Mio, mənim Miom. Астрид Линдгрен
Чтение книги онлайн.

Читать онлайн книгу Mio, mənim Miom - Астрид Линдгрен страница 2

Название: Mio, mənim Miom

Автор: Астрид Линдгрен

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952242843 

isbn:

СКАЧАТЬ yatıb dincəlsin. Şüşədən başqa heç yerdə yaxşı yatmaq olmaz, bunu cinlərin hamısı bilir. Amma o yatdığı müddətdə kimsə şüşə qabın ağzını tıxamışdı. Mən onu azad etməsəydim, bəlkə, hələ min illər boyu orada qalıb tıxac çürüyənədək əldən düşəcəkdi.

      – Bu mənim hökmdarımın xoşuna gəlməzdi, – cin burnunun altında mızıldandı.

      Bu vaxt cəsarətimi toplayıb soruşdum:

      – Haradan gəlmisən, ey cin?

      Bir anlıq sükut çökdü. Sonra cin cavab verdi: – Uzaq-uzaq ölkədən.

      Elə ucadan dedi ki, qulaqlarım cingildədi, amma səsi məni naməlum ölkədən ötrü darıxdırdı. Qışqırdım:

      – Məni özünlə apar! Ey cin, məni Uzaq-uzaq ölkəyə apar. Orada məni gözləyirlər.

      Cin başını buladı. Bu zaman mən qızıl almamı ona uzatdım, cin qışqırdı:

      – Sənin əlində sehrli işarə var. Sən bizim kralın çoxdan axtardığı adamsan.

      O əyilib məni qucdu. Dövrəmizdə nəsə uğuldadı və biz yuxarı qalxdıq. Teqner parkı, qaranlıq ağaclıq, bir də pəncərələrindən işıq gələn, uşaqlar ata-anaları ilə birlikdə şam yeməyi yedikləri evlər çox-çox aşağılarda qaldı. Mən – Bo Vilhelm Ulson isə artıq lap yuxarılarda, ulduzlu ölkələrdəydim.

      Haradasa aşağıda, ayağımızın altında buludlar üzür, bizsə ildırımdan daha sürətlə, şimşək səsindən daha aydın bir gurultuyla uçurduq. Hərdən qaranlığa girirdik, hərdən də gün işığı gözlərimizi elə qamaşdırırdı ki, gözümüzü açıb baxa bilmirdik.

      – Gecə-gündüz yolda, – deyə pıçıldadım. – Açıqcada beləcə də yazılmışdı.

      Bu an cin əlini uzadıb uzaqlardakı yaşıl çəmənlikləri göstərdi. Bu çəmənliklər şəffaf mavi suların əhatəsində parlaq gün işığında çimirdi.

      – Bax, Uzaq-uzaq ölkə odur, – cin dedi. Biz enməyə başladıq və adaya düşdük. Bəli, bu, dənizdə üzən bir ada idi. Havası başdan-başa qızılgül və inciçiçəyi ətriylə dolmuşdu. Dünyada tayı-bərabəri olmayan ecazkar bir musiqi eşidilirdi.

      Dənizin sahilində ağ daşdan tikilmiş möhtəşəm bir qəsr ucalırdı, biz orada yerə endik. Sahilboyu kimsə bizə tərəf qaçırdı. Bu, kralın özü idi. Ona bir dəfə baxan kimi başa düşdüm ki, bu kral mənim atamdır. Buna zərrə qədər də şübhə etmirdim. Atam əllərini geniş açdı və mən onun ağuşuna atıldım…

      Bircə Edlya xala atamı görsəydi! O çox yaraşıqlıdır, qızıldan toxunmuş, qiymətli daşlarla bəzədilmiş paltarı par-par yanır! O, Benkanın atasına bənzəyirdi, amma ondan da qəşəng idi. Heyif ki, Edlya xala atamı görmür. O saat başa düşərdi ki, atam yoldan keçənin biri deyil.

      Amma Edlya xalanın sözündə həqiqət də vardı. Mən anadan olanda anam ölmüşdü. Mənim yerimi atam krala xəbər vermək axmaq yetimxana işçilərinin ağlına haradan gələydi? O məni düz doqquz ildi ki, axtarırmış. Axır ki, tapıldığım üçün sevincimin həddi-hüdudu yox idi.

      Mən artıq çoxdandır ki, Uzaq-uzaq ölkədə yaşayıram. Günlərim şən keçir. Hər axşam atam otağıma gəlir, birlikdə planer düzəldir, söhbətləşirik. Mən böyüyüb boy atıram, üzüm gülür. Kral atam mənim nə qədər uzandığımı bilmək üçün hər ay mətbəxin qapısında işarə qoyur.

      – Nə yaman uzanmısan, Mio, mənim Miom, – biz hər təzə işarə qoyanda deyir. – Mio, mənim Miom, düz doqquz il səni axtarmışam, – səsi elə şirin və mehribandır ki!

      Demə, mənim adım Busse-zad deyilmiş. Gör ha! Busse mənim əsl adım deyilmiş, Uplandsqatan küçəsindəki həyatım kimi. İndi hər şey öz yerini tapıb, mən atamı sevirəm, o da məni çox istəyir.

      Benka hər şeyi bilsəydi, nə yaxşı olardı! Gərək bir məktub yazıb şüşənin içinə qoyum, sonra da onu Uzaq-uzaq ölkənin sahillərini yuyan göy dənizə atım. Günlərin birində Benka ata-anasıyla Vaksholmdakı bağ evinə gedəcək, dənizdə çiməndə üzən şüşə görəcək. Nə maraqlı olar, başıma gələn bütün möcüzələrdən xəbər tutsa. Polisin növbətçi şöbəsinə zəng vurub məlumat verə bilər ki, adı əslində Mio olan Bo Vilhelm Ulson Uzaq-uzaq ölkədə təhlükəsiz yerdədir, atasının qəsrində ömrü xoş keçir.

      QIZILGÜLLƏR İÇİNDƏ

      Düzdür, Benkaya necə yazacağımı bilmirəm. Mənim başıma gələn macəralar dünyada heç kimin başına gəlməyib. Bunları ifadə edən bir söz axtardım, amma tapa bilmədim. Bəlkə, belə yazım: başıma ən qeyri-adi hadisələr gəlib. Amma Benka onsuz da Uzaq-uzaq ölkədə necə yaşadığımı bilməyəcək. Əgər ona atam, kralın qızılgül bağı, yeni dostum Yum-Yum, qəşəng atım Miramis və Ən Uzaq ölkədən olan zalım cəngavər Kato haqqında danışmaq fikrinə düşsəydim, ən azı on şüşə qab göndərməli olardım. Yox, başıma gələnlərin hamısını danışmaq qeyri-mümkündür.

      Elə birinci gün atam məni bağa apardı. Axşam düşürdü, külək əsir, ağacların yarpağını tərpədirdi. Bağa çatanda ecazkar musiqi eşitdik. Elə bil minlərlə büllur zınqırov birdən cingildəyirdi. Musiqi adamın ürəyini titrədirdi.

      – Eşidirsən, mənim ağcaqovaqlarım necə oxuyur? – atam soruşdu və əlimdən tutdu. Edlya xalayla Siksten dayı mənim əlimdən tutmazdılar, qabaqlar, ümumiyyətlə, heç kəs mənimlə belə gəzməmişdi. Buna görə də, daha uşaq olmasam da, atam əlimdən tutub aparanda xoşum gəlir.

      Bağı hündür daş divar əhatə edirdi. Atam doqqazı açdı, içəri keçdik.

      Haçansa lap çoxdan mənə Benkayla Vaksholmdakı bağ evinə getməyə icazə vermişdilər. Biz qaya çıxıntısında oturub balıq tuturduq. Günəş batırdı. Səma başdan-başa al-qırmızı rəngə boyanmışdı, su durğun vəziyyətdə idi. İtburnu çiçəkləmişdi, parlaq rəngləri vəhşi qayaların arasından bilinirdi. Çox-çox uzaqlarda, körfəzin o biri başında qu quşu var səsiylə oxuyurdu. Əlbəttə, qu quşunu görmürdüm, ancaq onun mahnısından bütün təbiət gözəlləşirdi. Benkaya heç nə demədim, qorxdum ki, məni ələ salar, hərçənd əmin idim: bundan gözəl dünyada heç nə yoxdur.

      Amma onda hələ atamın bağını görməmişdim. O bağın qızılgüllərini, əfsanəvi, möcüzəli bütöv bir qızılgül dənizini, küləyin yırğaladığı ağ inciçiçəklərini görməmişdim. Gümüşü yarpaqlı qovaqlarını görməmişdim. Qovaqların zirvələri düz göyə çatırdı, odur ki axşam düşən kimi ulduzlar onların başında yanırdı. Mən bağda süzən ağ quşları görməmişdim, onların mahnılarına, ağcaqovaqların musiqisinə oxşar heç nə eşitməmişdim. СКАЧАТЬ