Dalanda. Сабир Азери
Чтение книги онлайн.

Читать онлайн книгу Dalanda - Сабир Азери страница 2

Название: Dalanda

Автор: Сабир Азери

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8451-9-2

isbn:

СКАЧАТЬ həddindən artıq həyəcanlısan, öz ürəyin bərk vurur. Əllərin əsir. Sakit ol. Bir az da. Baax belə… İndi hiss edirsən?

      Fəridə üzüntülü səslə pıçıldadı ki, hə, zorla hiss edirəm.

      – Di kənara çəkil.

      Professor bir azca pambığa naşatır spirti damızdırıb Qafarın burnuna yapışdırdı. Qafar yavaş-yavaş üz-gözünü turşutdu, sonra asqırdı və gözlərini açdı.

      Fəridə ərinə sarmaşdı. Qafar zorla gülümsündü, daha doğrusu onun gözlərində təbəssümə oxşar işartı yarandı, amma sifəti hələ də ağrılı, əzablı idi. Fəridə göz yaşlarını silib dedi:

      – Sənə baxmağa professor gəlib. Şəhərdə ən yaxşı cərrahdır, beş-on günə sapsağ eliyəcək.

      Professor Mürşüdov o biri otaqda iynə qaynadır, dərman hazırlayırdı. Su qaynağa düşəndə iynəni çıxartdı və yenə Qafarın yanına qayıtdı.

      – Bu iynədən sonra özünü lap yaxşı hiss edəcəksən. Sən kənara çəkil, bacı.

      Fəridə azca aralandı, hətta iynənin venaya sancıldığını görəndə yönünü divara çevirdi.

      – Həə, indi rahatca yatacaqsan.– Fəridə bu yana çevrilib ərinə baxdı. Qafarın sifətindəki qırışlar azalmışdı, gözlərini onlara zilləmişdi. Fəridə ərinin baxışındakı nigarançılığa dözə bilməyib yazıq-yazıq soruşdu:

      – Necəsən? Ağrın azalırmı, Qafar!

      Qafar dinmədi, eləcə kirpiklərini çaldı.

      Professor Mürşüdov yorğanı Qafarın sinəsinə doğru çəkdi.

      – Hələlik onu çox danışdırmaq olmaz, qoyun dincəlsin. Öyüməsi, yəni ürəkbulanması olubmu?

      – Olub. Təzə-təzə çox öyüyürdü.

      Aydındır…

      Professor Mürşüdov həyətə düşəndə böyük qardaşı tez soruşdu:

      – Vəziyyəti necədir?

      – Ayağı sınıb.

      – O heç. Ayağı cəhənnəmə sınsın, özgə?

      – Beyin silkələnməsi də var.

      – Beyin silkələnməsi?.. Güclüdür?

      – Əgər arvadının sözünə inansaq, çox da güclü deyil.

      – Birdən beyninə qansızma olar?

      – Nə deyim, qardaş, o da mümkündür.

      – Durduğumuz yerdə əcəb işə düşdük!

      – Təcili yardım gəlmədi?

      – Gəlmişdi, qaytardım. Dedim ki, özümüz apardıq xəstəxanaya… Məsələnin üstü açılsa uşağın xaric söhbəti batdı Şamaxı batan kimi.

      Professor Mürşüdov qardaşına qüssəli-qüssəli, bir az da incik baxdı, köksünü ötürüb maşından xeyli buz, pambıq, tənzif götürüb evə qayıtdı. O, buzu Qafarın alnına, başının dörd tərəfinə düzdü və üstündən tənziflə sarıdı.

      Fəridə onun bu hərəkətinə göz qoyur və tez-tez də qorxa-qorxa soruşurdu:

      – Doktor, siz allah, vəziyyəti ağır deyil ki?

      Professor Mürşüdov da hər dəfə özünü zorlayıb gülümsünürdü:

      – Qorxulu heç nə yoxdur, – deyirdi, – bu nədir ki, biz o dünyalıq adamları geri qaytarırıq. Bəxtiniz gətirib, kişi yüngül zərbə alıb. Gərək bir qurban kəsəsiniz.

      – Təki, Qafar sağalsın, niyə kəsmirəm.

      – Əgər doğrudan da istəyirsən ki, ərin tez sağalsın, ilk növbədə ona sakitlik yaratmalısan.

      – Baş üstə, doktor.

      Professor Mürşüdov əllərini yudu, dava-dərmanının qalanını sumkasına yığıb dedi:

      – Uzağı iki saata yenə gələcəm. Başqa həkim-zad yaxına buraxmayın. İncimə, naşı adam əlinə düşər, kişini…– Sözünün dalını gətirməsə də Fəridəyə necə baxdısa onun rəngi ağardı.

      – Bəs «Təcili yardım» gələndə?

      –Gəlmiyəcək.

      – Niyə? Axı…

      – Gəlibmiş, qar… Akademik Mürşüdov qaytarıb. Yaxşı da eləyib, «Təcili yardım»ın əlindən nə gəlir ki! Bir də görürsən adicə başağrısı dərmanları yoxdur, xəstəni arxayın salmaq üçün qarınağrısı dərmanı verdilər.– Professor Mürşüdov qımışdı, Fəridənin dodağının tərpənmədiyini görəndə qaşqabağını salladı,– Xəstəyə gərək əvvəldən axıracan bir həkim baxsın. Çünki hər həkimin öz müalicə üsulu var. Başqası gələr, qaş qayırdığı yerdə vurub göz çıxardar. Ərini mən özüm sağaldacam. Ayrı dərdləri də varmış, ürəyi zəifmiş, əsəbi də yerində deyilmiş… Hamısına elə əncam çəkəcəm ki, əvvəlkindən də möhkəm olacaq…

      – Allah sizdən razı qalsın!

      Professor gedəndən sonra Fəridə bərk darıxdı, hətta vahimələndi, ara qapını ehtiyatla açıb ərinə göz qoydu. Qafarın sinəsi asta-asta qalxıb enirdi. Fəridə qapını örtdü. Şüşəbənddə var-gəl etməyə başladı.

      Həyətdə, sonra da onların taxta pilləkənlərində taqqıltı eşidildi. Fəridə qapını açanda çaşıb qaldı– cavan bir milis zabiti idi. Milis zabiti də duruxdu.

      – Bağışlayın, bura Qafar Vəlizadənin evidir?

      – Bəli.– Fəridə udquna-udquna cavab verdi.

      – Milis şöbəsinə siz zəng vurmuşdunuz?

      – Kiim? Məən?.. Yox, mən heç kəsə zəng çalmamışam.

      Milis zabiti duruxdu.

      – Bağışlayın, siz Qafar Vəlizadənin nəyisiz?

      – Arvadıyam.

      – Üzr istəyirəm, sizin ərinizi maşın… vur… mayıb ki?

      – Hə, vurub.–Fəridə doluxsundu.– Bizi yazıq günə qoydular, ay qardaş. Bəs siz hardan bildiz?

      – Bir qadın telefonla xəbər verdi.

      – Həə, СКАЧАТЬ