Çovdarlıqda uçurumdan qoruyan. Дж. Д. Сэлинджер
Чтение книги онлайн.

Читать онлайн книгу Çovdarlıqda uçurumdan qoruyan - Дж. Д. Сэлинджер страница 5

Название: Çovdarlıqda uçurumdan qoruyan

Автор: Дж. Д. Сэлинджер

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952243833 

isbn:

СКАЧАТЬ gedir. Gündə düz iki saat məşq eləyirdi. Qorxurdu fiqurası pozula. Həmişə onunla dama oynayırdıq. Özü də damaya çıxanda daşları çevirməzdi, bircə dəfə də yerindən tərpətməzdi.

      Stredleyter dinmirdi. Adətən, belə şeylər heç kəsi maraqlandırmır.

      – Onun anası da biz getdiyimiz klubun üzvü idi, – dedim. – Mən orda bir müddət qolf ağacı daşıyan olmuşam. Pul qazanmaq istəyirdim.

      Stredleyter heç qulaq asana oxşamırdı. Saçı ilə məşğul idi.

      – Yox, gərək gedib görüşəm.

      – Bəs niyə durmusan? Get də!

      – Gedəcəyəm, gözlə bir dəqiqə. Onun valideynləri ayrılıb. Anası sərxoş bir adamla evlənib, – dedim.

      Yaxşı yadımdadır, həmin adam həmişə şortik geyərdi. Ceyn deyirdi ki, yazıçıdır, pyes-zad yazır. Amma onu həmişə möhkəm içən, sarsaq radiodetektivlərə qulaq asan görmüşəm.

      – Ceynin uşaqlığı çox ağır keçib. Zarafatsız. Yox ey, gedim onunla bir görüşüm. Yaxşı deyil.

      – Bəs onda nəyi gözləyirsən? Bayaqdan gedim-gedim deyincə çıx get də, – Stredleyter dedi.

      – İndi kefim yaxşı deyil, – dedim. Belə yerə getməkdən ötrü də gərək adamın, doğrudan da, kefi kök ola.

      Stredleyter, axır ki, sıx, pırtlaşıq saçlarını darayıb qurtardı. Üzqırxanı, dəsmalı yığışdırdı.

      – Bəri bax, məndən ona salam de, yaxşımı?

      – Yaxşı, – Stredleyter dedi, ancaq dəqiq bilirdim ki, deməyəcək.

      – Bura bax, – dedim, – məni qovduqlarını ona demə ha. Yaxşı?

      – Yaxşı.

      5

      Hər şənbə axşamı bizim üçün əsl bayram idi; çünki stollara bifşteks9 qoyurdular. Bunu qəsdən edirdilər. İstəsəniz lap min dollardan mərc gələrəm, çünki hər bazar valideynlərin çoxu məktəbə öz uşaqlarını görməyə gəlirdi və hər bir ana öz əziz-xələf oğlundan axşam nə yediyini soruşurdu. O da deyirdi: «Bifşteks». Fırıldağa bax! Kaş o bifşteksləri öz gözlərinizlə görmüş olaydınız. O qədər xırda və bərk idilər ki, heç bıçaq da kəsmirdi.

      Həmin axşam heç kimə görüş-zad verməmişdim; pijamamı, xalatımı geydim, qırmızı kepkamı da başıma keçirib inşa yazmağa başladım.

      Stredleyterin tapşırdığı kimi təsvir eləməyə nə bir ev ağlıma gəlirdi, nə otaq. Həm də belə şeylərdən inşa yazmaq ürəyimə yatmır. Ona görə də götürüb qardaşım Allinin beysbol əlcəyindən yazdım. Alli həmişə bu əlcəyi sol əlinə geyərdi. Çünki solaxay idi. Qardaşım əlcəyin hər yerinə, hətta barmaqlarının üstünə də şeir yazmışdı. Özü də yaşıl mürəkkəblə. Bunu ona görə eləmişdi ki, meydançada topsuz qalanda bikarçılıqdan oxumağa bir şey tapa bilsin. İndi o, sağ deyil. 1946-cı il iyulun 18-də biz Meyndə olanda ağ qan xərçəngindən öldü. Məndən iki yaş balaca olsa da, yüz dəfə ağıllıydı. Yaman dərrakəli uşaq idi. Müəllimləri həmişə anama məktub yazardılar ki, belə bir uşağa dərs demək onlar üçün böyük xoşbəxtlikdir.

      İlahi! O necə də qəsəng uşaq idi. Bir də görürdün, yemək stolunun arxasında ağlına nə gəldisə, uğunub özündən getdi, stoldan aşdı. On üç yaşım olardı, valideynlərim məni psixiatrın yanına apardılar. Çünki qardaşımı itirən gecə yumruğumla vurub qarajın bütün şüşələrini qırmışdım. Hələ o yay aldığımız «Pickup»ın da şüşələrini qıracaqdım, olmadı, ona çatanda qolumu sındırdım. Onda elədiklərim özümdən asılı deyildi.

      Elə şeylər var ki, onları xatırlamağa çətinlik çəkirsən. İndi də ha fikirləşirəm, Stredleyterin Ceynlə görüşdən haçan qayıtdığını yadıma sala bilmirəm. Yəni hələ də xatırlaya bilmirəm ki, dəhlizdə onun çərdəymiş addımlarının səsini eşidəndə mən otaqda nəylə məşğul idim. Bəlkə də, hələ pəncərənin önündən çəkilməmişdim. Mən bir şeydən əndişəyə düşəndə, həqiqətən, bərk həyəcanlı oluram. Stredleyteri mənim qədər tanısaydınız, siz də bu cür əndişəyə düşərdiniz. Yaramazın biridir. Özü kimisi yoxdur.

      Soyuqdan deyinə-deyinə içəri girdi. Sonra dedi:

      – Bəs bu camaat hanı? Lap meyitxanaya oxşayır ki!

      Ona cavab vermək fikrində deyildim. Soyunmağa başladı. Ceyn barədə bir kəlmə də demədi. Heç mən də soruşmadım.

      Qalstukunu boğazından açanda inşanı yazıb-yazmadığımı soruşdu. Dedim ki, yazmışam, çarpayısının üstündədir. Gedib onu götürdü, köynəyinin yaxasını aça-aça oxudu.

      Birdən dedi:

      – Bura bax, Holden. Bu beysbol əlcəyi hardan çıxdı?

      – Nə olsun? – soyuqqanlıqla dedim.

      – «Nə olsun» nədir? Sənə demədim, otaqdan, evdən yaz?

      – Demişdin, inşa yaz, yazmışam. Beysbol əlcəyindən oldu, olmadı, bunun nə dəxli?

      – Başın batsın sənin, – dönüb üzümə baxdı. – Yaxşı eləyib səni bayıra atıblar. Heç vaxt bir işi adam kimi görmürsən.

      – Nə deyirəm. Onda onu ver bəri, – dedim. Ona yaxınlaşdım, dəftəri qəfil dartıb əlindən aldım, hirsimdən cırıq-cırıq elədim.

      – Neyləyirsən, niyə cırırsan? – dedi.

      Cavab vermədim. Cırdıqlarımı aparıb zibil yeşiyinə tulladım. Sonra çarpayıya uzandım.

      Hələ də Ceyn barəsində bircə kəlmə də deməmişdi. Ona görə də daha dözməyib dedim:

      – Niyə belə yubandın? Yəqin, sənə görə yazıq qız da gecikməli olub, eləmi?

      – Hə, bir balaca gecikdi, – Stredleyter laqeydcəsinə cavab verdi.

      İlahi, mən bu adama necə də nifrət edirdim!

      – Gəzməyə hara getdiniz? Nyu-Yorka?

      – Dəlisən nədir? Necə gedəydik? O qədər yolu gedib-qayıtmağa vaxt hardan idi?

      – Mənim salamımı ona çatdırdın?

      – Hə.

      Yalan deyir, gözünün içinə qədər yalan deyir.

      – Əgər Nyu-Yorka getməmişdinizsə, onda bu vaxta qədər hardaydınız? – dedim. СКАЧАТЬ



<p>9</p>

Bifşteks – qızardılmış mal ətindən hazırlanan yemək