İblis busəsi. Яшар Буньяд
Чтение книги онлайн.

Читать онлайн книгу İblis busəsi - Яшар Буньяд страница 2

Название: İblis busəsi

Автор: Яшар Буньяд

Издательство: Köhlən Nəşriyyatı

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ style="font-size:15px;">      Bax, o vaxtdan, çayın sahilində oturar, dizlərimi bərk-bərk qucaqlayaraq həsədlə, heç nə olmayıbmış kimi Kürdə atılıb-düşən həmyaşıdlarıma baxar, hərdən paxıllıq da edərdim. Ehh, sonralarsa, “onların da atalarını su udsaydı, yəqin mənim kimi qorxardılar ” deyə özümə təskinlik verərdim. Axı mən də onlar kimi çayın şıltaq dalğalararını yarmaq, lilli suyun düz dibinə kimi baş vurmaq, bəlkə də o müdhiş axının qucağına girib izi-tozu bilinməyən atamı axtarmaq üçün uzaqlara, lap Xəzərin dərinliyinə üzmək istərdim. Amma ürək eləyib bir dəfə də suya girməzdim. Qorxutmuşdu su məni – insafsızcasına can almağıyla qorxutmuşdu.

      Bu ilk, acı sarsıntı anbaan məni izləyərkən, üzülməmək üçünmü, yoxsa, atamın ölümündə özünü günahkar hiss etdiyini anama unutdurmaq üçünmü doğum günümü də atamla birgə Kürdə dəfn etdim və həmən dəhşətli gün yaddaşımda ancaq atamın ölüm günü kimi həkk oldu…

      Şeytanı daşlamaq…

      … Od saçan narıncı atəşi güzgü kimi əks etdirən, həm həyat verən, həm də ölüm gətirən dupduru su! Su imiş bu hüdudsuz ənginlik. Həyatımda qorxduğum, yuxularımda da mənə aman verməyən, bəlkə də yeganə bir şey vardısa, o da su idi. Lap uşaqlığımdan varlığımı məngənə kimi sıxan, ən əziz adamımı əlimdən aldığı kimi gözümün də odunu alan su!

      Müdhiş, soyuq ləpələr alışıb yanan qıpqırmızı təndirin odunu bağrına basıb söndürmək istəyir. Sanki dünyada göydən asılan körpünün məhəccərindən, məndən və ətrafımı ağuşuna almış sudan özgə heç nə yoxmuş.

      Güclu axın qıvrıla-qıvrıla körpünün nəhəng dayaqlarına çırpınaraq irəliləyir. Aşağı baxdıqca məni özünə çəkən dəlisov çayda rəqs edən günəşin şüaları gözlərimi qamaşdırır. Diksinirəm. Geri çəkilmək istəyi daha güclüdür. Geriyə isə daha yol yoxdur. Geridə, bircə göstərişlə öz nişangahını darmadağın etməyi adət etmiş Kalaşnikov avtomatının kürəyimə dirənmiş lüləsi var və onun hər an açıla biləcəyi mənə yaxşı məlum idi. Təsəvvürümdə canlandıra biləcəyim ən dəhşətli an özü gəlib məni tapmışdı.İndi, həyatımda birinci dəfəydi üzməyi bacarmadığıma görə özümə nifrət edirdim!

      Bu da son! Heçdən başlayan, heçə dönən əzablı bir yolun sonu…  Mənə elə gəldi ki, keçənlər hamısı mənasız bir yuxuymuş – nəfəsimi kəsən dalğa bir kabus kimi məni qırmızı, qara, boz daşlara çırpdığı andan əl çəkməyib məndən. Gerçəklərimlə qarmaqarışıq salıb məni yuxularım. Bir anlığa hansının yuxu, hansının gerçək olduğunu fikirləşdim – Aliyənin saf sevgisi, ecazkar Marqo, axmaqlığımdan yarımçıq qalmış təhsilim, anamın nakam ölümü, Əfqanıstan, lənətə gəlmiş müharibə, Rasimin xəyanəti, törətdiyim cinayət, Moskva…  Mümkün qədər qaçdığım, qaçdıqcasa da addımbaşı məni izləyən, gözümə mələk kimi görünüb iblisə çevrilən, məni özümdən alan, dəli ehtirasına qul eyləyən qadınlar…  axı yuxu ola bilməzdi, ola bilməzdi!..

      Doğulan bir gün ölür. Necə yaşadığından asılı olmayaraq heç kəs özünə ölüm arzulamır. Arzulamaz! Ölümün öz vaxtı, öz məqamı var.İstər qoca ol, istər cavan, əgər ölməlisənsə bundan qaça bilməzsən. Kim bilir ki, o nə vaxt tutacaq xirtdəyindən? Ölüm özü gəlir, səssiz-səmirsiz. Mən bədbaxt isə neçə illərdi öz axmaq ölümümü axtarırammış; tələsə-tələsə, öz ayağımla ona doğru qaçır, vüsalına çatmış pərvanə kimi onun alovunda çırpınırammış?!

      Əvvəllər yuxu-zad görməzdim. Axı uşaq idim, görürdümsə də, yadımda qalmirdı, yuxu olduğunu anlamırdım. Bəlkə də gündüzlər yaşandıqlarımın eyni, təkrarı olduğundan buna əhəmiyyət vermirdim. Amma, atamı itirəndən sonra, tez-tez eyni yuxunu görərdim. Görərdim ki, kəndimizin qırağındakı “Şeytan dərəsi” deyilən böyük yarğan günü-gündən uçub böyüdüyündən camaat əlinə keçən daş-kəsəyi gətirib ora atır ki, yarğan dolsun. Nədənsə qorxurdu camaat, qorxurdu ki, bu yarğana boş yerə “şeytan quyusu” demirlər, əgər bu yarğan böyüsə, çatları dərinləşsə gedib yerin o biri üzünə çıxacaq və dünya dağılacaq…  İllər ötdükcə, yüzlərlə, minlərlə insan bura daş tökür – yarğan dolmur ki, dolmur. Yarğan nə boyda olarmış?! Mən yol qırağından tapdığım yastı, qırmızı daşları gücüm çatdıqca uzağa atıram. Bir…  iki…  beş…  on…  Birdən ayağım sürüşüb dığırlanıram yarğanın düz otrasına. Huşumu itirirəm. Handan-hana özümə gəlib gözümü açanda, səs eşidirəm. Daşların altından piqqıltı gəlir: pıqq… pıqq…  Bir azdan möcüzə baş verir. Hərçəndi, biz tərəflərdə heç vaxt möcüzə olmur, amma bu yuxudu – yuxuda olar. Qırmızı, qara, boz daş parçalarının arasıyla göz yaşı kimi su fəvvarə vurur. Kəndə xəbər vermək üçün qalxıb qaçmaq istəyəndə fəvvarə burulğan sayağı, yox, Güllü xalagilin çəpərindəki sarmaşıq var ha, bax onun təki qıvrılıb məni qoynuna alır, bir də görürəm e…  günəşlə üz-üzəyəm. Və birdən, uğultu qopur, sanki yer-göy silkələnir, adamı vahiməyə salan burulğan yenidən məni ağuşuna alıb geriyə dönür, var gücüylə yarğanın dibindəki daşlara çırpır…

      Hər dəfə də bu yuxunu qorxa-qorxa danışanda, anam deyərdi: “ Yuxuda su görmək aydınlıqdı, bala, qorxma! Ömrün su kimi axarlı olacaq.”

      İnanmaq istəmirdim, doğrusu, heç inanmırdım da. Çünki anam: – “Atanı lənətə gəlmiş su apardı!” – deyərdi həmişə, bəs mənə niyə “aydınlıqdı” deyir, su sudu da?.. Sonralar başa düşdüm ki, o zamanlar anam könlümü sındırmaq istəmirmiş.

      Nənəm isə başını yelləyər, qəmli baxışlarını üzümə dikib narahat ürəyimi daha da titrədərdi:“Nahaq atmısan daşı, qurbanın olum” deyərdi.

      “Niyə?”-soruşanda, o, köksünü ötürər, dərin bir “ah” çəkib deyərdi:

      “Şeytan məskənidir oralar. Hirsləndirmisən onu…  Şeytan insanın qəlbini oğurlamaq istəyəndə gözünə ən şirin nemət kimi görünər. Su da ən şirin nemətdir. Səni suyla aldadıb.”

      “Bəs özgələr? Onlar hər gün dərəni daşlayırlar.”

      “Ehh, can bala! Şeytan çoxdan girib onların qəlbinə, çoxdan! Sən elə bilirsən ki, insanlar o murdar dərəni hamarlamaq üçün daşla doldururlar? Yoox, yox ay bala!.. Qəlblərinə hakim olan şeytanı – içlərindəki iblisi qovmaq yerinə dərədəkini daşlayırlar.İçlərindəkinə daha gücləri çatmır, çatmır gücləri. Çünki, onu ki yaxına buraxdın, bütün varlığına sahib çıxacaq.”

      “Nənə, deməli mənim də qəlbimə iblis sahib çıxıb?”

      “Yox ay bala, sənin nə yaşın var ki?! Uşaqları aldada bilmir şeytan. Necə ki, İsmayıl peyğəmbəri aldada bilmib” – deyib, sakitləşdirərdi məni.

      “Axı hamı uşaq olub, bəs niyə boyüyüb şeytanı daşlayırlar?”

СКАЧАТЬ