Название: Hekayələr
Автор: Рэй Брэдбери
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952242027
isbn:
Duqlas özünü sakit apardığı və mane olmadığı təqdirdə həmin dəqiqələri mətbəxdə keçirə bilərdi. Bax elə indinin özündə belə masanın yanında dayanıb, nənəsinin içalat təmizləmə mərasiminə maraqla tamaşa edir.
– Nənəcan, – nəhayət, dillənməyə cəsarət elədi. – Mənim də içalatım belədir? – barmağıyla cücəni göstərdi.
– Hə, – gözünü işlək əlindən ayırmayan nənə cavab verdi. – Yalnız səninkilər bir az böyükdür, ümumilikdə isə eyni şeylərdir…
– Deməli, böyükdür, hə?! – Duqlas öz içalatıyla fəxr elədi.
– Hə, – nənə təsdiqlədi. – Yəqin ki, böyükdür.
– Onda babamda daha böyükdür. Qarnı o qədər qabağa çıxıb ki, ona dirsəklənə bilər.
Nənəsi cavabında gülümsədi və başını yellədi.
Duqlas davam elədi:
– Bəs küçəmizdəki Lüsiya Vilyamsda…
– Kəs səsini. Balaca yaramaz, – nənəsi çığırdı.
– Amma onda…
– Onda nə olub-olmadığı sənin işin deyil! Bunlar fərqli şeylərdir.
– Niyə fərqlidir ki?
– Bax indi süpürgəsinin üstündə uçub gələn ifritə ağzını yumar, onda bilərsən, – nənəsi deyindi.
Duqlas bir az susdu, sonra yenə soruşdu:
– Nənə, bəs sən mənim içimdə nəyin olub-olmadığını haradan bilirsən?
– İtil cəhənnəmə!
Dəhlizdə qapının zəngi çalındı. Duqlas qapıya qaçıb gözlükdən baxdı, başında şlyapa olan bir kişi gördü. Yenə zəng çalındı və Duqlas qapını açdı.
– Sabahın xeyir, balaca. Bəs ev sahibəsi hanı?
Donuq boz gözlər Duqlasa zillənmişdi. Yad adam arıq və hündür idi. Əlində portfel və çamadan vardı. Kişinin nazik barmaqlarındakı boz rəngdə bahalı əlcəklər və eybəcər həsir şlyapa Duqlasın diqqətini çəkdi.
– Ev sahibəsi məşğuldur, – bir addım geri atan Duqlas söylədi.
– Onun yuxarıdakı mənzili kirəyə verməsi barədə elanını gördüm və indi həmin otağa baxmaq istərdim.
– Bizim on kirayənişinimiz var, bütün otaqlarımız tutulub. Gedin!
– Duqlas! – nənəsi qəfil arxasında peyda oldu. – Salam, – yad kişiyə müraciətlə səsləndi. – Bu yaramaza fikir verməyin.
Nənəsi otağın üstünlüklərini təsvir edə-edə adamı yuxarıyacan müşayiət elədi. Tezliklə aşağı düşüb Duqlasa yuxarı döşəkağı, yorğan və yastıqüzü aparmasını tapşırdı.
Duqlas otağın kandarında ayaq saxladı. Yad kişi bura bir neçə dəqiqə əvvəl ayaq bassa da, sanki otaqda qəribə dəyişikliklər baş vermişdi. Çarpayıya saymazyana atılan həsir şlyapa elə bil bir az da eybəcərləşmişdi. Divara dayaqlanmış çətir qanadlarını açmış iri yarasanı xatırladırdı. Kirayənişinin özü arxası qapıya tərəf, otağın ortasında dayanmışdı.
– Ey, – əlindəki ağları çarpayıya tullayan Duqlas dedi. – Biz düz saat ikidə nahar edirik. Əgər geciksəniz, şorba soyuyacaq. Hər gün eyni saatda masaya əyləşirik!
Yad kişi cibindən bir yığın mis sent çıxarıb on dənə qəpik saydı və Duqlasın gödəkçəsinin cibinə saldı.
– Yəqin, dostluğumuz baş tutar, – hiyləgərcəsinə irişə-irişə söylədi.
Duqlas kirayənişinin bu qədər çoxlu mis sentləri olduğu halda, bir dənə də olsun on, ya iyirmi beş sentlik gümüş qəpiyi olmamasına təəccübləndi. Hamısı yeni, mis birsentliklər idi.
Duqlas qaşqabaqla ona minnətdarlıq elədi.
– Onları pul daxılına salacam. Orda artıq altı dollar əlli sentim var. Pulu avqustda edəcəyim səyahət üçün toplayıram…
– İndisə yuyunmalıyam, – yad kişi dedi.
Duqlas xatırlayırdı ki, bir gecə bayırda baş qaldıran tufanın səsinə oyanmışdı. Külək borularda vıyıldamış və ağacları yırğalamışdı, yağışsa damı döyəcləmişdi. Sonra birdən gözqamaşdırıcı şimşək otağı işıqlandırmışdı, bu da azmış kimi, ildırımın müdhiş səsi evi lərzəyə gətirmişdi. Duqlasın şimşək işığında yaşadığı qorxu yaddaşına ömürlük yazılmışdı.
Oxşar hissi indinin özündə də, otaqda dayanıb yad kişiyə baxanda da keçirdi. Otaq artıq əvvəlkitək deyildi. O elə həmin ildırım işığındakı otaq kimi, ancaq hansısa qeyri-müəyyən şəraitdə dəyişmişdi. Ona doğru gələn kirayənişin Duqlası geri addımlamağa məcbur elədi.
Qapı düz burnunun ucunda şappıltıyla örtüldü.
Taxta çəngəl kartof püresinə batıb yuxarı qalxdı və boşqaba boş qayıtdı. Nahara düşən mister Koberman, – yeni kirayənişinin adı belə idi, – özüylə taxta bıçaq, qaşıq və çəngəl gətirmişdi.
– Missis Spoldinq, – bu əşyalara zillənmiş heyrət dolu baxışlara əhəmiyyət verməyən kirayənişin söylədi, – bu gün sizdə nahar edəcəm, sabahdan etibarən isə yalnız səhər və şam yeməyinə enəcəm.
Süfrəyə köhnə kasada şorba, iri boşqabda püreylə paxla gətirən nənə yeni kirayənişinə yaxşı təsir bağışlamaq üçün vurnuxurdu.
– Mən fokus bilirəm. – Duqlas birdən söylədi. – Bir baxın!
O, çəngəlin dişindən bıçaqla tutub masanın müxtəlif istiqamətlərinə yönəltdi. Çəngəlin tuşlandığı istiqamətlərdə iblis sədasını xatırladan cingiltili metal səsi çıxırdı. Əslində, bu elə də fəndgir bir şey deyildi. Duqlas çəngəli masanın taxtasına sıxır və sanki masanın özü ulayırdı. Kənardan bu, çox vahiməli görünürdü.
– Tam! Tam! Tam! – çəngəllə oynayan xoşbəxt Duqlas çığırırdı. O, çəngəli Kobermanın boşqabına yönəltdi və ordan səs gəldi.
Kobermanın boz sifəti СКАЧАТЬ