Hekayələr. Антон Чехов
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Антон Чехов страница 10

Название: Hekayələr

Автор: Антон Чехов

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952241716 

isbn:

СКАЧАТЬ pis fikir söyləyirdi, onlardan söhbət düşəndə deyirdi:

      – Alçaq irqdir.

      Ona elə gəlirdi ki, qadınlar haqqında ürəyindən keçənləri deməyə kifayət qədər acı təcrübəsi var, bununla belə “alçaq irq”siz ikicə gün də yaşaya bilmirdi. Kişi məclisində darıxırdı, özündə-sözündə olmurdu, ağzına su alıb otururdu, onlara qanı qaynamırdı. Qadın məclisinə düşəndə isə özünü azad hiss edirdi, onlarla nə danışmaq, özünü necə aparmaq lazım gəldiyini yaxşı bilirdi; hətta qadınlarla susmaq da onun üçün asan idi. Qurovun görkəmində, xasiyyətində, bütün təbiətində onu qadınlara sevdirən, onları yoldan çıxaran sezilməz bir cazibədarlıq vardı; o, bunu bilirdi və onun özünü də hansı bir qüvvəsə qadınlara tərəf çəkirdi.

      Zəngin, həqiqətən, acı təcrübə çoxdan ona bir dərs vermişdi: əvvəl həyata xoş bir rəngarənglik gətirən, şirin və yüngül sərgüzəşt kimi görünən hər cür yaxınlıq sonradan istər-istəməz son dərəcə mürəkkəb məsələyə çevrilir və vəziyyət əvvəl-axır ağırlaşır; bu, ilk növbədə hörmətli adamlara, xüsusən süst, qətiyyətsiz moskvalılara aiddir. Amma maraqlı bir qadınla hər yeni görüşdə necə olurdusa, bu təcrübə yaddan çıxırdı və o yaşamaq istəyirdi, hər şey ona çox sadə və əyləncəli görünürdü.

      Nəhayət, günlərin bir günü Qurov bağda oturub nahar edirdi, elə bu vaxt beretli xanım oturmaq üçün tələsmədən qonşu stola yaxınlaşdı. Üzünün ifadəsi, yerişi, paltarı, saçının düzümü, elə bil, Qurova deyirdi ki, nəcib cəmiyyətdəndir, ərdədir, Yaltaya birinci dəfə gəlib və təkdir, həm də darıxır… Yerli adət-ənənələrin çirkinliyi haqqındakı söhbətlərdə yalan az deyildir, o bu söhbətlərə nifrət edirdi və bilirdi ki, bu söhbətləri əksər hallarda qadınlarla günaha batmağa hazır olan, lakin bunu bacarmayan adamlar uydururlar. Qadın üç addımlığındakı stolun arxasında oturanda asan qələbələrlə, dağlarda gəzintilərlə bağlı söhbətlər yadına düşdü, adını-familiyasını bilmədiyi naməlum bir qadınla tələsik, ötəri yaxınlığın şirnikdirici fikri qəflətən onu həvəsə saldı.

      O, mehribanlıqla muşqurdu, şpits yaxın gələndə barmağıyla onu hədələdi. Şpits mırıldandı. Qurov yenidən barmağını silkələdi.

      Qadın ona baxdı, tez də gözlərini yerə dikdi.

      – Qapan deyil, – deyə qadın dilləndi və qızardı.

      – Sümük vermək olar?

      Qadın başını razılıqla tərpədəndə Qurov gülərüzlə soruşdu:

      – Yaltaya çoxdan təşrif gətirmisiniz?

      – Beş gün olar.

      – Mənsə ikinci həftəmi başa vururam.

      Bir az susdular.

      Qadın ona baxmadan dilləndi:

      – Vaxt yaman tez gedir, bununla belə, buralar olduqca darıxdırıcıdır.

      – Buraların darıxdırıcı olmasından şikayətlənmək dəbə çevrilib. Bir də görürsən ki, kənd əhlindən biri ya Belevdə, ya da Jizdrada özü üçün yaşayır, darıxıb eləmir, bura gələn kimi başlayır: “Ah, darıxdırıcıdır. Ah, istidir”. Fikirləşirsən ki, yəqin, Qrenadadan gəlib.

      Qadın gülümsədi. Sonra yad adamlar kimi sakitcə yeməklərini davam etdirdilər; nahardan sonra yanaşı yola düzəldilər – sərbəst, məmnun, hara getdiklərinin, nədən danışdıqlarının fərqinə varmayan adamların zarafatyana, yüngül söhbətləri başladı. Onlar gəzişir, gəzişdikcə dənizin qəribə işıqlanmasından danışırdılar. Dəniz həlim və isti idi, yasəməni rəngə çalırdı, suyun üzərində ay işığının qızılı zolağı uzanırdı. İsti gündən sonra havanın boğanaq olmağından söhbət etdilər. Qurov özündən danışdı, dedi ki, moskvalıdır, təhsilinə görə filoloqdur, amma bankda işləyir; nə vaxtsa şəxsi operada oxumaq arzusundaymış, sonra daşını atıb, Moskvada iki evi var… Qadından isə öyrəndi ki, Peterburqda böyüyüb, amma S. şəhərində ərdədir, iki ildir orada yaşayır, hələ bir ay da Yaltada qalacaq, bəlkə, dincəlmək arzusunda olan əri dalınca gəldi. Qadın ərinin harada – quberniya heyətindəmi, yoxsa quberniya torpaq idarəsindəmi işlədiyini tapıb deyə bilmədi və bu, özünə də gülməli gəldi. Qurov bir də onu öyrəndi ki, qadının adı Anna Sergeyevnadır.

      Qurov sonra qaldığı nömrədə qadın haqqında düşündü, fikirləşdi ki, sabah onunla görüşəcək. Belə də olmalıdır, hökmən, görüşməlidir. Yatmağa uzananda yadına düşdü ki, Anna Sergeyevna da bu yaxınlara qədər institut tələbəsi olub, qızı kimi oxuyub, onun gülüşündə, yad kişiylə söhbətində hələ nə qədər cəsarətsizlik, yöndəmsizlik olduğunu xatırladı. Qadın ömründə, bəlkə də, birinci dəfə idi ki, tək qalırdı, elə şəraitə düşmüşdü ki, mənasını özünün də anlamadığı sirli bir məqsədlə onun dalınca düşürdülər, ona nəzər salırdılar, onunla söhbət edirdilər. O, qadının incə, zərif boynunu, qəşəng, boz gözlərini xatırladı.

      “Hər halda, onda nəsə fağırlıq var” – Qurov fikirləşə-fikirləşə yuxuya getdi.

II

      Tanışlıqdan bir həftə keçdi. Bayram idi. Otaqlar boğanaqdı, küçəni isə toz bürümüşdü. Susuzluğu yatırmaq çətindi, Qurov tez-tez pavilyona girir, Anna Sergeyevnaya gah şirəli su, gah da dondurma təklif edirdi. Getməyə yer yox idi.

      Axşamtərəfi hava sakitləşəndə onlar gəminin gəlməsinə tamaşa etmək üçün bəndə yollandılar. Körpü gəzişənlərlə dolu idi; qarşılamağa çıxmışdılar, əllərdə gül dəstələri var idi. Bəzəkli-düzəkli Yalta əhalisinin iki cəhəti qabarıq nəzərə çarpırdı: yaşlı qadınlar cavanlar kimi geyinmişdilər və çoxlu general vardı. Fırtınaya görə gəmi gec, gün batana yaxın gəldi, bəndə yan alana qədər uzun müddət dövrə vurdu. Anna Sergeyevna lornetlə gəmiyə və sərnişinlərə elə baxırdı ki, elə bil, tanış adam axtarırdı, Qurova sarı üz çevirəndə gözləri par-par parıldayırdı. Qadın ara vermədən danışır, qırıq-qırıq suallar verirdi və verdiyi sualları həmin andaca unudurdu; basabasda lornetini itirdi.

      Bərbəzəkli kütlə dağılmışdı, heç kəs gözə dəymirdi, külək tamam yatmışdı, Qurovla Anna Sergeyevna hələ də durub gözləyirdilər, elə bil, gəmidən yenə də sərnişin düşüb-düşməyəcəyini bilmək istəyirdilər. Anna Sergeyevna artıq susurdu, Qurova baxmadan gülləri qoxulayırdı.

      Qurov dilləndi:

      – Axşamtərəfi hava yaxşılaşıb. İndi hara gedəcəyik? Bir yana getməyək?

      Qadın cavab vermədi. Bu vaxt Qurov sınayıcı nəzərlərlə ona baxdı və qəflətən qucaqlayıb dodaqlarından öpdü, güllərin ətri və şehi onu bürüdü, həmin andaca ürkək-ürkək yan-yörəsinə baxdı: görən olmadı ki?

      Sonra sakitcə:

      – Gedək СКАЧАТЬ