Hekayələr. Абдурагим-бек Ахвердов
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Абдурагим-бек Ахвердов страница 9

Название: Hekayələr

Автор: Абдурагим-бек Ахвердов

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952242218 

isbn:

СКАЧАТЬ hörmətini gözlərdilər. Çünki sair mirzələr bir abbası, altı şahı hər işə gələndən rüşvət alardılar, amma Mirzə öz maaşına kifayət edib bir qəpik də olsun rüşvət almazdı və deyərdi: "Rüşvət almaq adamı qorxaq və gözükölgəli edər, rüşvət aldığın adamların hansını görsən, gərək ikiqat baş əyəsən… Nə lazım? Qulluğumda təmiz olaram, maaşıma qənaət edərəm, bir kəsə ehtiyacım olmaz, həmişə də başıuca gəzərəm, iyirmi beş manat məvacibim var, ayda bir on manat da evə gəlib ərizə yazdıranlardan qazanıram, bu da mənim başımdan girib ayağımdan çıxar".

      Mirzənin zamanında bazarda ucuzluq idi, yaxşı qoyun ətinin girvənkəsi dörd qəpik, çörəyin girvənkəsi iki qəpik, yağın pudu dörd manat idi. Mirzə qazandığı para ilə dolanıb oğlanlarına da tərbiyə verərdi. Dünyada təməllüq51, yaltaqlıq nə olduğunu Mirzə bilməzdi. Bir bəyə, bir xana etina eləməzdi və deyərdi: "Nə vaxt qapılarına çörəyə getsəm, verməsinlər".

      Bir dəfə bir nəfər şəxs dəftərxanaya gəlib katibdən öz kağızından dolayı məlumat istəyir, katib cavab verir ki, kağızın Mirzə Səfərdədir, üzünü ağardar, apararsan. Şəxs Mirzəyə tərəf gəlir:

      – Mirzə, mənim kağızımı, mümkün isə, yaz, aparım.

      – Dayan, bu saat yazaram, əlimdə özgə iş var.

      – Bilirsiniz, mən Həsən ağanın qohumuyam?

      Mirzə qələmi əlindən buraxıb kişinin gözlərinin içinə baxdı:

      – Doğrudan, Həsən ağanın qohumusan?

      – Doğrudan.

      – Sən Allah, Həsən ağanın qohumusan?

      – Vallah, doğru deyirəm.

      – Sən Həzrət Abbas, Həsən ağanın qohumusan?

      – Həzrət Abbas haqqı, Həsən ağanın qohumuyam.

      – Deyinən, sən öl, Həsən ağanın adamıyam.

      – Sən öl, Həsən ağanın adamıyam.

      – Bəs elə isə gəl min mənim boynuma. Neynəyim, Həsən ağanın qohumusan, gözlə, vaxtında kağızın hazır olar, apararsan.

      İş üçün gələn kəndlilərlə Mirzə həmişə şirin dillə zarafat eləyərək söhbət edərdi. Keçmiş vaxtlarda dəftərxanalarda qulluqçuların gündə biri idarə bağlandıqdan sonra qalıb təcili məktubları, teleqramları qəbul edərdi.

      Bir gün növbə Mirzəyə gəlmişdi. Dəftərxananın səkisi üstündə əyləşib özünü havaya verirdi.

      Bir neçə nəfər də kənddən gəlmiş adam küçənin ortasında oturub öz aralarında danışırdı.

      Mirzə bunların birisinə əl elədi:

      – A kişi, bura gəl, bura gəl.

      Kişi durub gəldi.

      – Nə buyurursan, Mirzə?

      – Bir dil ki qəm düçarı ola, ağlar, ağlamaz?

      – Mən nə bilim, ay Mirzə.

      – Ənduhi-qüssə52 yarı ola, ağlar, ağlamaz?

      – Başına dönüm, ay Mirzə, mənim belə şeylərdən başım çıxmaz. Avam adamam.

      – Doğrudur, avamsan, bunlar gözəl sözlərdir, get oğlunu oxut. Belə-belə şeirlərdən ləzzət aparsın.

      Bir dəfə nə üstə isə naçalnikin buna qəzəbi tutub dedi:

      – Səfər! Papağını götür, buradan get!

      Mirzə Səfər qalxıb şax naçalnikin sifətinə baxdı:

      – Cənab naçalnik, siz yəqin edin ki, mən buradan gedəsi olduqda papağımı qoyub getməyəcəyəm.

      "Külahın satgilən xərc et, tüfeyli olma namərdə,

      Cahanda kəllə sağ olsun, külah əskik deyil mərdə!"

      Şeiri oxuyub bir növ rusca tərcümə etdi.

      Yoldaşları hamısı bir dillə naçalnikdən xahiş etdilər ki, onun taqsırından keçsin. Mirzə Səfər özü isə bir vəziyyətdə durub, sifətində yalvarmaq nişanəsi olmayaraq baxırdı.

      Mirzənin təmiz qulluqçu olmağına qiymət qoyurdular və yoldaşları da onu çox istəyirdilər. Ona görə Mirzəni vəzifəsində saxladılar.

      Mirzə Səfərin iki oğlu edadiyyə53 məktəbinin beşinci sinfində oxuyurdu. Mirzənin məişəti ağır olduğundan məktəb nəzdində olan cəmiyyəti-xeyriyyə onun uşaqlarını dərs pulundan azad etmişdi.

      Bir gün uşaqlar məktəbdən gəlib Mirzəyə xəbər verdilər ki, daha bu ildən onları məktəb pulundan azad etməyəcəklər, pul verməsələr, hər ikisini məktəbdən xaric edəcəklər.

      Sabahı gün Mirzə naçalnikdən izin alıb məktəb müdirinin yanına getdi. Müdir dedi:

      – Mən kənardan gəlmiş bir adamam, başım ancaq məktəbin işlərinə məşğuldur. Uşaqların atalarının vəziyyətləri mənə məlum deyil, məlum olsa da, mənim əlimdən bir iş gəlməz, sizin oğlanlarınız hər ikisi yaxşı oxuyur. Onların məktəbdən çıxarılmalarına mən çox əfsus edirəm. Mən sizə məsləhət görürəm, gedib cəmiyyətin sədri Həsən ağa ilə görüşəsiniz. İş onun əlindədir.

      Məlum oldu ki, Mirzə Səfərin Həsən ağanın qohumu ilə rəftarı ağanın qulağına çatıb, o da qeyzlənib cəmiyyəti-xeyriyyə iclasında deyibdir ki, Mirzə Səfərin vəziyyəti mənə aydın məlumdur və uşaqlarını öz xərci ilə oxutmağa onda imkan var. İclasdan çıxanda üzvlərdən biri Həsən ağadan xəbər aldı:

      – Ağa, Mirzə Səfər yazıq deyilmi, biz hamımız onun vəziyyətinə bələdik, bu zülmü onun haqqında gərək siz etməyəydiniz.

      Ağa cavab verdi:

      – Məgər siz onun nə qədər azğın olduğunu görmürsünüz?! Nə adama etina edir, nə də salam verir, guya bu adamların hamısı onun nökəridir. Yəqin, yağlıdır ki, belə dolanır. Yağlı olmasa, o da qalan çinovniklər kimi adamın yerini bilər.

      Mirzə Səfər məyus evə qayıtdı.

      Arvad ərinin halətinin pozğunluğunu xəbər aldıqda Mirzə dedi:

      – Nə eləyim, ay arvad, bugün-sabah uşaqları məktəbdən xaric edəcəklər. Ondan sonra mən onların üzlərinə nə gözlə baxacağam? Həsən ağanın evi СКАЧАТЬ



<p>51</p>

Təməllüq – yaltaqlanma

<p>52</p>

Ənduhi-qüssə – qəmi-qüssə

<p>53</p>

Edadiyyə – keçmişdə: orta məktəb