Hekayələr. Рэй Брэдбери
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Рэй Брэдбери страница 8

Название: Hekayələr

Автор: Рэй Брэдбери

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952242027

isbn:

СКАЧАТЬ həftədən sonra.

      – Aman Allah! – nənə zarıdı.

      Mister Koberman gecələr işləyirdi. O, gecələr harasa yoxa çıxar, bir də səhərlər peyda olar, az-maz səhər yeməyi yeyər, sonra bütün kirayənişinləri süfrə arxasına toplayan şam yeməyinədək otağında səssiz-səmirsiz yatardı.

      Mister Kobermanın günortalar yatmaq vərdişi Duqlası özünü sakit aparmağa məcbur edirdi. Amma bu onun iradəsi xaricindəydi, nənəsi qonşulara gedən kimi Duqlas pilləkənlər boyu qaçmağa başlayır, Kobermanın qapısı ağzında çığırır, ya da ayaqyolundakı dəmir suqabını döyəcləyirdi. Yalnız mister Koberman bu səs-küyə heç cür reaksiya vermirdi. Onun otağından səs-səmir gəlmirdi, ora sakit və qaranlıq idi. O şikayətlənmir və yatmaqda davam edirdi. Bu, çox qəribəydi.

      Mister Koberman bu otaqda məskunlaşandan bəri Duqlas heç cür sakitləşə bilmirdi. Orada miss Sedlou yaşayanda otaq meşə çəmənliyi təki geniş və rahat idi. İndisə elə bil buz bağlamışdı, təzə yağmış qar sayağı təmiz və soyuq idi. Hər şey öz yerində idi, amma nəsə yad və qəribə təsir bağışlayırdı.

      Duqlas dördüncü gün pilləkənlə öz sevimli, rəngli şəbəkəli pəncərəsinə dırmaşdı. O, birinci mərtəbəylə ikinci mərtəbənin arasında yerləşirdi və narıncı, bənövşəyi, mavi, qırmızı və sarı şüşə parçalarından ibarət idi. Duqlas onların arxasından baxmağı, xüsusən də günəşin ilk şəfəqləri torpağı qızılı rəngə bürüyəndə küçəni seyr etməyi çox xoşlayırdı.

      Mavi dünya – mavi səma, mavi insanlar, mavi maşınlar, mavi itlər. Bu isə sarı dünya. Küçəni keçən iki qadın sanki Şərq nağıllarındakı şahzadələrə çevrildi. Duqlas irişdi. Bu şüşə qırıntısı hətta günəş şəfəqlərini belə daha qızılı çalara boyayırdı.

      Duqlas səhər saat səkkizə yaxın əsasını yerə döyə-döyə öz gecə işindən qayıdan mister Kobermanı gördü. Başında həmişəki eybəcər şlyapası vardı. Duqlas üzünü başqa şüşə qırıntısına dayadı. Qırmızıdərili mister Koberman qırmızı dünyanın qırmızı gülləri və qırmızı ağaclarının yanından ötüb-keçirdi. Gördükləri Duqlası nəyə görəsə heyrətləndirdi. Ona birdən elə gəldi ki, mister Kobermanın geyimi əriyib və dərisi şəffaf olub. Kirayənişinin daxilində görünənlər Duqlası heyrətdən burnunu şüşəyə dirəməyə məcbur elədi.

      Mister Koberman başını qaldıranda Duqlası gördü və sanki hədə-qorxu gəlirmiş kimi əsasını havada yellədi, sonra xırda addımlarla qırmızı cığırı keçib düz qapıya tərəf gəldi.

      – Ey, oğlan! – pilləkənlərlə yuxarı qalxan kirayənişin çığırdı. – Orda nə oyundan çıxırsan?

      – Heç. Sadəcə, baxıram, – Duqlas mızıldandı.

      – Sadəcə, baxırsan? Elə bu? – Koberman bağırmaqda davam elədi.

      – Bəli, cənab. Mən müxtəlif şüşələrdən baxıram və müxtəlif dünyalar görürəm – mavi, qırmızı, sarı. Müxtəlif.

      – Hə, hə, müxtəlif, – Koberman özü də üzünü pəncərəyə dayadı. Onun bənizi ağarmışdı. Alnını cib dəsmalıyla silib yalandan gülümsündü.

      – Rəngbərəngdir. Nə yaxşı. – O öz qapısına yaxınlaşdı və geri çevrilib əlavə elədi: – Yaxşı, yaxşı. Oyna.

      Qapı bağlandı. Koberman öz otağına girdi. Duqlas onun arxasınca üz-gözünü əyib özü üçün yeni şüşə tapdı.

      – Oho, indi də hamısı bənövşəyidir!

***

      Yarım saatdan sonra oğlan qumluqda oynayanda zərbədən sınan pəncərənin səsi eşidildi. Duqlas anındaca ayağa sıçradı və artırmada dayanıb yumruğu ilə onu hədələyən nənəsini gördü.

      – Duqlas! Sənə neçə dəfə demişəm, evin qabağında topla oynama!

      – Amma mən burda oturmuşdum, – Duqlas etiraz elədi.

      Lakin nənəsi ona qulaq asmaq istəmirdi.

      – Bir gör neylədin, yaramaz uşaq!

      Sevimli, rəngli şəbəkəsi çilik-çilik olmuşdu və şüşə qırıntılarının ortasında Duqlasın topu vardı. O özünü təmizə çıxarmağa macal tapmamış yumruq zərbələrinə tuş gəldi.

      Sonra Duqlas qumluqda oturub ağrıdan deyil, düçar qaldığı ədalətsizlikdən axan duzlu göz yaşlarını uddu. O, topu kimin atdığını bilirdi – bu, əlbəttə ki, soyuq, boz otaqda yaşayan şlyapalı kişi idi.

      “Bir dayan, hələ bir dayan” – Duqlas durmadan pıçıldayırdı.

      O, nənəsinin şüşə qırıntılarını süpürgəylə yığıb zibil qutusuna atdığını eşitdi. Mavi, qırmızı, narıncı şüşələr bundan belə zibilxanada cır-cındır və boş konserv qutularına yoldaşlıq edəcəkdi.

      Nənəsi gedəndən sonra Duqlas içini çəkə-çəkə zibil qutusuna yaxınlaşdı və ordan üç dənə qiymətli şüşə qırıntısını götürdü. Kobermanın rəngli şüşələrdən xoşu gəlmir? Olsun, bax elə buna görə onları xilas eləmək lazımdır.

      Babası mətbəədən digər sakinlərdən bir az əvvəl, təxminən saat beşdə qayıdırdı. Dəhlizdə onun ağır addımları eşidilən kimi Duqlas kişinin qabağına qaçır və boynuna atılırdı. O, qəzet oxuyan babasının iri qarnına sıxılıb dizləri üstə oturmağı xoşlayırdı.

      – Baba, qulaq as!

      – Hə, nədir?

      – Nənəm bu gün yenə cücənin içalatını çıxardı. Buna tamaşa eləmək elə maraqlıdır ki! – Duqlas söylədi.

      Babası gözlərini qəzetdən ayırmırdı:

      – Artıq bu həftədə ikinci cücədir. Nənən axırda bizi cücəyə çevirməsə yaxşıdır. Sən onun içalatı necə çıxarmasını izləməyi xoşlayırsan? Ay səni, balaca soyuqqanlı qəddar!

      – Axı mənə maraqlıdır!

      – Buna heç şübhəm də yoxdur, – babası əsnəyə-əsnəyə söylədi. – Qatarın altına düşən qızı xatırlayırsanmı? O, tamam qan içindəydi, sənsə gedib bu mənzərəyə tamaşa eləmişdin, – kişi gülümsündü. – Cəsarətli balam. Elə belə də lazımdır – həyatda heç nədən qorxma! Yəqin, bu xasiyyətin sənə atandan keçib, axı o, hərbçi olub. Sən ötən ildən bizə gələndən bəri ona çox oxşamağa başlamısan, – o öz qəzetini oxumağa davam etdi.

      Duqlas bir dəqiqədən sonra sükutu pozdu:

      – Baba!

СКАЧАТЬ