Kraliçanın boyunbağısı. Александр Дюма
Чтение книги онлайн.

Читать онлайн книгу Kraliçanın boyunbağısı - Александр Дюма страница 3

Название: Kraliçanın boyunbağısı

Автор: Александр Дюма

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952245110

isbn:

СКАЧАТЬ gəlibsə, onun bəxti gətirib…

      – Ehtiyatlı olun! – bu zaman o biri qadın gözlənilmədən qışqırdı. Kabriolet az qalmışdı küçənin tinindəki yükdaşıyanı vursun. Arxadan hirsli səslər, söyüşlər eşidildi. Arabaçı cəld başqa küçəyə buruldu. Yoldan keçənlər onları söyməyə davam etdi.

      – Aha, kabriolet! Rədd olsun kabriolet!

      Ətrafdakılar get-gedə daha yüksək səslə bağırırdılar. Kabrioletin qoşulduğu atlardan biri – Belus hürküb sürətini artırdı. Yoldan keçənlər pərən-pərən düşdülər.

      Birinci maneəni keçən kabriolet ikincidə dayanmağa məcbur oldu.

      – Bu qışqırıqlar bizə aiddir? – kabrioletdəki qadınlardan biri digərindən soruşdu.

      – Qorxuram ki, elə olsun, – yol yoldaşı cavab verdi.

      – Komissar! Komissar! – kimsə çığırdı.

      Hər iki qadın heyrətlə ətrafa boylandı.

      – Xanım, biz məhv olduq! – Andre yaşca böyük qadının qulağına pıçıldadı.

      – Veber! – qadın alman dilində arabaçıya dedi. – Kömək edin, düşək.

      Arabaçı əmri dərhal yerinə yetirdi. Qadınlar rahatca yerə hoppandılar. Bu zaman ətrafdakılar tökülüşüb kabrioleti qırmağa başladılar.

      – Bunlar adam deyillər, vəhşidirlər! – qadın almanca deyinməyə davam etdi.

      Həmin vaxt kiminsə nəzakətli səsi eşidildi:

      – Onlar sizə haqlı olaraq qəzəblidirlər, xanım. Bu gündən etibarən Parisdə bahara qədər kabrioletlərin hərəkəti qadağan olunub. Çünki buzda-qarda yoldan keçənlər sürüşüb təkər altına düşə bilər.

      Bu nəzakətli səsin haradan gəldiyini görmək üçün qadınlar ətrafa boylandılar. Nəhayət, gənc zabiti gördülər. O, ilk baxışdan qadınların xoşuna gəldi. Yaşca böyük olan xanım alman dilində tez-tələsik cavab verdi:

      – Cənab, mənim bundan qətiyyən xəbərim yoxdur!

      – Siz başqa yerdən gəlmisiniz, xanım? – gənc zabit soruşdu.

      – Bəli, cənab! Deyin, mən nə etməliyəm? Onlar kabrioleti qırırlar!

      – Qoy qırsınlar, xanım. Fürsətdən istifadə edin. Varlıların özlərini gözə soxması kasıb parislilərin xoşuna gəlmir. Bugünkü sərəncam əsasında sizi komissarlığa apara bilərlər.

      – Of, belə şey ola bilməz! – yaşca kiçik qadın bərkdən dedi.

      – Onda, – zabit güldü, – mən camaatın arasından yol açan kimi siz tez aradan çıxın.

      – Əlinizi verin, cənab. Bizi meydandakı faytonlara qədər ötürün, – yaşca böyük qadın hökmlə dedi. Sonra isə arabaçıya üz tutdu. – Veber! Belusu şahə qaldır. Qoy camaat qorxub qaçsın!

      – Birdən onlar kabrioleti qırdılar?

      – Bacarırsansa, Belusu, ən başlıcası da özünü xilas et. Mənim yeganə tapşırığım budur.

      Bir neçə dəqiqə sonra gənc zabit hər iki qadını faytonların müştəri gözlədiyi meydana çatdırdı.

      Versala doğru

      Gənc zabit meydandakı faytonçulardan birinə xanımları Versala aparmağı tapşırdı. Arabaçı pulu bəri başdan istədi. Ancaq nə qədər axtarsalar da, qadınlarda hətta bir su[4] belə tapılmadı. Onlar arabaçıya girov olaraq nəsə qiymətli bir şey vermək qərarına gəldilər. Lakin zabit qadınları sıxıntıdan qurtarmaq üçün pul kisəsini açıb arabaçıya bir luidor uzatdı. Bundan sonra arabaçı qapını açdı və xanım onu müşayiət edən qadınla karetə mindi.

      – Avara, – gənc hərbçi arabaçıya dedi, – xanımları istədikləri yerə çatdır. Özü də tez, fırıldaq-zad olmasın. Eşitdin?

      Arabaçı qadınların xoşuna gəlməmişdi. Odur ki gənc zabitin onları tərk etmək fikrində olması hər ikisini qorxuya saldı.

      – Xanım, – yaşca kiçik qadın pıçıltı ilə yol yoldaşına dedi, – o bizi tək qoymamalıdır…

      – Niyə? Adını, ünvanını soruşarıq, sabah bir luidorunu yollayarıq.

      – Mən bunu nəzərdə tutmurdum. Arabaçıdan gözüm su içmir…

      – Haqlısınız, – yaşca böyük qadın onunla razılaşdı və zabitə səsləndi: – Cənab! Biz arabaçıdan qorxuruq. Nəsə yaxşı adama oxşamır.

      – Nahaq yerə narahat olursunuz, – zabit dedi. – Karetin nömrəsini bilirəm. Sizi qane etməsə, mənə müraciət edərsiniz.

      – Sizə? – Andre çaşıb fransızca dedi. – Necə müraciət edəcəyik ki, heç adınızı da bilmirik.

      Gənc zabit duruxdu, sonra da heyrətlə dilləndi:

      – Siz fransızca danışırsınız! Bir saatdır alman dilinin qol-qabırğasını sındırmaqla məşğulam! Xanım, bu heç də yaxşı iş deyil!

      – Cənab, bizi bağışlayın, – o biri qadın yol yoldaşının köməyinə çatdı. – Parisdə çətin vəziyyətə düşdüyümüzü görürsünüz. Bizim haqqımızda pis fikirləşməyin. Əgər mümkünsə, köməyinizi bizdən əsirgəməyin. Yoxsa başqasından yardım istəmək məcburiyyətində qalacağıq.

      – Xanım, mən sizin ixtiyarınızdayam! – yad qadının hökmlü və məlahətli səsi qarşısında təslim olan zabit cavab verdi.

      – Onda, cənab, zəhmət olmasa, bizə qoşulun.

      Zabit dinməzcə karetə oturub arabaçıya qışqırdı:

      – Tərpən!

      O, səliqə ilə surtukunun[5] ətəyini düzəldib iki qadınla üzbəüz bir küncdə özünə yer elədi.

      Karet hərəkətə gəldi. Elə ki mənzil başına çatdılar, yaşca böyük qadın zabitə minnətdarlıq elədi:

      – Sizin yardımınız sayəsində gəlib çata bildik. Bunu heç vaxt unutmayacağıq, cənab! Zəhmət olmasa, bizə adınızı deyin. Yoxsa, bir luidoru bizə bağışlamaq istəyirsiniz?

      – Mən kral donanmasının zabiti qraf de Şarniyəm.

      – Şarni! – СКАЧАТЬ



<p>4</p>

Su – Fransa krallığında pul vahidi

<p>5</p>

Surtuk – uzun ətəkli, yaxadan dizlərə doğru tək və ya cüt tərəfli düymələnən kişi üst geyimi. XVII əsrin sonlarında Avropada ortaya çıxmışdır.