Hekayələr. Абдурагим-бек Ахвердов
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Абдурагим-бек Ахвердов страница 8

Название: Hekayələr

Автор: Абдурагим-бек Ахвердов

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952242218 

isbn:

СКАЧАТЬ fələk vurubdu, darvazamızı fələk vurubdu, darvazamızı fələk vurubdu!"

      Atası qapını açıb otağa daxil oldu:

      – Ay oğul, bu nə halətdi səndə?

      Mirzə Səfər atasının sözlərini əsla eşitməyib qışqırdı: "Darvazamızı fələk vurubdu!"

      Yazıq kişi yəqin etdi ki, oğlunun başına hava gəlib. Stola tərəf yavuqlaşıb, kağızda yazı görüb oxudu:

      "Darvazamızı fələk vurubdu!"

      Burada atası anladı ki, oğlu şairlik fikrinə düşüb, divanəlik haləti yoxdur. İrəliləyib, oğlunun boynundan yapışıb dedi:

      Darvazamızı fələk vurubdur!

      Səntək bişüuru mənə veribdir.

      – Gəl, axmaq balası, naharını zəhrimarlan. Nə qədər məndən şair oldu, bir elə səndən olar.

      Oğlunu otaqdan çıxarıb apardı nahara.

      Bir neçə il ondan sonra Mirzə qonşunun qızına eşq yetirib anasını elçi göndərdi. Qızın anası Mirzənin anasını çox hörmətlə qəbul etdi. Ancaq cavab verdi ki, qızın ixtiyarı atasının əlindədir, atası gələr, söylərəm. Mənim qızım Səfərdən yaxşı oğlana getməyəcək ki, oğru deyil, dələduz deyil, bir kəsin toyuğuna daş atmaz. Bir pislikdə adı çəkilməz, axşam kişi ilə danışıb cavab göndərərəm.

      Mirzənin anası xatircəm evə qayıtdı.

      Qız qapının dalında durub danışığa qulaq asırmış. Anası qonağı yola salıb qayıdanda qızını gözüyaşlı görüb xəbər aldı:

      – Ay qızım, nə olub sənə, niyə ağlayırsan?

      Qız cavab verdi:

      – Anacan, danışdığınızın hamısını eşitmişəm, məni atamın başına çevir, qurban kəs, məni tikə-tikə doğra, itlərə ver, amma məni bədbəxt eləmə.

      – Ay qız, Səfər necə oğlandır, niyə xoşuna gəlmir?

      – İstəmirəm, anacan, qurbanın olum.

      – Hələ bir şey yoxdur, o almadı, biz də vermədik, bəlkə, heç atan razı olmayacaq.

      Səfər, doğrudan da, qızların xoşuna gələnlərdən deyildi. Fəqir, başıaşağı bir oğlandı, vurub-yıxan deyildi, belinə tapança bağlayıb, əlini belinə, papağını gözünün üstünə qoyub gəzməzdi. Birçəklərini qotaz daramazdı, papiros çəkməzdi, aşurada başını yarmazdı, qaməti də mövzun49 deyildi. Belə adamları qızlar sevməzdilər.

      Axşam qızın atası bazardan gəldi. Arvad əhvalatı nağıl etdi. Kişi bir az fikir edib dedi:

      – Arvad, Səfər pis oğlan deyil, atası da bir abırlı kişidir. Ancaq biz ona qız versək, gərək iki ev saxlayaq, qızımızı bir elə yerə verək ki, bir parça çörək yeyib bizə möhtac olmasın…

      – Axır onlar bizdən cavab gözləyəcəklər?

      – Bir gün gözləsinlər, eyib eləməz, sabah bir dükan qonşum Hacı Əbdüləzimə də məsləhət eləyim, o, bir ağıllı, dünyagörmüş kişidir.

      Səhər qızın atası Hacı Əbdüləzimin dükanına keçib keyfiyyəti söylədi. Hacı Əbdüləzim dürüst qulaq verəndən sonra dedi:

      – Kişi, məgər sən öz qızının düşmənisən? Mənim bir kor pişiyim olsa, onu da Səfərə vermərəm, oruc tutmaz, namaz tanımaz, bir dəfə məscidə getməz, hətta deyirlər, axşamadək erməni bazarında şirəxanada oturub çaxır içir, gecə də evə piyan gəlir. Əgər mənim yanıma məsləhətə gəlibsən, mən məsləhət görmürəm.

      İki gündən sonra Səfərin anasına sifariş göndərdilər ki, böyük qız ərə getməyincə kiçik qızı atası heç kəsə verməyəcək.

      Keyfiyyət Səfərə təsir edib onu naxoşluğa saldı.

      Atası oğlunun halətini görüb dedi:

      – Ay bala, niyə xiffət eləyirsən, özün bilirsən ki, biz kasıbıq, qohum-əqrəbamız və möhkəm arxamız yox, bizə qızmı verərlər? Oğul, burada qalsan, halın daha da xarablaşacaq. Yaxşısı budur, get piyadə Qurbanlıda bir neçə gün dayının evində qal, havanı dəyiş, bəlkə, bu sövda da başından çıxa.

      Mirzə atasının sözünə baxıb getdi kəndə. Orada bir neçə gün qalmışdı, bir də gördü haradansa adına bir başıbağlı məktub gəlib, məktubu açıb gördü şeirdir. Bir nəfər naməlum şair belə yazmışdır:

      Fəzayi-eşqdə Məcnuna nisbət,

      Nə düşübsən biyabana, ay Səfər!

      Hansı Leyli salıb dami-zülfünə,

      Gətiribdir səni cana, ay Səfər!

      Mahtab tələtli, kim vermiş fərib,

      Dərdinin dərmanın tapmamış təbib.

      Yar ilə aranı vuran səyrəqib,

      Pərvanətək oda yana, ay Səfər!

      Yarın çox gözəldir, nə pünhanı var,

      Dövlətinin nə ədədi, sanı var.

      Deyirlər ki, ancaq bir nöqsanı var…

      Məhəl qoymaz səntək cana, ay Səfər!

      Mirzə bu məktubdan çox dilgir oldusa da, onu özündə saxladı. Axır vaxtlarda bu şeiri özü çox həvəslə oxuyardı.

      Mirzə Səfər kənddə ikən qızı Hacı Əbdüləzimin oğluna verdilər.

***

      Yuxarıda zikr etdiyimiz keyfiyyəti Mirzə özü nağıl edirdi.

      Mirzə Səfərlə biz tanış olanda onun yaşı qırx beşlə əllinin arasında idi. Özü də qəza dəftərxanasında qulluq edərdi. Rusca savadı az olduğundan ancaq işi mübəyyizlik50 idi. İyirmi beş manat da maaşı vardı.

      Mirzəyə hər yerdə ehtiram göstərərdilər. Bununla belə, onun bircə nəfər həqiqi dostu var idi – saatsaz usta Zeynal. Mirzə hər gün nahardan sonra gedib, usta Zeynalın dükanında əyləşib onunla söhbət edərdi və söhbət əsnasında cibindən qozdan, fındıqdan, kişmişdən çıxarıb ortalığa tökərdi. Mirzənin cibləri çərəzdən boş olmazdı. Görürdünüz, yolla gedərkən dayanıb, cibindən bir qoz çıxarıb, divarın daşına dayayıb ağacının başı ilə sındırdı və yeyə-yeyə getdi.

      Usta Zeynalın dükanında Mirzə qəzəllər oxuyub sonra da oxuduğu qəzəlləri rus dilinə tərcümə edərdi. Rus dilini bilmədiyindən tərcümələri də çox tuhaf çıxırdı. Başlardı:

СКАЧАТЬ



<p>49</p>

Mövzun – boylu-buxunlu

<p>50</p>

Mübəyyizlik – yazıların üzünü köçürtmək