Название: Seçilmiş əsərləri
Автор: Ильяс Эфендиев
Издательство: JekaPrint
isbn: 978-9952-8202-7-1
isbn:
Bir gün bərbərxanadan çıxdığımız zaman Həsən güzgüyə ötəri bir nəzər salaraq:
– Ay Bahadır! – dedi. – Görəsən, niyə mən bu qədər çirkin olmuşam?
Onun səsi boğazında titrədi.
Mən, birinci dəfə olaraq, onun varlığında müdhiş bir əzab duydum: çirkinlik əzabı! Nər ürəyinə malik olan bu cavanın belə bir duyğunun məngənəsində inləməsi ürəyimi dağladı. Uzun zaman heç nə söyləyə bilmədim. Nəhayət:
– Nə boş şeylər haqqında düşünürsən, Həsən, – dedim.
O gülümsədi… Ah, bu təbəssümdəki dərin, ümidsiz kədəri duysaydınız…
– Nə etməli, ay Bahadır… Mən də insanam… Məndə də könül var, – dedi.
Mən, bu sözlərdən tüklərimin biz-biz durduğunu hiss etdim.
– Gedək bizə, – dedi. – Ürəyim qısılır, bir az oturaq.
Getdik. Açıq pəncərədən yaşıl bağlar, bürkü içində mürgüləyən təpələr görünürdü. Söyüd və qovaq ağaclarının açıq yaşıl, yüngül yarpaqları aramsızlıqla titrəşir, ləkəsiz göy qübbəsi qüruba yaxınlaşmış günəşin zəif şüalarını udur, havada xoş bir sərinlik duyulurdu.
Həsən yanağını şüşəyə söykəyərək çölə baxırdı. Üzünün çirkin cizgiləri solğun, həlim bir məyusluq ifadə edirdi. Bu hal yarpaqların sərin kölgələri ilə birləşir, əbədi və təbii görünürdü. Adama elə gəlirdi ki, onun könlündə dibsiz bir kədər dənizi var…
– Niyə son zamanlarda belə olmusan, Həsən? – dedim.
Üzü qüssə saçdı. Nəzərləri uzaqlara getdi.
– Səncə, bəs, nə cür olmalıyam? – dedi.
– Əvvəlki kimi, şən… – dedim.
O, təəccüblə mənə baxdı. Gözləri kinlə parladı.
– Doğrudanmı, belə düşünürsən? – dedi, – indiyə qədər haqqım olmadığı halda şənlik etdiyim bəs deyilmi? Arsızlıq nəyə lazımdır?
– Nə danışırsan, Həsən, – dedim. – Sən lap xarab olmusan. Bu sözlər heç sənə yaraşarmı?
– Çox təəssüf ki, belədir. Bu bədbinlik deyil, dostum, həqiqətdir!
O, əli ilə çölləri göstərərək:
– Baxırsanmı? – dedi. – Bu dünyada hər şey öz gözəlliyindən bəhs edir. Hər bir canlı öz zahiri gözəlliyini nümayiş etdirir. Qəribədir… budağa qonmuş o quşa bir bax! Gör bir döşünü necə qabartmışdır. Sanki: “Bir baxın… görün mənim necə əlvan döşüm var…” demək istəyir.
– Nə olsun ki? – dedim.
O, dərin bir nəfəs alaraq güzgüyə baxdı. Dodaqlarını nifrətlə əydi:
– Onu demək istəyirəm ki, bu çirkinliklə mən dünyada kimə lazımam?
– Necə, sən həyatı, məgər, gözəl simalardamı görürsən?
– Yo-o-ox… – deyə uzadaraq fikrə getdi.
Axşamın sərin yeli üzümüzü oxşayır, uzaqdan bizə doğru ağ bir bulud parçası üzür, yaşıl budaqlar yavaş-yavaş yırğalanır, insan, könlündə xoş bir rahatlıq hiss edirdi.
– Səadətin yalnız üz gözəlliklərində olmadığını bilirəm, – deyə o, arxayın bir ifadə ilə davam etdi. – Ancaq nə edəsən ki, insan insandır. Bu canlı vücud da sevib-sevilmək istəyir. İradən dağ kimi də olsa, yenə görürsən bu tələblər səni sarsıdır. Çünki bu tələblərin təmini həyatın mənası, gələcəyin yoludur. Ancaq onda yazıq olursan ki, bu yola addım basmaq üçün sən özünü haqlı bilmirsən… O zaman sən özünü həyatın bir küncünə qısılmış, mənasız surətdə o yan-bu yana əl-qol atan kimi görürsən… Dostum, sən, bəlkə də, burada məni tənqid edəcəksən… İctimai səadətdən danışacaqsan. Bu, əlbəttə, doğrudur. Lakin bir düşün, könlün təbii ehtiraslarını kim inkar edə bilər? Əgər, bunu inkar etmək mümkün olsaydı… Bu qədər çirkin bir sima ilə hasarlanmış könül heç nə ilə hesablaşmaq istəmir… Mən ona qandıra bilmirəm ki, bir düşün, əzizim, bir təsəvvür et ki, xarici görünüşün Viktor Hüqonun Kvazimodasından da eybəcərdir. Sakit ol! Lakin kimə deyirsən… Hiss edirsən ki, sənin yazıq könlün də sevgiyə susayır. O da coşub-daşmaq istəyir… Sən isə, öz murdar simana baxıb, qəlbin bu gülünc tələbindən utanırsan.
O, müdhiş bir təbəssümlə gülümsədi. Nəzərləri yarpaqlarda dolaşdı. Günəş sönürdü. Bağlar tünd işıqlı bir görünüş alır, səmadakı bulud parçası getdikcə qaralırdı. Mən dedim:
– Bilmirəm bunlar haradan başına doldu? Sən əvvəllərdə o qədər şən idin ki…
– Çünki məni təhqir etdilər. İzzəti-nəfsimi yaraladılar. Könlümü boş ümidlərlə təlatümə gətirdilər.
Bu sözlərdən sonra o, mənim qarşıma kiçik bir zərf atdı.
– Mənə vicdanla söz ver ki, bu barədə kimsəyə bir söz söyləməyəcəksən, – deyə əsəbi surətdə gözlərimin içinə baxdı.
– Arxayın ola bilərsən, – dedim.
Zərfi açdım, incə bir xətlə belə yazılmışdı: “Həsən! Bu məktubu öz-özümlə uzun mübarizədən sonra yazıram. Sizin geniş, nəcib qəlbiniz qarşısında tab gətirə bilmədim, heç olmazsa, məni qınamayacağınızla təsəlli tapa bilərəm. Əgər, azca da olsa, iradəm çatsaydı, bəlkə də, yazmazdım. Birinci dəfə könlümdə duyduğum narahatlıq əvvəllərdə məni qorxutdu… Bunun nə demək olduğunu uzun zaman anlaya bilmədim… Bunun sevgiyə bənzər şey olduğunu öz-özümə belə təkrar etməyə xeyli zaman cəsarət etmədim. Geniş qəlbiniz şirin bir yuxu kimi məni cəzb etdiyi zamanlar dırnaqlarımla sinəmi didərək, hönkür-hönkür ağladım. Zənn edirəm ki, məni sizə bağlayan hisslər haqqında çox da düşünməyəcəksiniz… Ürəyinizə başqa heç nə gəlməyəcəyinə əminəm. Sizdəki yüksək qəlb mənim üçün dünyada hər şeydən qiymətlidir. Onu məndən əsirgəməyin!”
Məktubun axırında əsəbiliklə yazılmış “Gülara” imzasını gördükdə, mən gözlərimə inana bilmədim. Öz heyrətimi gizləməyə çalışaraq:
– Yaxşı da… daha burada nə təhqir var ki? – dedim.
Üzümə acı təbəssümlə bir nəzər СКАЧАТЬ