Название: Hekayələr
Автор: Чингиз Айтматов
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952242058
isbn:
“Əcəl! Əcəli çatdı!” – Baydamtal haray çəkib öz qurbanını gözləyirdi. Nurbekin barmaqları aralanmağa başladı.
“Əcəl! Əcəl!” – Baydamtal səbirsizcəsinə hayqırırdı.
– Su, bir qurtum su! – Nurbekin susuzluqdan ciyəri yanırdı.
“Əyil, çaydan su götür! Sənin yanğını kəsməyə bəs edər, əyil!” – sanki kimsə onun qulaqlarına pıçıldayırdı.
Nurbek var qüvvəsini toplayıb barmaqlarını sıxdı. Bu anda o, qolundakı saatın səsini belə eşidirdi. Bu inanılmaz olsa da, həqiqət idi. Çayın qulaqbatıran gurultusunun içində saatın ölçülü-biçili səsini aydınca ayırd etmək olurdu: “Çıq, çıq, çıq!” Burda saniyəbəsaniyə insan ömrü gödəlirdi! İnsan ömrü! Bu qısa zaman kəsiyində o, yaşamağın nə demək olduğunu başa düşdü…
O, bütün iradəsini toplayıb başını geri atdı və dərə boyu qışqırdı:
– Mən yaşayacam!
…Nurbek özünü sahilə çatdırdı, çatan kimi də üzüqoylu yerə yıxılıb bir saata qədər meyit təki, qımıldanmadan yerdə qaldı. Onun alətləri götürüb geri qayıda bilib-bilməyəcəyi hələ məlum deyildi, ancaq buna heç ehtiyac da qalmadı. Sıxılmış tros boşaldı. Sahildəki burulğacın köməyi ilə Nurbek yedəyi yerinə qaytardı. Səhərə yaxın onun təmirini başa çatdırdı.
Nurbek çaya tərəf endi, çəkmələrini çıxarmadan suya girdi və yalnız indi doyunca su içməyi özünə rəva gördü.
O, suyu qurtum-qurtum, aram-aram içir və uşaq kimi gülürdü. O bu gün ömründə birinci dəfəydi ki, mübarizənin və qalibiyyətin bütöv şirinliyini duyurdu. Onun bu cür şücaət göstərməsi təkcə özünə görə deyildi, heç şan-şöhrət, ad-san üçün də deyildi. O bu igidliyi qarşısına ali məqsəd qoymuş Asiyanın böyük arzularının həyata keçməsi naminə göstərmişdi.
– Hə, indi mən xoşbəxtəm! – Nurbek dedi. – Səhər tezdən Asiya Baydamtalın mənbəyinə gedəcək, artıq onun yolu açıqdır, keçid düzəlib!..
Nurbek bəxtəvərcəsinə nəm və qumlu sahillə evə tərəf qaçdı. Evə çatan kimi karandaş götürüb bir kağıza səliqəsiz xətlə yazmağa başladı:
“Asiya, mən haradan gəlmişdimsə, ora da gedirəm. Bəlkə, bir də heç vaxt görüşmədik, ancaq mən səni həmişə tam ecazkarlığınla ürəyimdə qoruyub saxlayacam. Acığın tutmasın, gülmə mənə, Asiya, sən mənim üçün… Əlvida, özündən muğayat ol… Hə, az qala yadımdan çıxacaqdı, onu da deyim ki, mən Gertseni axıradək oxuyub qurtara bilmədim, bağışla, bu kitabı da özümlə aparıram, axı mübariz insanlardan bəhs edən bu kitab sənin sevimli kitabındır… Səninlə təsadüfi görüşümüz ömrümün ən ağır və ən xoşbəxt günü oldu. Hər şeyə görə çox sağ ol, Asiya… Sən mənə çox şey öyrətdin… Məni sənin Baydamtal üzərində qələbəni hamıdan çox arzu edən dostun bil… Mən buna inanıram, Asiya, Baydamtalı ram edəcəksən…”
Asılbay sübh tezdən oyanıb həyət-bacaya baş çəkdi, sonra atı suladı və vedrəni su ilə doldurub onu çimizdirməyə başladı. Günəş dağların arxasından təzəcə qalxırdı, Asılbay əlini qaşlarının üstə günlük eləyib ora boylandı. Çaydan su götürüb üzünə çilədi və bu zaman vedrə əlindən yerə düşdü. Asılbay Asiyanın pəncərəsinin qabağına qaçdı və var gücü ilə pəncərəni döyəcləməyə başladı:
– Qalx, Asiya, tez ol, o çıxıb getdi!
Asiya bir şey başa düşməyib həyətə qaçdı:
– Nə baş verib, atacan?
– Bir ora bax, qızım! – Asılbay qürurla dilləndi və əli ilə artıq onlardan xeyli uzaqlaşmış adamı göstərdi. Adam aşırıma doğru gedirdi. – Bu Nurbekdir, – Asılbay əlavə etdi.
– Nurbek! Nurbek! – Asiya var gücü ilə qışqırdı. Deyəsən, onun ardınca qaçmaq istədi, amma nəyə görəsə dayandı və yerində donub-qaldı. O, səhərlər keçidə doğru qaçaraq Baydamtalın gözəlliyinə tamaşa edəndə necə şən, xoşbəxt, həyəcanlı görünürdüsə, indi də eləcəydi. – Mən belə də bilirdim! – o pıçıldadı.
Nurbek böyük bir qayanın arxasında gözdən itdi. Asiya onun bu halına sevinirdi, amma eyni zamanda haradansa bir xiffət də peyda olub onun ürəyini sıxırdı. O, göz yaşlarını görməsinlər deyə üzünü yana çevirdi və soruşdu:
– Atacan, burdan sovxozacan çoxmu uzaqdır?
– Kifayət qədər yol var, aşırımın arxasındadır, ancaq gedib çıxmaq olar.
OĞULLA GÖRÜŞ
Qoca Çordon evə nədənsə qəribə əhvali-ruhiyyədə gəldi. Ya onu nəsə üzür və qəmə qərq edirdi, ya da əksinə, onu nəsə bərk narahat eləyirdi – arvadı dərhal başa düşdü: ona nəsə olub. Ərinin dilxorluğunun səbəbini öyrənəndən sonra isə lap təəccübləndi, heç bilmədi nə etsin. Çordonun ağlına qəribə bir şey gəlmişdi; ağıllı başla düşünəndə bunu qoca səfehliyinə, cəfəngiyata – nəyə desən yozmaq olardı, ancaq heç cür ağıllı bir adamın hərəkətinə bənzəmirdi.
Qocanın oğlu iyirmi il bundan əvvəl müharibədə həlak olmuşdu. Müharibəyə gedəndə o, yeniyetmə bir oğlan idi, oğlunun görkəmini indi Çordonun özündən başqa heç kim xatırlamırdı. Elə Çordonun özü də uzun illərdir ki, bir yerdə yaşamalarına baxmayaraq, ailədə bu haqda, demək olar, heç vaxt söhbət açmamışdı. İndi isə qəflətən qərara gəlmişdi ki, oğlunun müharibəyə gedənə qədər müəllim işlədiyi yerə getsin:
– Mənə həmişə elə gəlib ki, o sağdır və indi də ordadır. Nəsə məni ora çəkir, mən onu görmək istəyirəm…
Arvadı qorxmuş halda ona baxdı. Əvvəl istədi gülsün: “Sənin başın xarab olub, nədir, dəli olmamısan ki?..” Ancaq vaxtında özünü saxladı. Bütün bunlara rəğmən qoca bu sözləri o qədər arxayın və əminliklə deyirdi ki, gözləri o qədər inamla baxırdı ki, arvadı onun ağlının başında olduğunu, söylədiklərində tamamilə ciddi, qərarında israrlı olduğunu başa düşdü. Arvadı hiss etdi ki, arzuları nə qədər əlçatmaz olsa da, sifəti mis rənginə çalan, ağsaqqallı, qırışlarla örtülmüş mehriban gözlü, dizləri üstə qoyulmuş əlləri iki böyük, yorğun balığa bənzəyən bu adamın sözünü uşaq kimi kəsmək günah olardı.
Arvadının ona yazığı gəldi və o bu fikrin cəfəngiyat olmadığına özünü inandırmağa çalışdı:
– Bəs niyə ora əvvəllər getmirdin? – ehtiyatla СКАЧАТЬ