüqə qədər uzanıb gedirdi, ay işığına qərq olmuş tarlada da nə bir hərəkət vardı, nə də bir hənirti.
İvan İvanıç:
– Hə, məsələ də burasındadır, – deyə təkrar etdi. – Məgər bizim şəhərin boğanağında, darısqallığında yaşamağımız, lazımsız şeylər yazmağımız, qumar oynamağımız qılaf deyilmi? Məgər bütün həyatımızı avara, hərzə adamlar arasında, sarsaq, yelbeyin qadınlar içərisində keçirməyimiz, cürbəcür mənasız sözlər danışmağımız və dinləməyimiz qılaf deyilmi? İstəyirsinizsə, sizə ibrətamiz bir əhvalat danışım.
Burkin:
– Yox artıq yatmaq vaxtıdır, − dedi, − sabaha qalsın!
Hər ikisi mərəyə girib ot üstündə uzandılar. Gözlərinə yuxu təzəcə getmişdi ki, birdən yüngülcə ayaq səsləri eşidildi, sanki kimsə bir az gedib dayanırdı, bir dəqiqədən sonra yenidən tup, tup… ayaq səsləri eşidildi. İtlər mırıldandılar.
Burkin:
– Bu gəzən Mavradır, − dedi. Ayaq səsləri kəsildi.
İvan İvanıç böyrüüstə çevrilərək dedi:
– Ətrafdakıların necə yalan danışdıqlarını görmək və dinləmək, bu yalana dözdüyün üçün axmaq adını almaq, təhqirə, alçalmaya tab gətirmək, namuslu, azad adamların tərəfində olduğunu açıq surətdə deməyə cəsarət etməmək, yalan danışmaq, yalandan gülümsəmək nəyə lazımdır? Hamısı bir parça çörək, isti bir bucaq, bir quruşluq rütbə üçündürmü? Yox, bu cür yaşamaq artıq mümkün deyil!
Müəllim:
– Siz, deyəsən, daha ayrı mətləbə keçdiniz, İvan İvanıç, − dedi. − Gəl, yataq.
Burkin on dəqiqə keçməmiş yuxuya getdi. Amma İvan İvanıç gah bu böyrü, gah o böyrüüstə çevrilib ah çəkdi, sonra yenidən durub bayıra çıxdı və qapı ağzında oturub çubuq çəkməyə başladı.
İT GƏZDİRƏN XANIM
Söhbət gəzirdi ki, sahildə təzə adam peyda olub: it gəzdirən xanım. Yaltada yaşamasının iki həftəsi tamam olmuş, üzü-gözü buralara alışmış Dmitri Dmitriç Qurov da təzə gələnlə maraqlanmağa başladı. Günlərin bir günü Verne pavilyonunda oturmuş Qurov bəstəboylu, başına beret qoymuş sarışın bir qadının sahildə gəzişdiyini və onun arxasınca ağ bir şpitsin10 qaçdığını gördü.
Sonra Qurov gündə bir neçə dəfə şəhər bağında ona rast gəldi. Qadın tək-tənha gəzişirdi, СКАЧАТЬ
10