Seçilmiş Əsərləri. Чингиз Гасан оглы Гусейнов
Чтение книги онлайн.

Читать онлайн книгу Seçilmiş Əsərləri - Чингиз Гасан оглы Гусейнов страница 5

Название: Seçilmiş Əsərləri

Автор: Чингиз Гасан оглы Гусейнов

Издательство: ЖекаПринт

Жанр:

Серия:

isbn: 978-9952-8451-1-2

isbn:

СКАЧАТЬ qısılırdı, sanki bütün dünyadan gizlənib oğlanın qolları arasında rahatlıq tapmaq, yalnız onun ürək döyüntülərini eşitmək istəyirdi. Pıçıltılarını biri birindən seçmək mümkün deyildi. Pıçıltılar elə bil eyni dodaqdan qopurdu. Nədənsə, mənim uşaq qəlbimdə də xoş duyğular oyanırdı. Aclığı unudurdum. Mənim aləmimdə dünya Süleymanla Zərifənin idi. Yer kürəsi yalnız onlar üçün fırlanır, onlar üçün qaranlıq axşamı şəhərimizə gətirirdi. Dalan da elə bil məhz onların görüşməyi üçün yaranmışdı.

      Nə isə… Çox vaxt mən yuxuya gedirdim, Zərifənin nə vaxt qayıtdığını bilmirdim. Bəlkə mərtəbələrinə elə qalxırdı ki, nə pilləkən oyansın, nə də mən?

      Gündüzlər isə Zərifə Süleymanı görəndə tamam dəyişərdi. Elə bil dünən bütün axşamı Süleymanla dalanda pıçıldaşan o deyildi. Qızlarla məktəbdən qayıdanda oğlana rast gəlib üzünü yana çevirərdi. Qızlar hərdən dayanıb Süleymanla söhbət edərdilər, Zərifə isə özünü dartıb lovğa görkəm alardı, oğlana baxmadan onun yanından düz keçib gedərdi. Süleyman özünü itirib dinməzdi. Gözlərində qəzəb odu parıldayıb tez də sönərdi. Bəlkə qızın məqsədi camaatın fikrini yayındırmaq idi? Bəlkə də demək istəyirdi ki, Süleyman ona yaraşmır? Hansı Zərifəyə inanaydıq? Axşamkınamı, gündüzkünəmi?

      Qız qaça-qaça mərtəbələrinə qalxardı. Qaçanda pilləkən əsər, otağımızın pəncərəsi cingildəyərdi. Zərifəni addımlarından tanıyırdım. Anam bu addımlardan əsəbiləşər, pəncərədən qışqırardı: “Ay qız, ev uçdu!”

      Süleymanla görüşdən sonra anası qızını danlardı: “Nə görmüsən o uzundrazda? Avaranın birisidir!.. Sənin tayın deyil, rədd elə!”

      Avaralığını düz demirdi. Məhəlləmizdə hamı Süleymanı tanıyırdı, hamı bilirdi ki, Süleyman ağıllı oğlandır, küçədəki dələduzlara qoşulmur, dərsini oxuyur. O ki qaldı tay olub-olmadığına… Zərifə hara, Süleyman hara!

      Zərifə gündən-günə dəyişirdi, gözəlləşirdi. Dar, nimdaş paltarları atıb, boy-buxununa uyğun qəşəng, təzə, bahalı paltarlar geyirdi.

      Anası da elə bil cavanlaşmışdı. Anamla yaşıd idi, amma anam ondan qoca görünürdü. Nə etsin? Güzəranımız ağır idi. Düzdür, müharibə qurtarmaq üzrəydi, lakin vəziyyətimiz əvvəlki kimiydi.

      Vaxt gəldi, axşamlar daha Zərifə ilə Süleymanı dalanda görmədim. Müharibə illərinin qaranlığı çəkilmişdi, dalanda işıq yanırdı. Qız istəmirdi ki, onu Süleymanla görsünlər. Niyə?.. Oğlan hələ də kiteldə gəzirdi, elə bil gecələri də kiteldə yatırdı. Atasından bir xəbər çıxmadı. Sanki dünyada heç elə bir adam olmamışdı…”

      Sevda iri qazana su töküb toyuğu bişməyə qoydu.

      Bircə telefon zəngi gör nə qədər xatirə oyatdı!.. Bəlkə Zərifə elə belə görüşmək istəyir? İllər onu yaman dəyişib!.. Xatirələr, deyəsən, məndən əl çəkməyəcək…

      “Çörək talonları götürülən günü anam çoxlu çörək aldı, doyunca yedim… Zərifə orta məktəbi o il qurtardı. Süleymanı respublikamızın başqa gəncləri ilə Moskvaya oxumağa göndərdilər. Zərifə Bakıda qalıb xarici dillər institutuna daxil oldu..

      Daha mənimlə yaxınlıq eləmirdi: on iki-on üç yaşlı qızla nə işi? Tay-tuşları ilə oturub-dururdu. Tez-tez ikinci mərtəbədə gözəl-göyçək oğlanların, qızların gülüşləri, zarafatları eşidilirdi. Piano çalırdılar, patefon valları fırladırdılar. Vals, fokstrot, tanqo, “Günəşli dərənin serenadaları…” Balkonlarında gur işıq yanırdı. Həyətə də işıq düşürdü, pilləkənə də, bizim otağımıza da.

      Zərifə dəyişmişdi, tanınmaz olmuşdu. Xəz palto, rəngarəng yun jaketlər, bahalı paltarlar, dikdaban ayaqqabılar… Qəşəng, xoşagələn yerişi var idi. Asta düşüb, asta qalxmağına baxmayaraq, pilləkən yenə də tir-tir əsərdi. Bəlkə əsməyə adət etmişdi?

      Zərgər, pullar dəyişilən zaman rəhmətə getdi. Dedilər çox həyəcan keçirib, ürəyi tab gətirməyib.

      Zərgərin sağlığında onun qohumlarından biri Zərifəni istəmişdi. Atalığı öləndən sonra qız razılıq verdi. Əri enlikürək bir kişi idi. Çəkmələri üç mənim çəkməm boyda olardı. O, aşağı düşəndə qorxurdum pilləkən uça, pəncərəmiz sına. Qonşular deyirdilər pullu kişidir. İş yerini heç kim bilmirdi. Zərifə elə tez və sözsüz razılıq vermişdi ki, hətta anası təəccüb qalmışdı.

      Zərifə köçüb getdi. İkinci mərtəbəyə gediş-gəliş azaldı. Pilləkənimiz dincəldi.

      Lakin bu sakitlik uzun sürmədi. Üç ildən sonra Zərifə ərindən ayrıldı. Bütün günü yuxarı mərtəbəyə şey daşıdılar. Nə məhəbbət apardı, nə də nifrət gətirdi! Axşamlar yenə yuxarı mərtəbədəki gur işıq həyəti bürüdü, musiqi dalğaları evlərə doldu. Zərifənin addımlarını unutmuş pillələr tir-tir əsməyə başladı…”

      Gündüz arabacıqdan çıxıb şappıltı ilə yerə sərildi, şivən qopardı. Sevda tez otağa qaçıb, gözü yaşlı oğlunu sakitləşdirdi.

      – Hanı balamın atası? Hanı bacısı? Ata, gəl, gəl! Aygün, gəl!

      Uşaq qucağında, mətbəxə qayıtdı, qazı azaltdı, suyun köpüyünü yığdı. Ağ, girdə divar saatına baxdı – dördə işləyirdi. Dörddə əri işdən çıxacaq, beşin yarısında Aygünün bağçasında olacaq, beşdə evə gələcəklər. Lakin xörək hələ hazır deyil. Günah kimdədir? Heç kimdə, xatirələrdə!..

      Liftin qapısı açılıb-örtüldü. Sevda hərəkətsiz dayanıb qulaq asdı. Qapının zəngindən diksindi: “Zərifə!”

      Zərifə içəri keçib, Sevdanı öpdü, yun koftası rəngində olan qızılgül dəstəsini qapı ağzından stulun üstünə qoydu, Gündüzü qucağına alıb tez sumkasından şokolad çıxartdı. Sevda şokoladı Zərifədən aldı:

      – Hələ balacadır, yeyə bilməz, – dedi və uzaq keçmişi xatırladı: Sevdanın səkkiz yaşı olardı. Zərifə bir gün onu çağırdı, anasından gizlin, kamoddan iri qalın amerikan şokoladı çıxardıb yarısını Sevdaya verdi, yarısını özü yedi. Axşam anası evə qayıdıb qızını o ki var söydü, əlinə keçdiyi xəkəndazla Zərifəni vurmaq istəyəndə qız cəld həyətə cumdu. Davanın nə ilə qurtardığı Sevdanın yadında deyil…

      – Nə əcəb səndən, Zərifə? Sən ki, şəhərdən köçmüşdün?

      – Bir ay var gəlmişəm. Anam təcili teleqram vurdu. Xəstədir, Sevda. Sağalmaz dərddir… İki uşağın olduğunu bilmirdim. Nə yaxşı adı var – Gündüz! Bəs qızın hanı?

      – Bağçadadır, indi gələrlər.

      – Xoşbəxtsən, СКАЧАТЬ