Название: Çippolinonun macəraları
Автор: Джанни Родари
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952244564
isbn:
Bir neçə saat yol gedəndən sonra balaca bir kəndə gəlib çatdı. Kəndin girəcəyində bir daxma vardı. Əslində, o, daxmadan çox taxta qutuya oxşayırdı. Daxmanın pəncərəsindən kürən saqqallı bir qoca dərdli-dərdli çölə baxırdı…
Çipollino kavaler[3] Pomidoru həyatında ilk dəfə ağlamağa məcbur eləyir
– Əmican! – Çipollino qocaya səsləndi. – Siz niyə o qutunun içinə girmisiniz? Bəs oradan necə çıxacaqsınız?
– Buradan çıxmağa nə var ki! – hamının Kudu lələ deyə çağırdığı qoca kişi dilləndi. – Çətin olan içəri girməkdir. Oğlum, səni məmnuniyyətlə evimə dəvət eləyərdim, ancaq ikimiz bir yerdə bura sığışmarıq.
– Eybi yoxdur, – Çipollino əlini yellədi. – Deməli, bu sizin evinizdir?
– Hə, – Kudu lələ dedi, – düzdür, darısqaldır, ancaq külək əsməsə, dözmək olur.
Kudu lələ evini yenicə tikib qurtarmışdı. Az qala uşaqlıqdan arzulayırdı ki, onun da öz evi, koması olsun. Bu evi tikmək üçün hər il bir kərpic alırdı. Ancaq, təəssüf ki, hesabdan başı çıxmırdı. Ona görə də pinəçi Üzümdən xahiş eləmişdi ki, onun kərpiclərini saysın.
– Baxaq görək, – pinəçi əlindəki bizlə boynunun ardını qaşıyıb demişdi. – Sənin düz on yeddi dənə kərpicin var!
– Səncə, on yeddi kərpic ev tikməyə bəs eləyər? – Kudu lələ səbirsizliklə soruşmuşdu.
– Məncə, yox.
– Bəs nə edim?
– Bu artıq sənin öz işindir. Kərpiclər ev tikməyə çatmırsa, oturacaq düzəlt.
– Oturacaq nəyimə lazımdır axı? Parklar oturacaqla doludur…
Üzüm bir söz demədən əlindəki bizlə əvvəl sağ, sonra sol qulağının ardını qaşıyıb öz pinəçi dükanına qayıtmışdı. Kudu lələ isə uzun-uzadı fikirləşəndən sonra bu qərara gəlmişdi ki, bundan belə az yeyib çox işləsin. Nəticədə o, ildə üç, hətta bəzən dörd kərpic ala bilmişdi. Ancaq gün keçdikcə o qədər arıqlamışdı ki, bir dəri, bir sümük qalmışdı.
Camaat deyirdi:
– Kudu lələyə bir baxın! Elə bil o kərpicləri qarnından çıxarır. Hər dəfə bir kərpic çoxaldıqca o da bir kiloqram arıqlayır.
Beləcə, illər keçib-getmişdi.
Günlərin bir günü Kudu lələ gördü ki, artıq işləməyə taqəti qalmayıb. O, çox qocalmışdı. Yenə pinəçi Üzümü yanına çağırıb demişdi:
– Zəhmət olmasa, kərpiclərimi bir də say.
Pinəçi bu dəfə də uzun-uzadı haqq-hesab aparandan sonra dillənmişdi:
– Kudu lələ, sənin cəmi yüz on səkkiz dənə kərpicin var!
– Ev tikməyə çatar?
– Məncə, yox.
– Bəs nə edim?
– Toyuq hini tik.
– Axı mənim toyuğum yoxdur.
– Sən də hində pişik saxlayarsan.
– Mənim heç pişiyim də yoxdur.
– Mən nə eləyə bilərəm axı?! – pinəçi özündən çıxmışdı. – Yüz dəfə hesablasam da, kərpiclərin sayı artmayacaq.
– Hə, yəqin, elədir. Axı sən hesabı yaxşı bilirsən.
Kudu lələ bir-iki dəfə dərindən ah çəkəndən sonra bu qərara gəlmişdi ki, özünə lap balaca bir koma tiksin.
– Saray boyda ev nəyimə lazımdır?! Axı mən özüm də çox böyük deyiləm.
Kudu lələ asta işləyirdi, kərpiclərin tez qurtaracağından qorxurdu. Onları bir-birinin üstünə elə ehtiyatla qoyurdu ki, deyərdin, kərpiclər şüşədən düzəldilib. Hər kərpici necə əziyyətlə aldığını unutmamışdı…
– Bax bunu, – əlindəki kərpici pişik kimi sığallayaraq deyirdi, – on il bundan qabaq, Milad bayramından bir gün sonra almışdım. Bayram süfrəsi üçün toyuğun pulundan qənaət eləmişdim. Əsas odur, evi tikib qurtarım, toyuq ətini sonra yesəm də olar.
Kudu lələ nə qədər asta işləsə də, tezliklə kərpiclər qurtarmışdı. Ev isə elə balaca alınmışdı ki, lap quş damına oxşayırdı.
– Kaş göyərçin olaydım, – zavallı Kudu lələ ah çəkib demişdi, – onda bu evdə rahatca yaşayardım…
Kudu lələ içəri girmək istəyəndə dizləri tavana elə möhkəm dəymişdi ki, az qalmışdı, ev başına uçsun.
– Necə də yöndəmsizəm! Bir az ehtiyatlı olmalıyam.
O, qapının ağzında dizləri üstə çöküb bu dəfə evə iməkləyərək girmişdi. Lakin indi də ayaqları çöldə qalmışdı. Kudu lələ birtəhər ayaqlarını qarnına çəkib oturmuşdu. O başa düşmüşdü ki, bu evdə yalnız oturaraq yaşaya bilər.
– Qonşu, təzə evində özünü necə hiss eləyirsən? – pinəçi Üzüm küçədən ona səslənmişdi.
– Pis deyil… – Kudu lələ mızıldanmışdı.
– Darısqaldır?
– Yox, yox. Bu evi öz ölçümə uyğun tikmişəm.
Pinəçi həmişəki kimi bizlə boynunun ardını qaşıyandan sonra çiyinlərini çəkmişdi.
Hamı Kudu lələnin təzə evinə baxmağa yığışmışdı. Elə bu vaxt dəcəl uşaqlardan biri evin damına çıxıb oxumağa başlamışdı:
Bizim Kudu lələnin
Mətbəxdədir sağ qolu.
Bəs sol qolu haradadır?
Baxın, çarpayıdadır!
Ayaqları СКАЧАТЬ
3