Qış gecəsi. Salam Qədirzadə
Чтение книги онлайн.

Читать онлайн книгу Qış gecəsi - Salam Qədirzadə страница

Название: Qış gecəsi

Автор: Salam Qədirzadə

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Milli ədəbiyyat

isbn: 978-995-256-627-7

isbn:

СКАЧАТЬ g>Bioqrafiya

      Salam Dadaş oğlu Qədirzadə 1923-cü ilin aprel ayının 10-da Bakı şəhərində anadan olub.

      Hələ uşaq illərindən ədəbiyyata böyük həvəsi olan S.Qədirzadə şeir və hekayələr yazır, ədəbi dərnəklərdə iştirak edir, məktəbdən sonra məhz bu sahədə təhsil almağı planlaşdırırdı. Lakin Böyük Vətən müharibəsi həmin arzuları düz 5 il təxirə saldı.

      1941-ci ildə orta məktəbi bitirən kimi 18 yaşlı Salam könüllü şəkildə cəbhəyə yola düşür. 1941-1945-ci illərdə o, Şimali Qafqaz, Kuban, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniya, Çexoslovakiya, eləcə də Almaniyanın faşistlərdən azad edilməsində sıravi döyüşçü kimi iştirak edir, cəbhələrdə göstərdiyi şücaətə görə III dərəcəli Şöhrət ordeni, İgidliyə görə və daha yeddi medalla təltif olunmuş, Baş Ali Komandanlıq tərəfindən fərqləndirilmişdir.

      1946-cı ildə ordu sıralarından tərxis olunduqdan sonra Salam Qədirzadə Sumqayıt şəhərində 18 saylı fabrik-zavod təhsili məktəbində müdir müavini vəzifəsinə təyin edilir. 1948-ci ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olur və eyni zamanda Mərkəzi radionun yerli verilişləri üzrə məsul redaktoru vəzifəsində çalışmağa başlayır.

      1949-cu ildə Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə Salam Qədirzadə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilir.

      Onun hələ tələbə ikən diplom işi olaraq yazdığı “Gənclik” povestini Rusiyanın məşhur “Detgiz” nəşriyyatı ayrıca kitab şəklində nəşr edir.

      Moskvada oxuyarkən Salam ailə qurur və 1952-ci ildə təhsilini başa vurduqdan sonra həyat yoldaşı ilə birgə Vətənə qayıdır. Burada gənc yazıçı 8 il Azərbaycan Yazıçılar İttifaqı-nın orqanı olan “Azərbaycan” jurnalının məsul katibi vəzifə-sində işləyir.

      1960-cı ildə S. Qədirzadə “Kirpi” satirik jurnalının məsul katibi təyin olunur və 1966 ilədək həmin vəzifədə çalışır.

      1975-1976 illərdə Salam Qədirzadə Yazıçılar İttifaqının Dramaturgiya üzrə məsləhətçisi kimi çalışır. 1976-cı ildə isə “Kirpi” satirik jurnalının baş redaktoru təyin olunur və 1980-cı ilədək həmin vəzifəni icra edir.

      Bir qədər sonra həmin dövrdə Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyevin iştirakı ilə keçirilən Azərbaycan yazıçılarının qurultayında Yazıçılar İttifaqının İdarə heyətinə üzv seçilir.

      Salam Qədirzadə 35-dək kitab müəllifidir. Onun “Qış gecəsi”, “46 Bənövşə”, “Kəndimizdə bir gözəl var”, “Sevdasız aylar” kimi romanları gənclərin masaüstü kitabına çevrilmiş-dir. Oxucular tərəfindən səbirsizliklə gözlənilən əsərləri hər zaman ən yüksək tirajlarla nəşr olunurdu.

      Salam Qədirzadə dramaturq kimi də tamaşaçıların rəğbətini qazanmış, onun pyesləri təkcə Azərbaycanda deyil, Ukrayna, Moldova və digər ölkələrdə səhnəyə qoyulmuşdur. “Hardasan, ay subaylıq”, “Həmişəxanım”, “Gurultulu məhəb-bət”, “Şirinbala bal yığır” kimi komediyaları isə elə indi də gündəmdədir.

      Salam Qədirzadə güclü satira və yumor ustasıdır. Onun satirik əsərləri müasir Azərbaycan ədəbiyyatında yeni bir səhifə açdı, yeni məktəbin bünövrəsini qoydu.

      Salam Qədirzadə yaradıcılıq baxımından çox dolgun, təqvimi hesabla isə qısa bir həyat yaşadı. O, 1987-ci ilin noyabrın 15-də 64 yaşında dünyasını dəyişdi. Son kitabını “Hər gün ömürdən gedir” adlandırdı. Bu kitabı görmək qismət olmadı ona.

      Tarçalan oğlan

      Mən bu hekayətimə Ceyranın gözlərindən başlaya-cağam. Haqqında danışacağım o qızın, ilk baxışda bir cüt ala, dağ çeşməsi kimi qaynar iri gözləri nəzəri cəlb etdiyi üçün yerimdə siz də olsaydınız belə edərdiniz; əvvəlcə, Ceyranın gözlərindən söhbət açardınız. Bəli, o qızın baş-başa vermiş nazik qaşları altında parlayan oynaq gözlərini görəndə mənim də ürəyim yerindən oynamışdı; qeyri-ixtiyari olaraq çevrilib, bir də onun sıx, uzun kirpiklərlə dövrəyə alınmış cazibədar gözlərinə baxmışdım. Baxmış-dım və valeh olmuşdum! Elə bil Lermontov Qafqaza gələrkən Ceyranın gözlərini görmüş, ondan ilham almış, “İki göz gördüm o yerlərdə, ilahi gözlər…” misrasını yana-yana ona yazmışdı.

      O vaxt Ceyranın yaşı on səkkizdən artıq olmazdı. Boyu da yaşına münasib idi. Onun bahar nəfəsindən təzəcə açılmış qırmızı qönçə kimi zərif dodaqlarında həmişə xəfif bir təbəssüm gəzərdi. Sanki qız, nə isə fikirləşir, hansı əhvalatısa xatırlayıb gülümsəyirdi. Zəif qızartı çökmüş yanaqları elə bil heç günəş üzü görməmiş, daima kölgədə saxlanılmışdı. Xurmayı, gödək, qıvrım saçları müdam çiyinlərində oynar, qızın boynunu oxşardı. Ceyranın incə ağ əlləri, biçimli, dolğun biləkləri və yaraşıqlı qıçları vardı. Qızın nə geyimində, nə də görkəmində gözəllik xatirinə heç bir bəzəyi yox idi. Ceyran qəşəng qızdı.

      Mən Ceyranın gözəlliyindən çox yazardım. Ancaq qorxuram; onu sevən oğlana cavanların rəqib çıxacağından ehtiyat edirəm. Onsuz da universitetin tələbələri arasında “Tarçalan oğlan” ləqəbilə tanınan o azərbaycanlı balası bu qızın haqqında az düşünmür. Əslində ona bu ləqəbi də Ceyranı sevdiyinə görə vermişlər.

      Tarçalan oğlan Ceyranla üç il əvvəl, bir çərşənbə axşamı tanış olmuşdu.

      Onda bahardı. Güllü-çiçəkli, təravətli bir bahardı!

      İş belə gətirmişdi ki, sonra onlar iki dəfə, yalnız ikicə dəfə görüşmüşdülər: Ceyranın boş olduğu çərşənbə axşamları. Üçüncü görüşə isə cəmisi bir neçə saat qalmış Tarçalan oğlan hər şeyi, hətta dəlicəsinə vurulduğu Ceyranı da atıb Moskvaya getmişdi. O, heç də əvvəlcədən, bu fikirdə olmamışdı. Lakin Bakıda qala bilməyəcəkdi. O, mütləq getməli idi! Moskvaya olmasa, Leninqrada, ya başqa bir şəhərə gedəcəkdi!

      Üçüncü çərşənbə axşamı Ceyranın görüş yerinə gəlib nə qədər gözlədiyini, nələr düşündüyünü, o hələ indiyə kimi bilmir. Ancaq qızın qaynar gözləri heç vaxt xəyalından da çəkilmirdi. Doğrudur, bir neçə ay sonra Moskvadan Tarçalan oğlanın Ceyrana yazdığı məktubların hamısı geri qayıtmışdı. Amma o, qızı unuda bilmirdi.

      Ceyranın onda heç olmasa kiçik bir yadigarı – ya üstünə iki kəlmə söz yazılmış bir parça kağızı, ya əlinə belə almadan iylədiyi solğun bir çiçəyin yarpağı qalsaydı, Tarçalan oğlan onu əzizlər, hər baxanda təsəlli tapardı. Lakin, arada məhəbbət xatirinə hicrandan başqa heç bir şey qalmamışdı! İki döyünən odlu qəlbin arasında hicran körpü olmuşdu..

      Axşamlar dərsdən sonra universitetin yataqxanasına toplaşan tələbələr çarpayılarda uzanıb gecə yarıyadək söhbət edərdilər; öz arzularından, məhəbbətlərindən danışardılar. Bəzən gənclər sevdiyi qızların şəkillərini çıxarıb bir-birinə göstərər, harada, necə tanış olduqlarını nağıl edərdilər. Belə söhbətlər zamanı Tarçalan oğlanın daxilən necə iztirablar keçirdiyini heç kəs, hətta yaxın yoldaşları da bilməzdilər. Axı necə də biləydilər?! O ki Ceyran haqqında heç kimə bir kəlmə də danışmamışdı! Nə danışaydı ki?! “Biz cəmisi iki dəfə çərşənbə axşamları görüşdük. O, dəniz qırağında yaşayırdı. Mən görüşdən sonra onu aparıb evlərinə ötürərdim. Ceyran tuflilərinin dabanını mərmər pillələrə vura-vura tələsik yuxarı çıxıb qaranlıqda gözdən itincəyədək küçədə dayanar, arxadan ona baxardım. Sonra ondan tez ayrıldığıma heyfsilənib özümü danlardım.

      Bəli, bizim bütün macəramız bununla da qurtarmış oldu. Mən Moskvaya gəldim, o, Bakıda qaldı… Ceyranı görmək üçün gələn həftənin günlərini, СКАЧАТЬ