Hekayələr. Сулейман Сани Ахундов
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Сулейман Сани Ахундов страница 6

Название: Hekayələr

Автор: Сулейман Сани Ахундов

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952241082 

isbn:

СКАЧАТЬ qüssələnmə, doqquz aydan sonra yenə gələcəksən, burada şad görüşəcəyik. Sən də gördüyün şəhərlərdən, oxuduğun kitablardan bizə nağıl edəcəksən. Amma burada qalsan, heç bir zad bilməyəcəksən.

      Bu sözlərlə Tamam mənə təsəlli verərək sakit edirdisə də, titrək səsindən, ağarmış çöhrəsindən, yaşla dolmuş şəhla gözlərindən məlum olurdu ki, bu ayrılıq ona da böyük təsir edir.

      Axır gözüyaşlı anam, bacım və sair əqrəbam ilə əlvida edərək yola düşdüm.

* * *

      Vətəndən xaric qapalı pansion, dörd divar içində yeknəsəq yaşayış, hər bir tutulacaq işin çınqırıq ilə olmasını bir xəyalınıza gətirin ki, belə bir yerdə, asudə, gözəl təbiət içində bəslənmiş bir uşağın halı necə olardı? Gündüzlər dərslərə, idmana, oynamağa və sair işlərə məşğul olaraq belə məişətin ağırlığını bir o qədər hiss eləməyirdim, dərin sükuta dalmış uzun gecələri isə göz yaşı tökərək xəyal ilə keçirirdim… Nəhayət, yay tətili gəlib yetişdi. Bir para yoldaşlarımla vaqona minib vətənə üz qoyduq, üç gündən sonra gəlib evimizə çatdıq. Mən anam, bacım və sair qohumlarımla görüşdüm, öpüşdüm. Lakin nə həsrətini çəkdiyim Tamam və nə də Gülbənd onların arasında yox idi. Bu isə məni iztiraba salırdı. Soruşmağa da cəsarət eləməyirdim. Axırda görüşə gələnlər dağıldıqdan sonra anamdan soruşdum:

      − Tamam və Gülbənd haradadırlar? Nə üçün mənimlə görüşməyə gəlmədilər.

      Anam çaşqın bir hal ilə dedi:

      − Bilmirəm nə üçün, əlbəttə, eşidib gələrlər, görüşərlər… Onlar səni çox istəyirlər.

      Anamın belə dolaşıq cavabı məni daha da qorxu və şübhəyə saldı.

      − Ana, nədən isə doğrusunu demək istəmirsən, söylə görüm, onların başına nə iş gəlmiş?

      − Bir şey yox, onlar buradan köçmüşlər… Gülbənd də, Tamam da ərə getmişlər… Sonra başlarına nə qəziyyə gəlmişdir, bilmirəm.

      Anladım ki, anam da, bacım da həqiqəti məndən gizləyirlər. Ona görə artıq sual vermədim və işin həqiqətini bilmək üçün başqa yollar aramağa səy etdim.

      Əmioğlumun xidmətçisi Məmmədrza uşaqlıqdan bu üç ailə içində yaşadığına görə hamımız ona bir külfət üzvü kimi baxırdıq, ondan gizli bir sirrimiz olmazdı.

      Məmmədrza üçün dünyada qəm-qüssə yaranmamışdı. Həmişə deyən, danışan, gülən, zarafatçı bir şəxs idi. Həmişə də "Bu dünya beş gündür, beşi də qara, əbləh odur onu qəm-qüssə ilə keçirə…" sözlərini təkrarlarla söyləyirdi. Sabah ertə böyük bağımızı gəzmək bəhanəsi ilə Məmmədrzanı yanıma salıb getdim. Yol uzunu Məmmədrza məzhəkə söyləyərək məni güldürürdü.

      Bağımızı seyr etdikdə Məmmədrzadan soruşdum:

      − Lələ, səndən bir şey soruşacağam, məndən gizləmə, doğrusunu söylə. Nə üçün Budaq baba buradan köçmüş? Tamam ilə Gülbənd necə olmuşlar?

      Bu sualımdan Məmmədrzanın gülər üzü qara bulud kimi tutuldu. Bir az fikirdən sonra:

      − Bu göy ot üstə oturaq, mən də sənə onların faciələrini söyləyim, − deyə təklif etdi.

      Oturduq, Məmmədrza da kürd qızlarının başlarına gələn müsibəti nağıl etməyə başladı. Gülbənd ilə kiçik əmioğlumun sevişdiklərini bilirdim, lakin onu zor ilə bir kürd oğluna verib əmioğlumdan uzaqlaşdırmağı indi, Məmmədrzanın nağılından bildim.

      Məmmədrza Tamamın faciəli qəziyyəsini nağıl etdikdə mən davam edə bilməyib başımı otların arasında gizlətdim və göz yaşım neysan yağmuru kimi tökülüb otları islatdı.

      Gülbəndin qəziyyəsindən sonra Budaq baba böyük qızının yanına köçməyə məcbur olur. Yazıq Tamam bizim ailəyə öyrəşdiyindən ayrılmaq istəməyirmiş, lakin əmioğluların aralarına nifaq düşməsinə səbəb olmamaq üçün anam onun getməyinə izin verir.

      Seyidli kəndi ona qədər başqa kəndlərlə bitişən iki dağın arasında düşmüşdür. Bu kəndlilərin meyvə bağları təxminən 12–13 kvadrat kilometr yer tutaraq uzaqdan baxdıqda böyük bir meşəyə bənzəyirdi. Qərb tərəfə uzanan dağlar getdikcə daralıb əskidən bina olmuş Əsgəran qalasına çatdıqda yarım kilometr qədər bir-birinə yaxınlaşır.

      Bu iki dağın arasında Qarqar çayı axır. Kəndlilərin bağları, bostanları, tarlaları bu çaydan sulanır. Seyidli kəndinin səkkiz verstliyində, Əsgəranın yaxınlığında Bozdağ adlı bir otlaq mövcuddur. Bahar fəsli maldar kəndlilər buraya köçüb alaçıqlar qurarlar və orada yaya qədər qalıb mallarını otladarlar. Sonra yaylaqlara köçərlər.

      Həmin Bozdağda, yol kənarında əski xaraba bir qəbiristan vardır, kəndlilər burada ölülərini dəfn edirlər. Zavallı Tamamcığazın faciəsi də bu yerlərdə zühur etmiş. Belə ki, bir mallı, dövlətli kəndlinin cavan oğlu şiddətli surətdə dəli olur.

      Hətta onu zəncirlə bağlamağa məcbur olurlar. Nə qədər dua yazdırırlar, pirə aparırlar və bu kimi avamca müalicə edirlərsə də, fayda verməyir. Axırda kim isə: "Belə dəliyə bir məsumə qız gəlin olarsa, sağalar", – deyə ata-anasını inandırır. Onlar da elə bir qız axtarmağa başlarlar. Lakin hansı bir fağır kəndliyə böyük pullar vədəsi ilə təklif edirlərsə, heç kəs qızını belə dəliyə vermək istəmir. Axırda arayıb Budaq babanı tapırlar və böyük pul ilə onu razı edirlər.

      Zavallı Tamamın "səni bir gözəl dövlətli cavan oğlana veririk" deyə məcburən razılığını alırlar, kəbinini kəsirlər. Sonra toysuz, gizlincə dəliyə gəlin aparırlar. Tamam baxıb görür ki, onu aldadıb dəliyə vermişlər. Bunu bildikdə yazığın bütün bədəni titrəməyə başlar. İttifaqən həmin gecə göy üzünü qara buludlar tutub şiddətli yağmur yağmağa başlar. Dağlardan axan sellər alaçıqlara dolub bəzilərini yumalayıb aparır. Adamların başı buna qarışdıqda Tamam fürsət tapıb qaçır.

      Gecənin qaranlığı, göyün dağlara səda salan dəhşətli şaqqıltısı, dərələrdən axan sellərin gurultusu Tamam kimi bir qızı yox, bütün kişiləri də xofa salar. Başıaçıq, ayaqyalın, küləklə boğuşa-boğuşa, sellərlə əlləşə-əlləşə Tamam qaçır. Dəli onun ürəyinə elə bir qorxu salmışmış ki, zavallı qızcığaz indiki halına şad imiş. Onun fikri o imiş ki, adamlar duyuq düşüncə Qarqar çayını keçib meşədə gizlənsin. Lakin bir qədər qaçdıqdan sonra daşlara dəyib yaralanmış ayaqları, yağmurdan islanmış bədəni, külək ilə əlləşməkdən tabdan düşmüş əzası daha hərəkətdən qalır. O zaman bir pənah yeri arayır ki, gizlənib dincəlsin, haranı tapır, bilirsinizmi? Hər şeydən artıq xof etdiyi qəbiristanı.

      Tamam, üstü günbədli bir əski məzar tapır və içində СКАЧАТЬ