Məhşər. Muğanna İsa
Чтение книги онлайн.

Читать онлайн книгу Məhşər - Muğanna İsa страница 2

Название: Məhşər

Автор: Muğanna İsa

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Milli ədəbiyyat

isbn:

isbn:

СКАЧАТЬ elmini tədris edirdilər. Vaxtı yetişəndə isə, nəhayət, «Dilbərin məskəninə», «Yaripünhanın»[9] hüzuruna çağırılırdılar. Ziyarətə gedən zəvvarsayağı, pay-piyada Bakıya gedib, orada Fəzlin özünün, varisi Fatmanın və ya onların vəkil etdikləri adamın iştirakı ilə keçirilən təntənəli məclisdə suallara cavab verir, hürufi nizamnaməsi əsasında «həqqə vəfadarlığın şərtlərini», yəni nəyə qabil olduqlarını, elmə məhz nə ilə xidmət edəcəklərini danışıb, «kamillər məclisinin» razılığından sonra xirqə, papaq, qurşaq və taxtadan qayrılmış xırdaca rəmzi qılınc alır, Fəzlin «Cavidannamə»sini[10] öpüb, ustada, onun elminə və qayəsinə son nəfəsə qədər sadiq qalacaqlarına and içirdilər. Beləliklə, rəsmi «Fəzl müridi» adına layiq görüldükdən sonra, bu adamlardan bir qismi müxtəlif gizlin tapşırıqlarla «doqquz şəhərdə doqquz həq ocağı»na, o cümlədən valiəhd Miranşahın bilavasitə hakimiyyəti altında olan Naxçıvana, Təbrizə və Marağaya göndərilirdilər ki, bu şəhərlərdə öz həmvətənləri arasında «Fəzl həqiqətini yaymaq» işində təcrübə qazanıb sınaqdan çıxsınlar və daha geniş miqyasda fəaliyyətdə olmaq üçün Mazandarana, Kürdüstana, Bodlisə, Sərxəsdə, Bəlxə, Kirmana, Hörmüzə, Şiraza, Bağdada, Şama və hətta Səmərqəndə getsinlər.

      Fars və ərəb dillərini mükəmməl bilib, Fəzlin kəlamlarını bu dillərdə asanlıqla izah etməyi bacaran alim və şair müridlər, təcrübə və sınaq dövrü keçirmədən, qiyafələrini dəyişdirib dərviş libasında, Teymurun ordusunun ardınca düzülən araba və dəvə karvanlarına qoşulub qonşu diyarlara gedir, bir-birinin ardınca dağıdılan şəhər və kəndlərin xərabəliklərində dolaşan yurdsuz-yuvasız, ac-yalavac insan selinə qarışıb, uçuq divarlar mətərisində, kalafalarda tüstülənən ocaqlar qırağında moizə oxuyurdular, qan-qırğın içində dinə, Allaha, peyğəmbərə etiqadını itirmiş, məhrumiyyətdən çılğınlaşmış adamların qəlbində ümid, etiqad və ehtiras oyadıb, dizlərində, dirsəklərində cır-cındırlarını əsdirə-əsdirə «ənəlhəq» qışqıran dəstə-dəstə Allahlar yaranmasına səbəb olurdular və insan ləyaqətini hər şeydən yüksək tutan bu Allahların sərgərdan-lıqdan əl çəkib, salamat qalan şəhərlərin karxanaları, bazarları ətrafında-əsnaf icmalarında birləşməyini tövsiyə edirdilər.

      Bu daim gəzərgi alim və şairlərdən-«rəmzi qılınc bahadırları»ndan başqa, Şirvanda üçüncü qisim müridlər də vardı ki, bunlar Fəzldən xirqə alandan sonra, öz adi həyat tərzlərinə qayıdıb, məskən saldıqları yerlərdəki karxanalarda keçə atır, papaqçılıq eləyir, mümkün olduqda icarə ilə yer əkib taxıl becərir, mal-davar saxlayır, qazandıqları para və nemətləri əsnaf icmasının ixtiyarına verib, həm öz ailələrini, həm də ustadın və xəlifələrin məclislərini təmin edir və nə vaxt isə doğma yurdlara dönüb, Fəzlin vəd etdiyi«ədalət səltənətində» yaşamaq ümidi ilə, Fəzl qiyamının başlanmağını və Teymur səltənətinin dağıdılacağını gözləyirdilər. Bunlar Bakıdan Şamaxıya, Şəkiyə və Şəbrana qədər, Dərbənddən, Xəzər sahili boyundan Muğana qədər, Şirvanşahın ixtiyarında olan torpaqlarda bütün şəhərlərə, karvan yolları üstündə örtülü bazarlara, karxanalara və həmin karxanalar üçün barama, yun, dəri verən kəndlərə, obalara, qışlaq və yaylaqlara səpələnmişdilər. Fəzlin öz iqamətgahını tərk etdiyi günlərdə, gecələr onun daim hərəkətdə olan kiçik atlı dəstəsi ilə xüsusi qasidlərlə[11] əlaqə saxlayıb, mənzilbaşında onu qarşılayıb yeni məkanda gizlədənlər haman bu oturaq müridlərdi. Bütün hürufilər kimi, bu müridlər də qeyri-adi dərəcədə cəsarətli, ölümdən pəsinməyən «qorxudan xali» adamlardı. Fürsət düşdükcə, Şirvan ərazisi daxilində Fəzli axtaran atlı dəstələrin başçısı, şahın böyük oğlu vəliəhd Gövhərşahın qarşısını kəsib, Teymurun səfərdən qayıtdığı bir vaxtda, Əlincədə döyüş meydanına hürufi papağı atılmasının da, sui-qəsdin də düşmən işi olduğunu, Fəzli təqib etməklə şahın böyük səhvə yol verdiyini və əğər Fəzlin başına bir iş gəlsə, bütün müridlərin rəmzi qılıncları atıb silaha sarılacaqlarını bildirirdilər. Vəliəhd Gövhərşah, Fəzli heç də həbs etmək yox, şahla danışığa çıxarmaq üçün axtardığını söyləyib, müridləri sakitləşdirməyə çalışırdı. Lakin Əmin Məhrəm adı ilə tanınan gizlin dost tamam başqa, həyəcanlı xəbərlər göndərmişdi: Vəliəhd Miranşah, Şirvanşah İbrahimin Şeyx Fəzlullahı öz himayəsində saxladığını və bununla səltənətə xəyanət etdiyini atasına sübut etmək niyyəti ilə Sultaniyyədən Şamaxıya qasid yollayıb Fəzlin tutulmasını və Naxçıvana, Əlincə yanındakı düşərgəyə göndərilməsini tələb etmişdi, şah isə əksinə, Əmir Teymura həmişəki kimi sədaqətli olduğunu göstərmək məqsədilə, Fəzli hökmdara öz əli ilə təhvil vermək qərarına gəlmişdi.

      Fəzlin özündən, dəstəsindəki müşayiətçilərindən və xəlifələrindən başqa, müridlərdən heç biri Əmin Məhrəm adlı dostun üzünü görməmişdi. Ancaq onun etibarına və sədaqətinə heç kəsin şübhəsi yox idi. Hələ ilk qaçqınlar dəstəsinə Fəzl adından çörək paylatdırıb sığınacaq verdiyi vaxtdan bu günlərə qədər Əmin Məhrəm, Fəzlə nə xəbər çatdırmışdısa, hamısı doğru çıxmışdı. Əlincədə döyüş meydanına papaq atıldığını, papağın Əmir Teymura göndərildiyini də, Şamaxıda, Şah məscidində sui-qəsdin nə məqsədlə düzəldildiyini də Əmin Məhrəm xəbər verib Fəzli duyuq salmışdı. Odur ki, vəliəhd Gövhərşahın sözləri müridləri sakitləşdirmək əvəzinə daha da narahat edir və çaxnaşdırırdı: «Dünya elmlərinin məcmuindən yaranmış «Cavidannamə» ilə iki qarış uzununda rəmzi qılıncı bütün silahlardan kəsərli hesab edən və ömürlərində bir dəfə də əllərinə həqiqi qılınc almayan bu adamlar, doğrudan da silahlanmağa, Fəzl yolunda canlarını fəda etməyə hazır idilər.

      Fəzlin Bakını tərk etdiyi gündən bir il sonra -1394-cü ilin yazında müridlər arasında Əmin Məhrəmin sonuncu xəbəri yayıldı: Şeyx Əzim rəsmi fitva ilə Fəzli kafir, xəlifələri və müridləri isə mürtəd[12] elan etmiş, üstəlik, şah da möhür basıb, şeyxə hürufiləri bu fitva əsasında mühakimə etmək ixtiyarı vermişdi. Əmin Məhrəm məsləhət görürdü ki, Fəzl, ailəsi və yaxın dostları ilə birlikdə, Şirvan torpağından çıxıb, əlçatmaz dağlara çəkilsin, müridlər isə təğyirlibas olsunlar və imkan tapdıqca onlar da gedib, təhlükə sovuşana qədər gizlənsinlər. Bu məsləhət özü də Əmin Məhrəm dostun sədaqətini, Fəzl başda olmaqla hamını məhkəmə və edam təhlükəsindən qorumaq cəhdini göstərirdi. Lakin gizlin dost ancaq xəlifələrlə görüşdüyü üçün müridlərə bir o qədər də bələd deyildi və xəbəri yox idi ki, vaxtilə doğma yurdlarından didərgin düşüb Şirvanda nicat tapan bu adamlar, ötən illər ərzində bu torpağa öz xərabə qalmış yurdlarından daha çox bağlanmışdılar.

      Bakını «işıqsaçan pir, səcdəgah», cümlə Şirvanı isə «Nicat yurdu» adlandırırdılar. Bundan başqa, müridlər yaxşı bilirdilər ki, Şirvandan getmək, ümumiyyətlə, vətəni tərk etmək demək idi. Bütün Qarabağda, Naxçıvanda və Gəncə tərəflərdə teymurilərin atdan СКАЧАТЬ



<p>9</p>

Dilbər – ürək aparan; yar – köməkçi, yardımçı, yoldaş; Fəzullah Həiminin gizlin adlarından.

<p>10</p>

“Cavidannamə” – “Əbədilik əsəri”, Fəzullah Nəiminin əsas kitabı.

<p>11</p>

Qasid – səy edən, çalışan. Hökmdaralnn məktub, məlumt aparıb-gətirən qasidlərindən fərqli olaraq, Fəzlin qasidləri həm də səlahiyyətli icraçılar idi.

<p>12</p>

Dindən xaric.