Название: Sirli ada
Автор: Жюль Верн
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952241679
isbn:
– Burada qəribə bir şey var. Amma mənim də okean sahilindən mağaraya necə gəlib çıxdığım bir müəmmadır. Ehtimal ki, gec-tez biz bu sirləri açacağıq, – deyə Smit diqqətlə suya baxdı və su axınının gölün cənubunda yox olduğunu müşahidə etdikdən sonra qulağını yerə dayayıb dedi:
– Spilet, gölün suyu qranitin çatından axıb gedir. İndi bu çatı tapmaq və ondan öz məqsədlərimiz üçün istifadə etmək lazımdır.
O, ağacdan uzun budaq kəsib suya saldı və xeyli əlləşdikdən sonra suyun dibində geniş bir dəlik tapdı. Bu dəlik su axan yerin başlanğıcı idi.
Mühəndis jurnalistə qranit divarı partladıb suyun istiqamətini dəyişdirmək istədiyini bildirdi və Buxarıya döndükdə layihəsini digər yoldaşlarına da izah etdi. Yoldaşları Smitin rəhbərliyi ilə nazik çubuqlardan toxunmuş səbəti sürüyə-sürüyə kükürd süxurları yatağına getdilər və bütün günlərini Buxarıya süxur daşımağa sərf etdilər. Smit kükürdlü dəmiri tərkibindəki başqa maddələrdən ayırıb ondan kükürd turşusu əldə etmək niyyətində idi.
Ertəsi gün, yəni mayın səkkizində mühəndis istehsala başladı. Meydançaya odun, onun üstünə isə kükürdlü süxurlar yığılıb yandırıldı. Kükürd turşusunun alınması üçün on-on iki gün vaxt lazım idi. Bu müddət ərzində Sayres Smit boş durmayıb sabun hazırladı, yoldaşlarına xüsusi kərpic soba tikdirdi, azot turşusu əldə etdi. Bu işlər, demək olar ki, kükürd turşusunun alınması ilə bir vaxtda – 18 mayda başa çatdı. Nəhayət, Sayres Smit partlayıcı maddə hazırlamağa nail oldu.
21 mayda ada sakinləri qranit divarı partlatdılar. Divarda geniş bir yarıq əmələ gəldi və su axını bu yarıqdan köpüklənə-köpüklənə axaraq istiqamətini dəyişdi. Bu dəlik böyük bir şəhərin kanalizasiya tunelini xatırladırdı. Nabla Penkrof külüngdən istifadə etməklə dar dəliyi genişləndirdilər.
Adalılar məşəl yandırıb tunelə daxil oldular. Bir qədər getdikdən sonra Top daha irəliyə qaçaraq hürdü. Onlar bir azdan Topuna yanına çatdılar. Burada tunel geniş bir mağaraya çevrilirdi. Mağara boş olsa da, Top hələ də hürürdü.
Mühəndis Topa irəli getməyi əmr etdi. İt mağaranın o biri başına qaçıb daha bərkdən hürməyə başladı. Burada bir quyu vardı. Smit quyuya yanan bir budaq ataraq onun düşmə müddəti əsasında quyunun dərinliyini hesabladı və:
– Bu da bizim evimiz, – dedi.
– Axı burada hansısa bir canlı vardı. Top, yəqin ki, onu görmüşdü, – deyə Spilet etiraz etdi.
– Həmin canlı öz yerini artıq bizə verib.
İndi ada sakinlərinin əlində böyük bir mağara var idi. Yalnız iki məsələni həll etmək qalırdı: birincisi, mağaranı işıqlandırmaq, ikincisi isə xarici dünya ilə əlaqə yaratmaq.
Səyyahlar iki saat çalışdıqdan sonra mağaranın dənizə çıxan yan divarında külüng vasitəsilə dəlik açmağa nail oldular. Parlaq gün işığı bu dəlikdən mağaraya keçərək onu yaxşıca işıqlandırırdı. İlk baxışda dar mağara kimi görünən yer, əslində, gözəl bir saray imiş. Bu sarayın yeni sakinləri onu “Qranit saray” adlandırdılar.
Ertəsi gün Smitlə yoldaşları mağaranı mənzilə çevirməyə başladılar. Mühəndis mağaranın sol hissəsini beş otaq və bir dəhlizə bölmək, bu otaqları divarda açılacaq beş pəncərə ilə işıqlandırmaq istəyirdi. Həmin divarda qapının da açılması planlaşdırılmışdı. Mağaranın pilləkəni olduğundan Penkrof nə üçün qapı açılacağını anlaya bilmirdi.
– Bu pilləkənlə başqaları da asanlıqla içəri keçə bilər. Məncə, bu yolu bağlamasaq, daha yaxşı olar. Özümüz isə saraya ip nərdivanla düşərik. Onu başqalarının gör-məməsi üçün istənilən zaman yığışdırmaq olar.
– Bu qədər ehtiyatlı olmağa nə ehtiyac var ki? – Penkrof soruşdu. – İndiyə qədər adada heç bir qorxulu heyvana və ya yerli əhaliyə rast gəlməmişik.
– Biz adanın yalnız cüzi bir hissəsi ilə tanış olmuşuq. Həm də adaya kənardan da düşmən gələ bilər. Hər ehtimala qarşı hazır olmaq lazımdır.
Penkrof mühəndislə razılaşmalı oldu. O, qamış çubuqlardan möhkəm nərdivan toxudu. Smitin başçılığı ilə düzəldilən sadə kran vasitəsilə ağır əşyaları yeni mənzilə qaldırmaq mümkün oldu. Bundan sonra kərpiclə arakəsmələr hörülərək saray bir neçə otaq və anbarlara bölündü. Mətbəxdə ocaq quruldu, baca hazırlandı. Mühəndis saraya şirin su da çəkdi. Sonra isə pəncərələri möhkəm qapılarla təchiz etdi. Adalılar yeni evlərini tərifləməkdən doymurdular. Onların, həqiqətən də, zəhmətlərinin bəhrəsi ilə öyünməyə haqları vardı.
On birinci fəsil
Ekvatordan cənubda yerləşdiyi üçün adada qış fəsli iyun ayında başladı. Qışın ilk əlamətləri güclü yağış və külək idi. Amma Qranit sarayın sakinləri mənzillərinə arxayın ola bilərdilər. Onlar iyun ayını müxtəlif ev işlərinə sərf etsələr də, bu işlər ova getməyə mane olmurdu. Odur ki sarayın ərzaq anbarı həmişə dolu idi. Nab isə ərzaq xarab olmasın deyə bütün vaxtını ət duzlamağa sərf edir, konservlər hazırlayırdı.
Lakin ada sakinlərinin əyinlərindəkindən başqa paltarları yox idi. Bu paltarlar onları qışın soyuğundan qoruya bilməzdi. Kimsəsiz adada paltar tapmaq isə mümkünsüzdü.
Qışın gəlişi ilə gecələr uzandığı üçün sarayın işıqlandırılma məsələsi həll edilməli idi. Buna görə də 5 iyunda səyyahlar beş-altı suiti ovlayaraq saraya xeyli miqdarda piy və suiti dərisi gətirdilər. Piydən şam, dərildənsə möhkəm ayaqqabı əldə etmək olardı.
Şam istehsalı çox asan oldu. Piydən hazırlanmış şamlar yöndəmsiz olsalar da, yararlı idilər.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со СКАЧАТЬ