Hekayələr. Абдурагим-бек Ахвердов
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Абдурагим-бек Ахвердов страница 4

Название: Hekayələr

Автор: Абдурагим-бек Ахвердов

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952242218

isbn:

СКАЧАТЬ Çıxdı küçəyə, gördü Rüstəm bir faytonla qapıda durub. Rüstəm Əkbəri yanına alıb faytonçuya buyurdu: “Sür!” Faytonçu tiri-şəhabtək29 sürüb bir mehmanxananın qabağında dayandı. Əkbər sual elədi ki, Rüstəm, bu nə yerdir, məni gətirdin? Mən indiyədək bir mehmanxanaya girməmişəm.

Rüstəm dedi:

– Heç danışma, sənin borcun itaətdir.

Faytonçunu yola salıb, Əkbərlə qol-qola verib pilləkəndən yuxarı çıxdı. Yuxarıda qulluqçu otağın qapısını açıb, özü iki əlini yanına qoyub, soldat misal durub onları içəri saldı. Əkbər otağa girəndə gördü ki, ortalıqda ağ süfrə ilə örtülmüş mizin ətrafında iki nəfər cavan rus oğlan və iki rus xanımı əyləşib söhbət edirlər. Əkbər belə güman etdi ki, səhvən özgə otağa giriblər, çox xəcalət çəkdi, amma Rüstəm onun çiyninə vurub dedi:

– Qardaş, bu məclisi mən qabaqca burada hazırlayıb sənin dalınca gəlmişəm. İrəli gəl, səni aşna eləyim.

Əkbərin qolundan tutub əyləşənlərə tərəf çəkdi və oğlanlar ayağa qalxıb onların qabaqlarına gəldilər. Rüstəm əvvəl Əkbəri onlarla tanış elədi və sonra xanımlara tərəf Əkbəri aparıb dedi:

– Xanımlar, təvəqqe edirəm, bu balaca ana uşağı ilə tanış olasınız, hələ bunun dodağından ana südü qurumayıb, özü də çox yaxşı uşaqdır və anasından nəhayət dərəcədə qorxur.

Xanımlar təbəssümlə ona əl uzatdılar. Əkbər burnunun ucunadək qızarıb bir tövr öz familiyasını dedi. Dərhal çay və həlviyyat30 mizin üstündə hazır oldu. Əkbər bir stəkan çay götürüb başladı içməyə, ancaq binəva özünü belə itirmişdi ki, bilmirdi çayı qulağınamı, ya burnunamı içsin. Amma Rüstəm, iki nəfər rus və xanımlarla otağı bir sərçəli samanlığa döndərmişdilər. Orada olan danışıqlar, şivələr, hərəkətlər – hamısı Əkbər üçün bir təzə şey idi. İkinci dəfə çay gələndə Əkbər stəkanı götürüb, çəkilib kənarda bir divan üstündə oturdu. Rüstəm isə xanımların birinə göz elədi və xanım gedib Əkbərin yanında əyləşib başladı onunla şivə ilə söhbət etməyə. Biçarə Əkbər xəcalətdən bir hala düşmüşdü ki, əgər bir hazır qəbir yerdə tapsa idi, əlbəttə, təvəqqe elərdi ki, onu orada dəfn etsinlər.

Gah tərləyirdi, gah qızarırdı, gah saralırdı. Bilmirdi nə desin, nə cavab versin. Hər şeydən ağır Əkbərə yoldaşlarının xəlvət gülməyi gəlirdi. Nökər daxil olub, mizin üstünü təmizləyib, başladı onun dörd ətrafına rəngbərəng şamlar düzməyə. Əkbər təəccüblə buna baxanda xanım soruşdu ki, yəqin, bəs bunlardan bir şey başa düşməyirsən, görünür, sən, həqiqətən, balaca uşaqsan, qoy mən səni başa salım. Bu büsat şampanski büsatıdır.

Şamları yandırandan sonra nökər gedib bir neçə şüşə şampan şərabı gətirdi, şüşənin ağzı tapança kimi açılanda Əkbər səksəndi və buna da xanımlar artıq güldülər. Əkbərin yanında əyləşən xanım qalxıb, iki piyalə şərab töküb, birini özü alıb, birisini Əkbərə uzatdı, dedi:

– Təvəqqe edirəm, bu piyaləni mənim sağlığıma içəsən!

Əkbər dayandı. Bilmədi nə eləsin. Məclis hamısı töküldü binəva Əkbərin üstünə ki, əgər bu şərabı içməsən, əvvəl öz avamlığını sübut edirsən və ikincisi, bu xanımı özündən artıq incidirsən. Rüstəm əlində piyalə qalxıb üzün Əkbərə tutub dedi:

– Qardaş, xahi nəşəvi risva, həmrəngi cəmaət şov!31 Heç danışıq yeri deyil və dayanmağın da mənası yoxdur, labüd gərək içəsən, begir in cami-təlx əz dəsti-şirin32.

Əkbər bilmərrə özün itirib, bixud33 şərabı xanımın əlindən alıb başına çəkdi. Məlumdur ki, hər bir günaha əvvəl qədəm qoymaq çətindir.

Əkbər şərabı içəndən sonra o biri xanım ayağa durub xahiş etdi ki, onun sağlığına da içsin. Binəva Əkbər labüd qalıb ikinci piyaləni həm boşaltdı. Sonra Rüstəm əlində piyalə ayağa qalxıb dedi:

– Camaat, bizim bu gecəmiz çox əziz gecələrdən oldu. Çünki bu gecə bir dünyadan bixəbər ana uşağını səvəba daxil etdik və mən bu məlum gecədə sizə söz verirəm ki, bir azdan sonra Əkbər kimi şürbi34 cəmi şəhərlərdə tapılmasın, ona görə təvəqqe edirəm ki, şeytan kargahının35 bu təzə fəhləsinin sağlığına içək. Əkbər qardaş, sağ ol!

Qonaqlar hamısı piyalələrini Əkbərin sağlığına boşaltdılar. Rüstəm Əkbəri başa saldı ki, gərək o, yığıncağın sağlığına içsin. Çünki qayda belədir. Əkbər naəlac qalıb yenə şərabı içdi. Üçüncü piyalədən sonra Əkbərin dili açılıb başladı bilafasilə danışmağa və piyalələri boşaltmağa. Axır keflənib, divanın üstə yuxulayıb yatdı. Bir vədə eşitdi ki, bağırırlar. Oyanıb gördü ki, sübh açılıb, amma yoldaşlar içirlər. Rüstəm dedi:

– Əkbər, bu dəfə sənə kifayət elər. Belə-belə öyrənirsən! Ayaq bir-bir qoyarlar nərdivana.

Camaat ayağa qalxıb, nökəri çağırıb buyurdular, hesab gətirsin. Əkbər istədi pul versin, qoymadılar. Amma dedilər ki, gələn bu gün həmən bu mənzildə sənə qonaq ola bilərik. Əkbər çox şadlıqla onları qonaq çağırdı.

Əkbər çıxıb faytona minib yola düşdü və yolda fikir edirdi ki, anasına nə cavab versin. Evə gəlib gördü anası yatmayıb və gecəyarısı Kərbəlayı Qulaməli də iki dəfə Rüstəmin evinə gedib, hər dəfə deyiblər ki, Əkbər orada yoxdur.

Əkbər anasının sualına başladı növbənöv hədərən-pədərən cavab verməyə: gah dedi, Rüstəmgildə gecə keçməyinə görə yatmışdım, onun üçün elə deyiblər. Gah dedi, xoş gecə olmağına görə Rüstəmlə şəhər kənarına səyahətə çıxmışdıq. Axır, elə gördü, anası onun yalanını anlayıb dedi:

– Ay rəhmətliyin qızı, az çürüyünə çəksənə, nə çox çövürüb soruşursan! Nə vaxtadək məni uşaq kimi güdəcəksən!

Əkbərin anasına bu növ cavabı nə tövr təsir etdisə, binəva övrət o gün axşamadək ağladı və bir-iki dəfə Kərbəlayı Qulaməliyə dedi ki, Kərbəlayı, deyəsən, Hacı Xəlilin yurdunda bayquş uluyacaq! Amma Kərbəlayı cavab verdi ki, uşaqdır, beyni qandır, mən ona nəsihət elərəm, inşallah, düzələr.

Əkbər anasının məğlubə olmağından əvvəl dilgir olub və sonra öz-özünə dedi ki, bu, yaxşıdır, bundan sonra yoldaşlar mənim adımı “ana uşağı” qoyub tənə etməzlər.

Gələn СКАЧАТЬ

29

Tiri-şəhab – iti sürətlə

30

Həlviyyat – şirniyyat

31

Biabır olmaq istəmirsənsə, camaatla həmrəng ol.

32

Bu acı piyaləni şirin əldən al.

33

Bixud – ixtiyarsız

34

Şürbi – şərab düşkünü, əyyaş

35

Kargah, kargəh – emalatxana