Seçilmiş əsərləri. Ильяс Эфендиев
Чтение книги онлайн.

Читать онлайн книгу Seçilmiş əsərləri - Ильяс Эфендиев страница 7

Название: Seçilmiş əsərləri

Автор: Ильяс Эфендиев

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8202-7-1

isbn:

СКАЧАТЬ ilə onlara toxunar, “qızılgül nə tez açılıb, qaraməxmər hələ düymədir…” – deyə sevinclə səslənirdi. Güllər isə, onun bu hərəkətlərinə dözülməz bir dərdlə baxar, keçmişin qayıtmaz xatirələrinə dalıb gedərdi. Axı, bu çiçəklərin ən incə naxışları, ən mürəkkəb boyaları o rəssama tanış idi. Bir dəfə Elmar doymaq bilməyən ehtirasla bu çiçəkləri seyr edib:

      – Eh, Güllər, – demişdi, – bunlara baxdıqca düşünürəm: görəsən, doğrudanmı, bir zaman insan dühası bu gözəlliyi olduğu kimi ağ bez parçası üzərində canlandıra biləcək?

      Bunları xatırladıqca, bir anlığa təsəlli üçün etdiyi hər cür cidd-cəhd Güllərə kiçik və mənasız görünür, ərinin böyük dərdini unutdurmaqda çox aciz olduğunu hiss edərək, mat-məhbut donub qalırdı.

      Sonra onlar cavan yasəmən ağacının yanına gələrdilər. Elmar əlini onun salxımları üzərində gəzdirərək, balasını görməyən kor ana kimi mehriban və qəmgin bir təbəssümlə deyərdi:

      – Bu ağac lap böyüyüb ki!

      Beləliklə, səhər gəzintisi bitərdi. İş otağının qabağından ötdükləri anı Elmar vərdiş etdiyi bir hisslə duyar və bu zaman onun üzündə əsəbi gərginlik zahir olardı.

      Müharibədən qayıdandan bəri, o bir dəfə də olsun, nə bu otağa girmiş, nə də onun adını tutmuşdu. Güllər bunun səbəbini anlayırdı. Odur ki, pianonun arxasında oturaraq, gənc ərinin taleyi, o biri otaqda əbədi olaraq yarımçıq qalmış portret haqqında uzaq və dərin xəyallara dalaraq, saatlarla çalardı.

      Bütün bu müddətdə rəssam aramsız düşünər… düşünərdi…

      Günlər keçdikcə onun ruhi sarsılmazlığı və kor çalğıçıya nisbətən məsud olması qənaəti zəifləyirdi. Onun qara pərdə altında hərəkət edən daxili aləmində indi tamamilə əksinə olan xudpəsənd və amansız hisslər baş qaldırırdı.

      Vaxtilə görmüş olduğu rəngarəng mənzərələrin xatirələri, zehnində hifz edilmiş kitablar indi artıq onu yorurdu.

      “Petro anadan kor olduğu üçün, – deyə o düşünürdü, – təbiət onun görmə qüvvəsini başqa üzvlərinə verdi. O, gözləri ilə görmədiklərini qulağı ilə eşitdi, bütün vücudu ilə duydu və buna görə də, öz musiqisi ilə dinləyənləri heyran etdi. Kor olmuş Korçagini yenidən həyata, öz döyüş yoldaşları sırasına onun böyük istedadı qaytardı. Mən isə, hər şeyi gördüm, ən incə rəngləri bir-birindən seçməyi bacardım və bütün yaradıcı qüvvəmin gözlərimə toplandığı bir zamanda onlardan məhrum edildim. İndi iyirmi altı yaşındayam. Demək, hələ otuz-qırx il də yaşaya bilərəm.”

      O, Gülləri sevmişdi. Müharibənin ən qızğın döyüş dəqiqələrində bu sevgi himayədar bir qanad kimi onun üzərinə gərilmiş, qəlbinə qüvvət vermişdi. Onun ən nəcib xəyallarını, ən çətin arzularını bu sevgi pərvazlandırmışdı. Lakin indi bu sevgi, həmin bu qüdrətli məhəbbət ona əzab verirdi.

      O özünün əlillər evinə getməsi üçün arvadını dəfələrlə dilə tutdu. Hər dəfə də Güllər bu fikri başından çıxarması üçün ona yalvardı. Lakin insan təbiəti çox qəribədir. O özünü sevilməyə tam mənası ilə layiq bildiyi zaman bu məhəbbət ona fərəh və səadət gətirir. Ona görə də, Güllərin sevgisi iki gözündən kor qalmış rəssamı məsud edə bilmirdi. Qızın ona qarşı dəqiqədən-dəqiqəyə artan qayğı və diqqəti, gecə-gündüz qabıqdan çıxması oğlanın həm qəlbini ağrıdır, həm də izzəti-nəfsini yaralayırdı. O, bütün bunlara, şikəst ərə qarşı göstərilən alicənab mərhəmət hissi kimi baxırdı.

      Bu isə, onun gənc həyat yoldaşını dəli edirdi. Güllər bu anlayışın səhv olduğunu ərinə hiss etdirmək üçün saatlarla düşünərək, pianosunun arxasına keçir, öz dili ilə izah edə bilmədiyi hisslərini musiqinin qüdrətli dili ilə ifadəyə cəhd edirdi.

      Elmarın yaradıcılıq dühası heç vəchlə rahatlıq tapa bilmirdi. O, göylərin sonsuz dərinliyini görüb-duyan, qanadları qırılmış quş kimi çırpınıb… çırpınıb yerində qalırdı. Varlığındakı yaradıcılıq qüvvəsi, qabağı tutulmuş çay kimi özünə yol axtarırdı və bunu tapa bilmədiyi üçün əzab çəkirdi.

      Bu qayda ilə payız, qış dolanıb keçdi. Yenə də yaz gəldi. Elmarın gülləri yenə də açıldı. Lakin onun nə gözləri açıldı, nə də könlü…

      Bahar axşamı idi. Ürəklərə sevgi və riqqət təlqin edən sakit bir bahar axşamı…

      Onlar qonaq otağının küçəyə baxan pəncərəsi qarşısında oturmuşdular. Güllər dəsmal tikirdi. Elmar isə, dirsəyini pəncərəyə söykəyib, öz düşüncələrinə dalmışdı. Bayırdan gələn axşam yeli onun saçlarını arabir tərpədir, elə bil ki, beynini yoran ağır fikirləri vurub dağıtmaq istəyirdi.

      Küçədən keçən iki gənc qız və oğlan onların pəncərəsi qarşısında ayaq saxladı. Qız əvvəlcə Elmara, sonra da tikiş ilə məşğul olan Güllərə baxıb:

      – Salam, Güllər! – deyə gülümsədi.

      Güllər başını qaldırıb keçmiş məktəb yoldaşını və onun rəfiqini görərək, mehribanlıqla:

      – Xoş gördük, hara belə? – dedi.

      Bayırdakı qız, kor rəssamın eşidəcəyindən qorxurmuş kimi, asta və ürkək bir səslə:

      – Kinoya getmək istəyirik, – dedi.

      Elmar bu sözləri eşitdi və onun kirpikləri əsəbi halda qırpıldı. Bu, Güllərin nəzərindən qaçmadı. O, öz sualından peşman oldu. Mümkün qədər şən bir ahənglə:

      – Anangil necədir? – deyə sözü dəyişdi.

      Vəziyyətin belə uyğunsuz hal almasını bayırdakı qız da hiss etdiyi üçün:

      – Yaxşıdırlar. Sən Allah, bizə gəlin, – deyib tələsik xudahafizləşdi.

      Onların gedişi ilə otaqdakı sükut daha da ağırlaşdı. Güllər bu “kino” sözünün doğurduğu təsiri ərinə unutdurmaq üçün söz axtarırdı. Lakin həyatın yüzlərlə belə təsadüfləri qarşısında o nə qədər aldadıcı söz tapa bilərdi ki?

      Elmar isə, öz gənc həyat yoldaşının bir ildən bəri teatr, kino üzü görmədiyini düşünərək, lal bir iztirab içində əzilirdi.

      Nəhayət, o:

      – Yox, bu belə davam edə bilməz! – deyə qəlbində qəti bir qərar verərək, ayağa qalxıb, yataq otağına keçdi. Paltar dolabını açdı. Əlini orda asılmış hərbi mundirinin üzərində gəzdirərək, tapança qoburunu tapdı və kiçik tapançanı çıxarıb, eyni arxayınlıqla cibinə qoydu. СКАЧАТЬ