Название: İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə
Автор: Eşli Vans
Издательство: Altun Kitab
isbn: 9789952243376
isbn:
Maskın yaxın dostları yoxdu. Onun ekssentrik, fərqli maraq dairəsi diqqət çəkirdi. Siniflərindəki Ted Vud İlonun məktəbə raket modelləri gətirib tənəffüsdə onları uçurtduğunu unutmayıb. Bu onun maraqlandığı yeganə sahə deyildi. Dərsdə aparılan müzakirələr zamanı İlon günəş enerjisinin faydalı qazıntılardan daha üstün olduğunu söyləmişdi. Bu, təbii ehtiyatları çıxarmaqla dolanan bir ölkədə ağıla gəlməyəcək bir fikir idi. Ted Maskın hər şey haqda şəxsi fikrə sahib olduğunu söyləyir. Onunla indi də münasibətlərini qorumuş sinif yoldaşı Terensi Beni İlonun məktəbdə başqa planetlərdə koloniyalar yaratmaq fantaziyaları olduğunu xatırlayır.
Gələcəyə başqa bir eyham. İlon və Kimbal tənəffüsdə həyəcanla mübahisə edirlərmiş. Vud söhbətin nədən getdiyini soruşanda ona belə cavab verirlər: “Maliyyə sektoruna bank filiallarının ehtiyacı varmı və kağızsız bank əməliyyatlarına nə zaman keçiləcək kimi məsələlər ətrafında danışırıq’’. Vud “Ooo, nə gözəl’’ desə də, içində bunların tam bir cəfəngiyyat olduğunu düşünmüşdü.
Mask sinfinin elitasında olmasa da, yaxşı qiymətlərlə oxuyurdu və onu kompüter dərsi verilən eksperimental proqrama daxil etmişdilər. Başqa məktəblərdən seçilmiş uşaqlar da vardı bu proqramda. Sinifdə BASIC, COBOL və PASCAL proqramlaşdırma dilləri öyrədilirdi. Maskın texnologiyaya meyli onun elmi fantastika və fenteziyə olan sevgisi ilə tamamlanırdı. O, əjdahalar və qeyri-adi təbiət varlıqları haqda hekayələr, hətta “Üzüklərin hökmdarı’’na bənzər bir şey də yazmaq istəyirdi.
Mey oğlunun məktəb illərinə bir ananın gözü ilə baxır və İlonun möhtəşəm tədris uğurları haqda çox sayda hekayə danışır. Yazdığı kompüter oyununun təcrübəli mütəxəssislərin diqqətini çəkdiyindən, riyaziyyat imtahanını necə uğurla verməsindən söz açır, inanılmaz bir hafizəsi olduğunu söyləyir, sinif yoldaşlarını keçməməsinin səbəbinı məktəbdə öyrədilənlərə marağının olmaması ilə izah edir.
Mask belə deyir: “Mən bu şəkildə düşünürdüm: hansı qiymətləri almalıyam ki, istədiyim yerə qəbul olum. Afrikaans (afrikaans və ya bur dili Cənubi Afrikanın 11 rəsmi dilindən biridir, alman dilinin fərqli ləhcəsidir – İ.N.) kimi məcburi dərs vardı, məsələn. Bu dillə məşğul olmaq mənə gülməli gəlirdi. Qəbul olmaq üçün keçid balı toplayır, fizika və kompüter predmetlərindən mümkün olan ən yüksək bal yığırdım. Yaxşı oxumaq üçün bunu istəmək lazımdır. Yüksək ballar toplamaq yerinə mən kompüter oyunlarını, proqram yazmağı və kitab oxumağı sevirdim. Yadımdadır, dörddə-beşdə oxuyanda bəzi dərslərdən keçə bilmirdim, anamın dostu mənə dedi ki, sinifdə qalacam. Mən, həqiqətən də, bilmirdim ki, sonrakı sinfə keçmək üçün yaxşı qiymətlər almaq lazımdır. Məcbur olub o dərslərdən yüksək ballar topladım’’.
17 yaşında Mask Cənubi Afrikadan Kanadaya köçdü. O bu səyahət haqda mətbuata tez-tez danışır və adətən, bu qaçışın motivasiyasının iki variantını verir. Birinci versiya belədi ki, o ən qısa müddətdə Amerikaya yerləşmək istəyirdi, bunun üçün isə kanadalı köklərindən istifadə edib müvəqqəti dayanacaq kimi Kanadanı seçdi. İkinci “növbətçi’’ versiya isə dünyagörüşü ilə bağlı məsələdir. Cənubi Afrika Respublikasında əsgərlik məcburi idi. Mask isə aparteid rejiminə xidmət etməmək üçün hərbi mükəlləfiyyətdən qurtulmaq istəyirdi.
Mask özünün ən böyük avantürasına başlamazdan əvvəl Pretoriya universitetində beş ay boyunca təhsil almışdı. Ancaq bu fakt çox az yerdə qeyd olunub. O, fizika və maşınqayırma oxuyurdu, amma xüsusi bir həvəs göstərmədi, qısa müddət sonra da universiteti buraxdı. Mask universitetdə Kanada sənədlərini gözləmək üçün oxuduğunu söyləyir. Daha məntiqlı səbəb isə universitetdə veyillənməklə əsgərlikdən yayınması idi. Ehtimal ki, bu xüsus cəsur və romantik obrazı ilə uzlaşmadığı üçün Pretoriya universitetini atmaq faktı heç vaxt dilə gətirilmir.
Mask Amerikaya getməyi uzun zaman həsrətlə gözlədi. Kompüter və texnikaya olan marağı onu dayanmadan Silikon Vadisinə səsləyirdi. Amerikanı ən iddialı layihələrin həyata keçdiyi yer olaraq görürdü. Cənubi Afrikada isə hər şey tam tərsinəydi. Kimbalın ifadə etdiyi kimi, Cənubi Afrika İlon kimilər üçün türmədir.
Köçüb getmək üçün imkan Kanada qanunvericiliyindəki bir dəyişikliklə yarandı. Buna görə Mey Kanada vətəndaşlığını uşaqlarına da keçirə biləcəkdi. Mask vaxt itirmədən hansı sənədlərin toplanmasını araşdırmağa başladı. Kanada hökumətinin icazəsini və yeni pasportu gözləmək bir il vaxt aldı. Mey İlonun “Mən Kanadaya gedirəm’’ deyərək təyyarə biletinin alınmasını səbirsizliklə üç həftə gözlədiyini xatırlayır. Bileti alan kimi tükü belə qımıldamadan evlərini tərk etdi.
3. Kanada
Maskın Kanadaya gedişi çox da yaxşı planlanmamışdı. Təyyarəyə mindi və bəxtinin gətirəcəyinə güvəndi. Kanadaya ayaq basanda 1988-ci ilin iyun ayı idi. Anasının əmisi Monrealda yaşayırdı, çatan kimi küçə telefonundan qohumunu tapmağa çalışdı. Bir şey çıxmayanda anasına zəng etdi. Onun söylədikləri ürəkaçan deyildi. Heç demə, Mey Monreala məktub yazmış, aldığı cavabdan qohumlarının Kanadadan Amerikaya – Minnesotaya köçdüyü məlum olmuşdu. Bu isə Maskın qalmağa yerinin olmadığı anlamına gəlirdi. Əlindəki çantalarla yaxındakı hostelə getdi.
Şəhəri tanımaq üçün bir neçə gün Monrealda qalan Mask gələcək üçün plan qurmağa çalışdı. Meyin Kanadada başqa qohumları da vardı və Mask onları axtarmağa qərar verdi. Yüz dollara ölkənin hər yerində keçən limitsiz avtobus bileti aldı. Bir zamanlar ana babasının yaşadığı Saskaçevana getməyə qərar verdi. 1900 mil (3000 km-dən çox) yol qət edib 15 min əhalisi olan Suift Karrent şəhərinə gəldi. Terminaldan dayısı nəvəsinə zəng edib avtostopla onun evinə getdi.
Mask 1988-ci ili harada gəldi, təsadüfi və müvəqqəti işlərdə çalışaraq keçirtdi. Qohumunun Valdek qəsəbəsindəki fermer təsərrüfatında tərəvəz yetişdirdi, toxum kürəklədi. On səkkiz yaşını oradakı uzaq qohumları və onların qonşuları ilə qeyd etdi. Sonra Vankuverdə taxta-şalban kəsməyi öyrəndi. İşaxtarma bürosuna müraciət etdikdə ona çox ağır bir iş təklif etdilər. Mask maaşı yüksək bir yer axtarırdı və ona saatı 18 dollara qazanxana təmizliyi təklif etdilər. O çətin günləri Mask belə xatırlayır: “Qoruyucu komplekt geyinib sürünərək güc-bəlayla sığdığım dar tunelin içinə girir, oradakı qum, zibil və istidən tüstülənən kömürü girdiyim dəlikdən kürəklə qırağa atırdım. Başqa biri isə atılanları əl arabasına doldururdu. Orada yarım saatdan artıq qalsan, isti səni vurub öldürə bilərdi’’. Həftənin əvvəlində işə 30 nəfər götürmüşdülər. Üç gün sonra beş nəfər qaldı. Həftənin axırına qədər ancaq Mask və 2 kişi dözə bildi.
СКАЧАТЬ