Çovdarlıqda uçurumdan qoruyan. Дж. Д. Сэлинджер
Чтение книги онлайн.

Читать онлайн книгу Çovdarlıqda uçurumdan qoruyan - Дж. Д. Сэлинджер страница 4

Название: Çovdarlıqda uçurumdan qoruyan

Автор: Дж. Д. Сэлинджер

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952243833 

isbn:

СКАЧАТЬ müddət dinmədim. Sonra dedim:

      – Ona görə Stredleyterdən xoşun gəlmir ki, o sənə həmişə «heç olmasa, bu dişlərini bir dəfə yu» deyir. Özü də sənə sataşmaq üçün demir, burda inciməli nə var ki?

      – Mən dişlərimi həmişə yuyuram. Özündən uydurma!

      – Yox, yumursan. Mən özüm fikir vermişəm, yuyub eləmirsən, – dedim. – Stredleyterə nə olub ki? Pis oğlan deyil. Bəla bundadır ki, sən onu yaxşı tanımırsan.

      – Sənə dedim ki, o, əclafdır.

      – Özünü dartmağına sözüm yox, amma çox cəhətdən əvəzsiz oğlandır, – dedim. – Bax, tutaq ki, Stredleyterin əynindəki qalstuk, ya başqa şey sənin xoşuna gəlir. Bilirsən, o neyləyər? Boğazından açıb sənə bağışlayar. Ya da, bilirsən, neyləyər? Evdən çıxanda açıb atar sənin çarpayının-zadın üstünə. Nə yolla olursa olsun hökmən onu sənə bağışlayar. Amma burdakı uşaqların çoxu…

      – Söz tapdın da! – Ekli dedi. – Onun kimi pullu olsam, mən də bağışlayaram.

      – Yox, sən eləməzsən, – başımı buladım.

      Birdən qapı açıldı. Stredleyter tələsik içəri girdi. Həmişə harasa tələsirdi. Mənə sarı yönəldi, zarafatyana yanaqlarımı şappıldatdı – bu da heç xoşagələn vərdiş deyildi, – sonra soruşdu:

      – Axşam bir yana getmirsən?

      – Bilmirəm. Bəlkə, getdim. Nədir, qar yağır?

      Əməllicə qara batmışdı.

      – Bura bax, əgər bir yana getməyəcəksənsə, o zolaqlı gödəkçəni bir axşamlığa mənə ver.

      – Yox! Sənin əyninə gəlməz, genəldərsən, – dedim. İkimiz də bir boydaydıq, ancaq o məndən iki dəfə ağır gələrdi. Çiyinləri çox enliydi.

      – Qorxma, heç nə olmaz, – deyib cəld şkafa tərəf qaçdı. – Nə var, nə yox, Ekli? – arada Eklinin kefini soruşmağı da unutmadı. O, mehriban oğlan idi, kin-zad saxlamazdı. Yalandan da olsa, həmişə Ekliylə salamlaşırdı.

      – Bəs qız dostun hardadır? – soruşdum.

      – O biri korpusda, – əl-üz dəsmalını, üzqırxanı qoltuğuna vurub köynəksiz-zadsız otaqdan çıxdı. Otaqda da həmişə bu cür qurşağacan çılpaq gəzir, çünki belə hesab eləyir ki, yaraşıqlı bədəni var. Doğrudan da, beləydi: qədd-qamətinə söz ola bilməzdi.

      4

      Elə bir işim olmadığına görə mən də durub yuyunma otağına getdim. Üzünü qırxıb qurtarana qədər Stredleyter ilə bir az laqqırtı vurmaq istəyirdim. Burda da bir o idi, bir də mən. Uşaqlar hələ futboldan qayıtmamışdılar.

      Yadınızdadır, Eklidən danışanda demişdim ki, pintinin, natəmizin biridir? Bax bu Stredleyter də natəmiz uşaqdır, ancaq bir az başqa cür natəmizdir. Zahirən çox səliqəliydi, amma kaş indi onun əlindəki üzqırxanı görmüş olaydınız. Pas atmışdı, tük basmışdı.

      Stredleyter son dərəcə özünə məftun adamdır. Şəkildə yaraşıqlı düşürdü. Yəni onun gözəlliyi albom gözəlliyi idi. Mən Pensidə elə oğlanlar tanıyıram ki, Stredleyterdən onqat yaraşıqlıdırlar, ancaq albomda şəkilləri o qədər də yaxşı çıxmır.

      Stredleyterin böyründəki kranın önündə oturub soyuq suyu açıb-bağlayırdım. Qırmızı kepka hələ də başımdaydı. Özü də tərsinə – dimdiyi arxa tərəfə. Bu kepka, doğrudan da, mənə yaman ləzzət eləyir.

      – Bura bax, – Stredleyter dedi, – gəl mənim xatirimə bir iş gör.

      – Nə? – çox həvəssiz soruşdum. Yaraşıqlı, özündənrazı oğlanların hamısı belədir. Gərək bunların xatirinə həmişə nəsə eləyəsən.

      – Birinci günəcən tarixdən azı yüz səhifə dərs oxumalıyam, – dedi. – Bəlkə, mənim üçün ingilis ədəbiyyatından bir inşa yazasan? Birinci gün təhvil verməsəm, işim xarabdır. Yazarsan?

      Məni lağa qoyub nədir?!

      – Məni bu lənətə gəlmiş məktəbdən dünən qovublar. Sən də istəyirsən ki, indi sənə inşa yazım?

      – Bilirəm, bilirəm. Bəla burasındadır ki, onu təhvil verməsəm, mənim də işim xarabdır. Dostumsan, kömək elə.

      – Nədən yazmalıyam?

      – Nədən olursa olsun. Təsviri bir şey. Otaq haqqında. Və ya bina haqqında. Ya da nə vaxtsa yaşadığın bir yer haqqında. Təki təsvir ifadəli və canlı olsun.

      – Bunu hardan tapmısan? – Stredleyter soruşdu. Qırmızı kepkamı deyirdi. Yeni görürdü.

      – Səhər-səhər Nyu-Yorkdan almışam. Bir dollara. Xoşuna gəlir?

      Stredleyter başını tərpətdi.

      – Əladır, – dedi. Əclaf məni hərifləyirdi. Çünki dərhal əlavə elədi: – Yaxşı, inşa yazarsan?

      – Vaxt tapsam, yazaram.

      Gəlib yenə də onun böyründəki kranın önündə oturdum.

      – Budəfəki görüşün kiminlədir? Fitsceraldla? – soruşdum.

      – Allah eləməsin. Sənə demədimmi, o donuzla qurtarmışam?

      – Fitscerald deyilsə, bəs kimdir? Bəlkə, o Fillis Smitlə görüşəcəksən?

      – Yox. Əslində, elə onunla görüşməliydim, ancaq hər şey tərsinə oldu, başqasına ilişdim. Bed Tou ilə bir otaqda qalan qız… Bura bax. Az qala yadımdan çıxmışdı. O qız səni tanıyır.

      – Ola bilməz, adı nədir? – məni maraq bürüdü.

      – Mən bilən… Hə, Ceyn Qallaher.

      İlahi, o bunu deyəndə az qaldı huşum başımdan çıxsın.

      – Ceyn Qallaher! – oturduğum yerdən dik qalxdım. – Hə, onu tanıyıram. İnişil yayda qapıbir qonşu olmuşuq. Onda onun zırpı buldoqu da var idi. Elə buldoqun hesabına tanış olduq. Həmişə gəlib bizim…

      – Holden, adamsan, işığın qabağında durma, – Stredleyter dedi. – Durmağa yer tapmırsan?

      Əməlli-başlı həyəcanlanmışdım.

      – O indi hardadır? – soruşdum. – Heç olmasa, gedib görüşüm. Hardadır dedin? O biri korpusda?

      – Eh…

СКАЧАТЬ