Hekayələr. Антон Чехов
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Антон Чехов страница 6

Название: Hekayələr

Автор: Антон Чехов

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952241716 

isbn:

СКАЧАТЬ Bu adam haqqında, əlbəttə, eşitmiş olarsınız. Onun ən qəribə cəhətlərindən biri bu idi ki, həmişə, hətta çox xoş havada belə qaloş və çətir ilə küçəyə çıxardı, özü də əyninə, hökmən, pambıq astarlı palto geyinərdi. Çətirinin də, saatının da qabı vardı, saatınınkı boz rəngli zamşadandı, karandaş çərtmək üçün çıxardığı cib bıçağının belə balaca bir qabı vardı, deyəsən, Belikovun üzünün də qabı vardı, çünki həmişə üzünü yaxalığının içində gizlədərdi. Tünd şüşəli gözlük taxardı, yun köynəyi əynindən çıxmazdı, qulaqlarına pambıq tıxardı, faytona minəndə də faytonun üstünü qaldırmağı əmr edərdi. Xülasə, bu adamda daima özünü qabıqla, necə deyərlər, onu istənilən kənar təsirdən qoruyan və ayıran bir qılafla örtmək təşəbbüsü vardı. Həqiqi həyat onu acıqlandırır, qorxudur, daimi narahatlıq içərisində saxlayırdı və bəlkə, o, qorxusuna və həqiqətə qarşı olan nifrətinə bəraət qazandırmaq üçün həmişə keçmişi və heç vaxt olmayan şeyləri təriflərdi, dərs verdiyi qədim dillər də onun üçün, mahiyyət etibarilə, həqiqi həyatdan gizlənmək üçün qaloş və çətir rolunu oynayırdı. O, şirin bir ifadə ilə deyirdi:

      – Ah, yunan dili nə ahəngdar və gözəl bir dildir! – O, sanki, öz sözlərini sübut etmək üçün gözlərini qıyaraq və barmağını qaldıraraq:

      – Antropos4! – sözünü tələffüz edərdi.

      Belikov, hətta öz fikrini də qılaf içində gizlətməyə çalışırdı. Ondan ötrü yalnız bir para şeylərin qadağan edilməsinə dair yazılan sərəncamlar və qəzet məqalələri aydındı. Sərəncamda məktəblilərə axşam saat doqquzdan sonra küçəyə çıxmaq qadağan edildikdə və ya hər hansı bir məqalədə şəhvani məhəbbətə qadağa qoyulduqda bu ondan ötrü tamamilə aydın bir şeydi: qadağan edilmişdir – vəssalam. İcazə və ya imkan verməkdə isə ondan ötrü həmişə şübhəli, bir növ natamam və tutqun bir şey gizlənirdi. Məsələn, şəhərdə dram dərnəyinə, ya qiraətxanaya, yaxud da çayxanaya icazə verildikdə başını yırğalayıb yavaşca deyərdi:

      – Əlbəttə, bunlar gözəl işdir, ancaq içindən əngəl çıxmaya!

      Qanun-qaydanı, hər hansı şəkildə olursa olsun, pozmaq, ona əməl etməmək, qanundan geri çəkilmək Belikovu kədərləndirirdi, hərçənd ki, bunların ona heç bir dəxli yox idi. Yoldaşlarımızdan biri kilsəyə gecikdikdə, ya gimnazistlərin dəcəlliyi barədə xəbər yayıldıqda və ya müəllimələrdən birinin gecə bivaxt bir zabitlə gəzdiyini görən olanda o özündən çıxır və: “İşin içindən bir əngəl çıxmaya”, – deyərdi. Pedaqoji şuralarda isə o öz vasvasılığı və xalis qılaflı mülahizələrilə bizi zara gətirərdi; məsələn, “Oğlan və qız gimnaziyalarında gənclər özlərini yaxşı aparmır, siniflərdə səs-küy salırlar, müdiriyyətin bu vəziyyətdən xəbəri olsa, qorxuram, işin içindən bir əngəl çıxa, ikinci sinifdən Petrov, dördüncü sinifdən Yeqorov məktəbdən çıxarılsa nə yaxşı olardı!” Xülasə, o öz ah-vayı ilə, sızıldaması ilə xırdaca, solğun üzündəki tündrəngli gözlüyü ilə hamımıza təzyiq göstərirdi, biz də ona güzəştə gedirdik; Petrovun, Yeqorovun əxlaq üzrə qiymətini kəsirdik, həbsə salırdıq və nəhayət, məktəbdən xaric edirdik. Onun bizim evlərimizi gəzmək kimi qəribə adəti vardı. Bir də görürdün, bir müəllimin evinə gəlib oturur və hey susur, sanki nəyi isə diqqətlə gözdən keçirməyə çalışırdı. Bu cür bir neçə saat dinməz-söyləməz oturduqdan sonra çıxıb gedirdi. O, buna “yoldaşlarla yaxşı əlaqə saxlamaq” deyirdi, yəqin, bizə gəlib oturmaq onun üçün ağır bir işdi, ancaq bunu özü üçün yoldaşlıq vəzifəsi hesab edirdi. Biz müəllimlər ondan qorxardıq, hətta müdir də ondan qorxardı. Məsələn, bizim müəllimlər hamısı düşüncəli, ədəbli, Turgenev və Şedrinlərlə tərbiyə olunmuş adamlardı, həmişə qaloş və çətirlə gəzən bu adamcığaz isə bütün gimnaziyanı tam on beş il öz əlində saxlamışdı! Nəinki gimnaziyanı, hətta bütün şəhəri! Xanımlarımız onun xəbər tutmasından qorxaraq, şənbə günləri ev tamaşaları düzəltmirdilər, ruhanilər onun yanında pəhrizi pozmaqdan və kart oynamaqdan çəkinirdilər. Belikov kimi adamların təsiri altında son on-on beş il ərzində şəhərimizdə hər şeydən qorxmağa başlamışdılar. Ucadan danışmaqdan, məktub göndərməkdən, tanış olmaqdan, kitab oxumaqdan, yoxsullara kömək etməkdən, onlara savad öyrətməkdən… qorxardılar.

      İvan İvanıç bir söz demək istəyərək öskürdü, ancaq əvvəlcə çubuğunu çəkdi, aya baxdı və sonra kəlmə-kəlmə danışmağa başladı:

      – Bəli. Düşüncəli, təfəkkürlü adamlar Şedrini, Turgenevi, nə bilim, Boklini5 və sairəni oxuyurlar, ancaq belə şeylərə tabe olurlar, dözürlər… Hə, məsələ məhz bundan ibarətdir.

      Burkin sözünə davam etdi:

      – Belikov mənimlə bir binada, bir mərtəbədə yaşayırdı, hətta mənzilimizin qapısı da üzbəüzdü, ona görə də tez-tez görüşürdük, mən onun yaşayışına bələd idim. Evdə də eyni hal: xalat, təsək6, pəncərə qapıları, cəftələr, bir sıra qadağan edilmiş şeylər, məhdudiyyətlər… “Aman Allah, birdən işin içindən bir əngəl çıxar ha!” Ona pəhriz saxlamaq olmazdı, amma yağlı da yemirdi, çünki birdən deyərlər, Belikov pəhriz saxlamır, ona görə sufbalığını kərə yağında qızardıb yeyərdi. Bu, pəhriz yeməyi deyildi, lakin buna pəhrizi pozmaq da demək olmazdı. Haqqında bədgüman olmasınlar deyə, evdə xidmətçi qız saxlamazdı. Xidmətçi əvəzinə, 60 yaşlı Afanasi adlı bir aşpazı vardı. Bu, vaxtilə denşiklik etmiş, bəzi xörəkləri birtəhər bişirməyi bacaran, sərxoş və ağılsız bir adamdı. Afanasi, adətən, əllərini çarpazlamış halda qapı ağzında durar və içini çəkərək həmişə:

      – Bunlar indi yaman çoxalıblar, – deyə eyni sözləri təkrar edərdi.

      Belikovun yataq otağı qutu kimi kiçikdi, çarpayısı miçətkənlə örtülü idi. Yatanda yorğanı başına çəkərdi; otaq isti və bürkülü olurdu, külək bağlı qapını döyür, soba vıyıldayırdı və mətbəxdən qorxunc inilti səsləri eşidilirdi… O isə yorğanın altında da qorxardı. Qorxardı ki, birdən bir iş çıxar, ya Afanasi onu öldürər və ya evə oğru gələr. Sonra o, bütün gecəni qorxulu yuxular görərdi, səhəri isə mənimlə bərabər gimnaziyaya gedəndə kədərli və solğun olardı, görünürdü ki, izdihamlı gimnaziya onun bütün varlığı üçün dəhşətli və mənfurdur. Təbiətcə yalqız olan bu adama mənimlə yanaşı getmək ağır gəlirdi.

      O öz ağır xasiyyətinə haqq qazandırmağa çalışaraq deyirdi:

      – Siniflərdə çox səs-küy salırlar, belə iş olar?

      Bax həmin bu yunan dili müəllimi, bu qılaflı adam, inanırsınızmı, az qalmışdı evlənsin.

      İvan İvanıç birdən mərəyə baxıb dedi:

      – Zarafat eləyirsiniz!

      – Bəli, СКАЧАТЬ



<p>4</p>

Antropos – insan

<p>5</p>

Bokli – ingilis sosioloqu

<p>6</p>

Təsək – adətən gecələr yatarkən başa qoyulan araqçın tipli papaq