Название: Çippolinonun macəraları
Автор: Джанни Родари
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952244564
isbn:
Bağlardakı bütün ağaclar tar-mar edildikdən sonra baron sahib olduğu torpaqları satıb puluna ərzaq aldı. Artıq yaşamağa yeri olmadığından Böyük qrafinyaya məktub yazıb onlara qonaq gedəcəyini bildirdi. Kiçik qrafinya bu xəbəri narazılıqla qarşıladı:
– Baron bizim bütün var-dövlətimizi yeyib-qurtaracaq! Hətta o bizim qəsri bir qazan makaron kimi uda bilər!
Böyük qrafinya ağlamağa başladı:
– Sən mənim qohumlarımı həmişə gözümçıxdıya salmısan! Onları görməyə gözün yoxdur. Mənim yazıq, bədbəxt baronum axı kimə nə eləyib?
– Yaxşı, yaxşı, – Kiçik qrafinya naəlac qalıb razılaşdı. – Çağır gəlsin, ancaq bil ki, onda mən də öz qohumum hersoq Naringini qəsrə dəvət eləyəcəyəm.
– Buyurub gəlsin! – Böyük qrafinya bacısının şərtini qəbul etdi. – O ki quş qədər yemək yeyir. Ümumiyyətlə, sənin mərhum ərinin bütün qohumları cılız adamlardır, elə bil həmişə pəhriz saxlayırlar. Mənim ərimin qohumları isə hündürboy, kök, gözəgəlimlidirlər.
Həqiqətən, baron Portağal kök olduğu qədər də ucaboy idi. Lakin, ilk növbədə, qarnı diqqəti cəlb eləyirdi. Portağalın qarnı o qədər böyük idi ki, onu daşımağa gücü çatmırdı. Harasa getmək istəyəndə kimsə əl arabasında onun qarnını daşımalı idi. Bir sözlə, «qarınqulu» ifadəsi baron Portağalın lap boyuna biçilmişdi. Artıq uzun illərdi ki, o öz qarnının quluna çevrilmişdi.
Senyor Pomidor cəld Lobyanın yanına adam göndərib əmr elədi ki, öz arabası ilə birlikdə onun hüzurunda hazır olsun. Ancaq Lobya arabanı yerində tapmadı. Bildiyiniz kimi, onun oğlu Lobyacıq gəlib arabanı aparmışdı ki, Kudu lələnin evciyini meşəyə daşısınlar. Əlacsız qalan Lobya rəngsazların əhəng daşımaq üçün istifadə elədikləri əl arabasını götürüb gəldi. Senyor Pomidor baron Portağalın qarnını zorla arabaya yerləşdirib qışqırdı:
– İrəli!
Lobya nə qədər güc versə də, arabanı yerindən tərpədə bilmədi. Çünki baron yenicə qəlyanaltı eləmişdi. İki nökər də çağırdılar. Nəhayət, bu üç nəfərin köməyi ilə araba hərəkətə gəldi. Lakin yoldakı daşlar təkərlərə dəydikcə araba atılıb-düşür, baronun qarnı sağa-sola yırğalanırdı. Lobya və nökərlər nə qədər ehtiyatlı davransalar da, təkərlər tez-tez yoldakı çuxurlara düşürdü. Bütün bunlardan təlaşlanan Portağalı soyuq tər basmışdı. Elə ki qonaqlar qəsrə çatdılar, həmin gündən qrafinyaların qara günləri başladı. Böyük qrafinya ağzı dayanmadan işləyən baron Portağala yemək çatdıra bilmirdi. Hersoq Naringi isə Kiçik qrafinya və onun qulluqçularını lap boğaza yığmışdı. O, baron kimi qarınqulu olmasa da, başqa pis cəhətləri var idi. Hersoq Naringi həmişə hər şeydən narazı idi. Məsələn, qulluqçu qız Çiyələk səhərdən axşama kimi hersoqun köynəklərini ütüləməkdən zinhara gəlmişdi. Çiyələk ütülənmiş köynəyi ona gətirəndə isə Naringi qızın işini bəyənməyib çığır-bağır salırdı. Şkafın başına çıxıb qrafinyaları özünü oradan aşağı atmaqla təhdid eləyirdi.
– Əziz Naringi, sizə nə olub? – Kiçik qrafinya qorxa-qorxa soruşurdu.
– Görmürsünüz, mənim köynəyimi necə pis ütüləyiblər?! Belə qırış-qırış köynəkdə gəzməkdənsə, ölsəm, yaxşıdır!
Onda Kiçik qrafinya hersoqu sakitləşdirmək üçün mərhum ərinin yun köynəyini sandıqdan çıxarıb ona verirdi. Hersoq ehtiyatla şkafın başından aşağı düşüb köynəyi geyinib yoxlayırdı. Lakin çox keçmədən yenə onun zəhlətökən səsi eşidilirdi:
– Ölürəm!
Qrafinya qorxudan əli ilə ürəyini tutub yenə hersoqun otağına qaçırdı.
– Əziz Naringi, sənə nə olub axı?
– Mən ən qiymətli qol düymələrimi itirmişəm. Bu dərdə dözə bilməyəcəyəm! Yox, yaxşısı budur, özümü öldürüm!
Kiçik qrafinya hersoqun səsini kəsmək üçün ərinin qızıl, gümüş və qiymətli daşlardan hazırlanmış bütün qol düymələrini hersoqa hədiyyə edirdi.
Bir sözlə, gəldiyi gündən bəri hersoq Kiçik qrafinyanın qiymətli nəyi vardısa, bu yolla onun əlindən aldı. Nəticədə bir neçə çamadan hədiyyə toplayan Naringi razılıqla əllərini bir-birinə sürtdü.
Hər iki qohumun acgözlüyü qrafinyaları mütəəssir eləmişdi. Lakin baronla hersoqa heç nə deyə bilmir, bütün hirslərini atası-anası öləndən sonra onların himayəsində qalmış zavallı Albalıcığazdan çıxarırdılar.
– Acgöz! – Böyük qrafinya yemək vaxtı onun üstünə qışqırırdı. – Get dərslərini hazırla.
– Mən artıq dərslərimi oxumuşam.
– Get o birilərini də oxu! – bu dəfə Kiçik qrafinya səsini başına atırdı.
Zavallı Albalıcığazın onların əmrinə tabe olmaqdan başqa əlacı qalmırdı. Albalıcığaz hər gün o qədər dərs hazırlayırdı ki, ona bir neçə dəftər bəs eləmirdi. Çox yorulanda isə qəsrin ətrafındakı parka gedirdi ki, bir az hava alsın. Lakin qrafinyalar burada da onu rahat buraxmırdılar.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Примечания
1
Kamerger – bəzi monarxiya dövlətlərində saray xadimlərinə verilən fəxri ad
2
Təbəə – bir dövlətə СКАЧАТЬ